Milli Elmlər Akademiyasında "direktor davası"
13:53 11-04-2014
SİYASƏT
Milli Elmlər Akademiyasında "direktor davası"
İqtisadiyyat İnstitutuna yeni rəhbər təyinatı ətrafında müəmmalar
Bir neçə gün əvvəl mətbuatda belə məlumat yayıldı ki, sabiq deputat Nazim İmanov Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) direktor vəzifəsinə təyinat alıb. Belə ki, vaxtı ilə Azərbaycan siyasətinin "qaymaqları"ndan sayılan iqtisadçı alim İmanov AMEA-nın İqtisadiyyat İnstitutunun yeni direktoru olub. Keçirilən seçkidə Nazim İmanov daha çox səs toplayaraq, direktor kürsüsünə layiq görülüb.
Məlumatlarda bildirilirdi ki, Nazim İmanov bu vəzifədə İsa Alıyevi əvəzləyib. Həmin vaxt məsələ ilə bağlı AMEA və sözügedən institutdan münasibət öyrənmək mümkün olmamışdı. İnstitutun aparıcı şəxslərindən olan sabiq direktor Şahbaz Muradov isə demişdi ki, Nazim İmanovun yeni direktor təyinatından tam məlumatlı deyil: "Lakin mən də eşitmişəm ki, o, yeni direktorumuz olacaq. Nazim müəllim bu posta layiqli bir alimdir
Srağagün isə sözügedən institutun həm ictimaiyyətlə əlaqələr şöbəsi, həm də Akademiyanın Rəyasət Heyətinin mətbuat xidməti iddianı təkzib ediblər. İqtisadiyyat İnstitutundan məsələyə qısaca olaraq bu cür münasibət bildirilib: "Hələ ki, institutda heç bir dəyişiklik yoxdur. Əgər olarsa, media dərhal məlumatlandırılacaq".
AMEA Rəyasət Heyətinin məsul şəxsi Səid Hüseynov da oxşar açıqlama verib: "Akademiyada təyinatla bağlı dəyişikliklər Rəyasət Heyətinin iclasının qərarı ilə olur. Rəyasət Heyəti isə heç bir toplantı keçirməyib".
İqtisadiyyat İnstitutuna direktor təyin olunduğu iddia edilən Nazim İmanov suallara cavab verməkdən yayınıb. İqtisadiyyat İnstitutunda direktor vəzifəsindən çıxarıldığı iddia edilən professor İsa Alıyevlə də əlaqə saxlanılıb.
İsa Alıyev direktor vəzifəsində qaldığını vurğulayaraq, Nazim İmanovun təyinatını təkzib edib. "Bu yalan xəbərdir. İnstitutda heç bir direktor dəyişikliyi olmayıb. Hazırda akademiyada direktor seçkiləri dayandırılıb. Seçkilər bir də nə zaman olacaq, onu bilmirəm. Mən də hazırda institutun rəhbəri kimi iş başındayam".
Maraqlı burasıdır ki, iki gün əvvəl Milli Elmlər Akademiyasının bir çox institutlarına direktor təyinatı gerçəkləşib. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası institutları və elmi müəssisələrinin 18 direktoru vəzifəsinə təsdiq edilib. AMEA-nın Rəyasət Heyəti akademiyanın bir sıra elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisələrində direktor seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul etmişdi. Bununla bağlı AMEA-nın bölmələri üzrə ümumi yığıncaqlarda direktor vəzifələrinə seçkilər keçirilib. AMEA Rəyasət Heyətinin bugünkü iclasında seçkilərin nəticələri nəzərə alınaraq AMEA institutları və elmi müəssisələrinin 18 direktoru vəzifəsinə təsdiq olunub.
Amma ilginc məqam direktor təyinatlarının gerçəkləşdiyi AMEA institutları arasında İqtisadiyyat İnstitutunun adının olmamasıdır. Akademiyaya yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, əslində həmin institutun da yeni direktorunun adı böyük ölçüdə müəyyənləşibmiş və bu şəxs Nazim İmanov imiş.
Bununla belə, İqtisadiyyat İnstitutunun direktoru postuna fərqli iddiaların olması və onların əksəriyyətinin hökumət içindəki müxtəlif nüfuzlu himayəçilərinin varlığı situasiyanı qəlizləşdirib. Son nəticədə isə adıçəkilən intstitutun rəhbərliyindəki dəyişikliyin gerçəkləşdirilməsi təxirə salınıb.
"Unikal" olaraq, ötən saylarımızın birində qeyd etmişdik ki, sabiq maliyyə naziri Əvəz Ələkbərov da AMEA-nın sözügedən institutuna direktor olmaq arzusunda olanlar sırasındadır. Qeyd edək ki, hələ iki il əvvəl maliyyə naziri postundan göndərildikdən sonra elmi işlə məşğul olduğunu nəzərə alaraq bəzi media orqanlarında onun hələ də ştatda qaldığı Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinə təyinat almaq istədiyi barədə iddialar səsləndirilirdi. Bu ilin fevralında isə sabiq nazir saytlardan birinə müsahibəsində özünə yenidən vəzifə təklif olunacağına qəti şəkildə inanmadığına işarə vurmuşdu, halbuki ötən ilin yayında prezident seçkiləri ərəfəsində Ələkbərov saytlardan birinə kiçik açıqlamasında vəzifə gözləntisində olduğunu açıq ifadə etmiş, hətta onun buna xeyli ümidli olduğu da hiss olunmuşdu. Əslində Ələkbərovun vəzifə istəyi həqiqətən də var və söhbət məhz AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru olmaq üçün səylərindən gedir.Nazim İmanovun adıçəkilən instituta direktor təyin edilməsinə dair xəbərlər yayıldıqdan sonra Ələkbərovun arzusunun reallaşmadığı qənaəti ortaya çıxsa da, İqtisadiyyat İnstitutuna yeni direktor təyinatının müəmma olaraq qalması keçmiş maliyyə nazirinin də şanslarını hələlik qoruyub saxladığı ehtimalını ortaya çıxarır.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40