Rusiya AŞPA-da səsvermə hüququndan məhrum edilib
13:30 11-04-2014
İQTİSADİYYAT
Rusiya AŞPA-da səsvermə hüququndan məhrum edilib
Rusiya millət vəkilləri AŞPA-nın Bürosunda, Sədrlər Komitəsində, Daimi Komitəsində iştirak edə və assambleyanın
seçkiləri müşahidə missiyalarında təmsil oluna bilməyəcəklər
Avropa Şurası Parlament Assambleyasında Rusiya Federasiyasının qurumdakı nümayəndə heyətinə qarşı sanksiyaların tətbiq olunması ilə bağlı hesabatın müzakirəsi yekunlaşıb. Keçirilən səsvermə nəticəsində Rusiya 2014-cü ilin sonuna qədər AŞPA-da səs hüququndan məhrum edilib.
Müzakirələrin yekununda hesabatın müəllifi Stefan Şennax özü şəxsən Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiq edilməsinə qarşı çıxıb. Məruzəçi parlamentarları hesabatda qeyd olunmuş şəkildə, yalnız nümayəndə heyətinin səsvermə hüquqlarının alınmasına səs verməyə çağırıb. Bundan başqa, avstriyalı millət vəkili Rusiya ilə münasibətləri aydınlaşdırmaq məqsədilə bu ölkə ilə Azərbaycan, Moldova, Gürcüstan, Ukrayna kimi qonşu ölkələrə AŞPA daxilində xüsusi qrup yaradılmasını təklif edib. Onun fikrincə, assambleyanın alt komitəsi formatında fəaliyyət göstərəcək bu komitə həmin ölkələrlə Rusiya arasında münasibətləri nəzərdən keçirə bilər.
Daha sonra hesabata əlavə və dəyişiklik təklifləri üzrə müzakirə və səsvermə keçirilib. Ukraynalı və Rusiyaya qarşı tənqidi mövqe sərgiləyən deputatların təklif etdikləri dəyişikliklər keçsə də, Gürcüstan millət vəkillərinin təklifləri qəbul olunmayıb. Rusiyanın AŞPA-dakı səlahiyyətlərinin tam şəkildə ləğvinə dair əsas əlavə və dəyişikliklərdən hesab olunan 3, 6, 11, 12, 14 saylı əlavə və dəyişikliklər qəbul edilməyib. Bununla belə, hesabatın 7 saylı dəyişikliyi və dəyişikliyə əlavə qəbul olunub. Bu dəyişikliklərə əsasən Rusiya nümayəndə heyətinin səsvermə hüquqları 2014-cü ilin sonuna qədər dondurulur. Bundan başqa, Rusiya millət vəkilləri AŞPA-nın Bürosunda, Sədrlər Komitəsində, Daimi Komitəsində iştirak edə və assambleyanın seçkiləri müşahidə missiyalarında təmsil oluna bilməyəcəklər.
Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri çıxışlarında Rusiyanın işğalçı siyasətindən danışarkən Ukrayna, Gürcüstan və Moldova ilə yanaşı, Azərbaycanın da təcavüz və işğala məruz qaldığını vurğulayıblar. APA-nın Avropa müxbiri xəbər verir ki, ukraynalı deputat Vladimir Pilipenko Rusiyanın Krımı işğal etməsindən bəhs edərkən bunları deyib: "Əvvəl Azərbaycan idi, sonra Gürcüstan, indi isə Rusiya Ukraynanın ərazilərinin işğalına başlayıb. Biz Rusiyanı dayandırmasaq, görəsən növbəti ölkə hansı olacaq?.."
Müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə Avropa Şurasını ikili standartların tətbiqində və məntiqsizlikdə ittiham edib: "Mən burada həmişə demişəm və indi yenidən ikili standartlardan yanaşmanı görürəm. Azərbaycanın 20 faiz ərazisi 20 ildir Ermənistan tərəfindən işğal altındadır və biz Avropa Şurasına üzv olduğumuzdan bu yana hər dəfə bu məsələni qaldırmışıq, işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə səsləmişik. Ancaq bizim sözümüzə fikir verən olmadı. İndi Rusiyaya qarşı sanksiya tətbiq etmək istəyirik, bəs necə olur ki Avropa Şurasında bir üzv ölkə digər üzv ölkənin ərazilərini 20 ildir ki, işğal edir, amma təşkilat bu illər ərzində heç sanksiya haqda eşitmək belə istəmir. Əgər biz Avropada, təşkilatımızda dəyərləri qoruyub saxlamaq istəyiriksə, daha əvvəllərə, Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi vaxtlara getməliyik və əvvəl bu işğalçı siyasətə qarşı sanksiyalar tətbiq etməliyik".
Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri isə Rusiyanı dəstəkləyərək assambleyada bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsinə qarşı çıxıb.
Sonda qətnamə layihəsi bütünlüklə səsə qoyularaq səs çoxluğu ilə (145 lehinə, 21 əleyhinə) qəbul olunub.Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Rusiyaya qarşı sanksiyalarından dərhal sonra Rusiyanın qurumdakı nümayəndə heyətinin üzvləri mətbuat konfransı keçiriblər.
Nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov bu qərardan sonra assambleyada qalmağın mənasız olduğunu bildirərək sessiyanı tərk edəcəklərini söyləyib.
Bu il keçiriləcək növbəti iki sessiyada iştirak edib-etməyəcəklərinə toxunan A. Puşkov bu haqda qərarı 2-3 həftə sonra Moskvada verəcəklərini bildirib: "Bizə qarşı belə qərəzli münasibət davam edəcəksə, o zaman biz həmişəlik AŞPA-dan çıxmaq haqqında da qərar verə bilərik. Aydın olan odur ki, burda bizi görmək istəmirlər".
Mətbuat konfransında bəzi jurnalistlərlə rusiyalı deputatlar arasında qalmaqal yaşanıb. Avropalı jurnalistlər rus dilində aparılan brifinqin ingilis və fransız dillərinə tərcümə olunmamasından şikayətləniblər. A. Puşkov isə buna cavab olaraq "biz rus dilində danışacağıq, kim başa düşmürsə, zalı tərk edə bilər", - deyib. Bu sözlərdən sonra avropalı jurnalistlər mətbuat konfransını tərk ediblər.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03