Ziya Məmmədov hakimiyyət düşərgəsindəki etimadını itirib
12:45 15-04-2014
İQTİSADİYYAT
Ziya Məmmədov hakimiyyət düşərgəsindəki etimadını itirib
Sərnişindaşıma sektoru nəqliyyat nazirinin oğlunun inhisarından çıxarılır,
yeni yaradılan "Bakubus" MMC Hacıbala Abutalıbovun ixtiyarına verildi
Nəqliyyat naziri Ziya Məmmədovun hakimiyyət daxilindəki etimadını itirməsi haqda informasiyalar öz təsdiqini tapmaqdadır. Bunun bariz nümunəsi kimi ötən gün Nazirlər Kabinetinin Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən, payları dövlətə məxsus "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yaradılması haqqında qərar verməsini göstərmək olar.
Bununla bağlı rəsmi şəkildə yayılmış məlumata görə, "BakuBus" MMC-nin nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və Cəmiyyət tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması məqsədilə həmin Cəmiyyətə Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30 milyon manat məbləğində vəsait ayrılacaq. Maliyyə Nazirliyinə həmin vəsaitin maliyyələşdirilməsini təmin etmək, Nəqliyyat Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Cəmiyyətə məxsus avtobusların marşrutlarını və hərəkət qrafiklərini müəyyən etmək tapşırılıb. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada "BakuBus" MMC-nin nizamnaməsinin təsdiq edilməsini, dövlət qeydiyyatına alınmasını və icra orqanlarının yaradılmasını təmin etsin və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə ən azı 200 ədəd iritutumlu avtobusun saxlanması məqsədilə avtonəqliyyat parkları (qarajları) üçün yerin ayrılmasını 1 ay müddətində təşkil etsin.
Bildirək ki, bu qərar əslində gəlirli sahələrdən olan sərnişindaşıma biznesinin nəqliyyat naziri Ziya Məmmədovdan alınması anlamına gəlir. "Unikal" qəzeti olaraq xatırladaq ki, bu günə qədər sözügedən sahədə əsas şəriksiz lider Ziya Məmmədovun oğlu Anar Məmmədov idi. Nəqliyyat nazirinin oğluna məxsus "Transqeyt" şirkətinin nəqliyyat sektorunda, sərnişindaşımada inhisarçı bir quruma çevrilməsi artıq danılmaz reallığa çevrilmişdi. Eyni zamanda nazir oğluna məxsus şirkətin bu sahədə özbaşınalıqları ilə bu vaxta qədər onlarla təkzibolunmaz faktlar səslənib. Bütün bunlar isə belə düşünməyə əsas verir ki, belə bir dözülməz durumun müşahidə olunması sonda ən üst səviyyədə məsələyə müdaxiləni qaçılmaz edib. Hər halda sərnişindaşıma ilə bağlı bütün səlahiyyətləri özündə cəmləşdirən və paytaxt meri Hacıbala Abutalıbovun ixtiyarına verilən "Bakubus" MMC-nin formalaşması Ziya Məmmədovun və oğlunun həmin sahədən sıxışdırılıb çıxarılmasına hesablanıb.
Baş verənlərlə bağlı "Unikal" qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, bu əslində Ziya Məmmədovun hakimiyyət düşərgəsindəki əvvəlki etimadını itirməsinin əsas əlamətlərindən biri sayılmalıdır: "Heç kimə sir deyil ki, bu gün fəaliyyəti ciddi şəkildə narazılıq doğuran strukturlardan biri məhz Nəqliyyat Nazirliyidir. Eyni zamanda nazirin oğlu Anar Məmmədova bağlı olan "Tranqeyt" şirkətinin fəaliyyəti ilə bağlı çoxsaylı çatışmazlıqların olduğu bildirilir. Bütün bunlar isə sonda hökumətin nəqliyyat sektorundakı durumu düzəltmək yönündə hərəkətlənməsinə səbəb olub. Bu isə nəticə etibarilə Ziya Məmmədovun "vurulması" anlamına gəlir. Hər halda onun oğluna məxsus sektorda yeni qurumun yaradılması və həmin strukturun idarəçiliyinin Hacıbala Abutalıbova verilməsinə başqa heç bir ad vermək olmaz".
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53