Azərbaycanda vahid məktəbli formalarında dövlətçilik nişanələri niyə yoxdur?
13:59 11-04-2014
İQTİSADİYYAT
Azərbaycanda vahid məktəbli formalarında dövlətçilik nişanələri niyə yoxdur?
Təhsil Nazirliyi bununla bağlı irəli sürülən təşəbbüsə reaksiya vermir
Artıq neçə ildir ki, Azərbaycanda orta məktəblərdə şagirdlərin vahid məktəbli forması tətbiq olunur. Bu təcrübə digər ölkələr kimi Azərbaycanda da çox yaxşı nəticələr verib.
Həmin formaların üstündə “Bakı Tikiş Evi”nin emblemi həkk olunur. Lakin digər ölkələrin praktikasına nəzar saldıqda görərik ki, məktəbli formalarının üstündə ölkələrini təmsil edən hansısa nişanə vurulur. Məsələn qonşu Türkiyədə məktəbli formalarının üstünə “Türkiyə Cümhuriyyəti məktəbi” kimi ifadə yazılır. Bu yazı şagirdin özünü vətəndaş və şəxsiyyət kimi hiss etməsinə böyük təsir edir.
Murad Kahan adlı Türkiyə vətəndaşı deyir ki, bu səbəbdən şagirdlər özlərini lazımlı vətəndaş kimi hiss edir. “Bizə orta məktəbdən öyrədirlər ki, biz vətəndaşıq. Bunu hiss etmək üçün məktəblərdə təbliğat aparılır. Təbliğatın əsas hissələrindən biri də, məktəbli formalarımızda Türkiyə vətəndaşı olmağımızı xatırladan sözdür. Məsələn, hansısa şagird küçədə nalayiq hərəkət edən zaman yaşlı biri ona yaxınlaşır və qolundan tutaraq, “Sən Türkiyə Cümhuriyyətinin vətəndaşısan, dövlətinin adını batırma”, - deyir və formanın üstündəki yazını öna göstərir. Bu tərbiyyə heç zaman bizim beynimizdən çıxmır”, - deyə Murad Kahan bildirib.
Bu yaxınlarda bu təcrübədən Rusiya da yararlanmağa başlayıb. Orada da Rusiya Federasiyasının vətəndaşı olduğunu xatırladan atribut məktəblinin formasında həkk olunub. Bununla da, şagird özünü daha da məsuliyyətli hiss edir.
Bəs Azərbaycanda niyə bu təcrübədən bəhrələnmirlər? Bu məsələni bu ilin əvvəlində ans press saytı qaldırmışdı. Həmin vaxt vahid məktəbli formalarını istehsal edən “Bakı Tikiş Evi” ilə də əlaqə saxlanılmış və oradan bildirmişdilər ki, bu tikiş evinin işi deyil. Buna Təhsil Nazirliyi qərar verməlidir. Tikiş evi yalnız icraçıdır. Həmçinin bildirilmişdi ki, əgər qərar verilsə, məktəbli formalarına Azərbaycanı xatırladan nişanə, yaxud da, söz yazmaq problem deyil.
Qaldırılan təşəbbüsü Azərbaycanın tanınmış ziyalıları da xoş qarşılamışdılar. Ziyalılarımız vahid məktəbli formalarına dövlətçilik nişanələrinin mütləq vurulmalı olduğunu demişdilər.
Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar: “Əlbəttə yaxşı fikirdi. Olsa yaxşı olar. Uşaqlar arasında vətən sevgisini təbliğ edər”.
Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rəis Rəsulzadə: “Məncə, pis olmazdı. Lakin buna nəzarət olmalıdır. Keçmiş SSRİ və ya, 20-ci əsrin əvvəllərində Azərbaycan Cümhuriyyəti dövründə orta məktəblərdə şagirdlərin vahid formalarının üstündə kəmər vardı. Kəmərin üstündə xüsusi emblemlər vardı. Bundan başqa, təhsil müəssisələrində dövlətçilik təbliğ olunmalıdır”.
Bakı Dövlət Universitetinn professoru, tarix elmləri doktoru Anar İsgəndərov: “Sizinlə birmənalı olaraq razıyam. Çox gözəl təklifdir. Bunu dəstəkləyirəm. Uşaqlara elə kiçik yaşlarından vətəni təbliğ etmək, vətən sevgisini yaratmaq lazımdır. Bunu heç qərar kimi qəbul etməsələr də olar. Sadəcə məktəblərdə, siniflərdə müəllimlər, valideynlər özləri təşkil edə bilər. Lazım deyil ki, fabrikdə formaların üstünə bayraq tikilsin. Bunu valideynlər də edə bilər. Məncə qəlbində vətən sevgisi olan şəxs heç vaxt buna qarşı çıxmaz. Yenə təkrar edirəm, çox gözəl ideyadır”.
Xalq artisti Flora Kərimova: “İnanırsız, bu təklif ürəyimdən oldu. Çox gözəl ideyadır. Yaxşı təşəbbüsdür. Bundan başqa, gərək hər dərs başlayan vaxt şagirdlərdən Azərbaycan himni, onun sözləri, müəlliflər soruşulmalıdır. Uşaqların beynində dövlətçilik idayaları həkk olunmalıdır. Ölkəmizə aid atributları əzbər bilməlidirlər. Hansı dövlətə mənsub olmaları aşılanmalıdır”.
Psixoloq Dəyanət Rzayev: “Əlbəttə tikiş fabriki öz emblemini reklam üçün vurur. Lakin həmin formanın digər qolunamı, yaxud sinəsinə dövlətçiliyi əks etdirən hansısa nişan vurulması pis olmazdı. Bu uşaqlarda dövlətə, vətənə sevgini bir daha yada salar. Bu uşaqların psixologiyasında vətən sevgisinin dhaa möhkəm həkk olunmasına yardım edər”.
Tanınmış siyasətçi, professor Qabil Hüseynli: “Çox gözəl bir ideyadır. Türkiyədə belə bir nümunə var. Qonşu ölkənin məktəblərində formaların üzərində “Türkiyə Cümhuriyyətinin öyrəncisi” sözləri yazılıb. Yaxşı olardı ki, Azərbaycanda da bu tipli yazı yazılsın, yaxud hansısa nişanə qoyulsun. Bu həm də şagirdlərdə daha çox məsuliyyət tələb edər. Çox əla fikirdi”.
Təhsil Nazirliyindən isə bildirilmişdi ki, məsələ gələcəkdə araşdırılacaq.
Ans press saytı nə zaman vahid məktəbli formalarına dövlətçilik nişanələrinin vurulacağı ilə bağlı sualların çoxluğunu nəzərə alaraq, mövzuyla əlaqədar yenidən Təhsil Nazirliyinə müraciət edib.
Təhsil Nazirliyi isə iki cümləlik cavabla kifayətlənib: “Məktəbli formalarında dövlət atributlarının həkk olunması təhsilə aid heç bir hüquqi normativ sənəddə qeyd edilməyib. Bununla yanaşı, ayrı-ayrı məktəblər vahid formaların üstündə şagirdlərin hansı məktəbdə təhsil almalarını qeyd edirlər”.
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53