Ermənistanda dözülməzliyə dözümlülük
12:52 15-04-2014
İQTİSADİYYAT
Ermənistanda dözülməzliyə dözümlülük
Onlar kimdən və niyə qorxurlar?
Ən zəif, gələcəyindən bədgüman iqtidarı belə, zəif cəmiyyət gücləndirir. Kütlə idarə olunmaq istəyirsə, onu idarə edənləri nə zamansa kürüyüb atması müşkül məsələyə çevrilir.
Ermənistandakı əhalinin sosial durumunu başqa dövlətlərdəki vəziyyətlə müqayisə edəndə hal-qəziyyə ermənilərin xeyrinə deyil. Ermənilərin çox pis yaşamlarına, ölkədə işsizlik, yoxsulluq və səfilliyin səviyyəsinin sürətli yüksəlməsinə, mühacirətin artmasına və iqtisadiyyatın faktiki kollaps vəziyyətində olmasına rəğmən əhali genişmiqyaslı etirazlar keçirmir.
Yerevandakı müxalifət liderlərinin hakimiyyətə qarşı apardıqları mübarizənin geniş kütlələrin tam dəstəyini aldığını iddia etmələrinə rəğmən orta statistik erməni yaşamının dözülməzliyinə üsyan edərək küçələrə çıxmağı ən son vasitə sayır.
Prezident Serj Sarkisyan iqtidarının total rüşvətxorluğu və ölkənin resruslarını çapıb-talaması ilə yanaşı, daxili siyasətdəki özbaşınalığına, vətəndaş hüquqları və insan haqlarının varlığını az qala bilmərrə unutmasına rəğmən, Yerevanın meydanlarını insan dənizi təlatümə gətirmir.
Səbəblər trivialdır.
Ermənistanda sosial yönlü etirazlar, protestlər formalaşmır.
İnsanlar küçələrə yalnız konkret sosial qrupların maraqları tapdananda, həmin adamların mövcudluğu az qala dözülməz hala çatdırılanda çıxırlar.
Halbuki postsovet ölkələrinin az qala hamısı ilə müqayisədə Ermənistanda sosial etirazlar üçün səbəblər və vəsilələr daha çoxdur.
Belədirsə, ermənilər kimdən və niyə qorxurlar?
Ermənistan müxalifətinin liderlərinin, müxtəlif analitik və politoloqların, siyasətçilərin və jurnalistlərin "döyüşkənlik, barışmazlıq" iddialarına rəğmən, erməni cəmiyyəti qorxaqdır, süstdür, apatikdir, ətalət bataqlığında boğulur. Kütləvi sosial tənbəllik və sosial apatiyaya tutulmuş ermənilər vəziyyət ağırlaşdıqca şəraitə uyğunlaşmağa, mənfəətini təmin etməyə çalışırlar və ənənəvi dözümlülüklə dözülməzliyi həll etməyi çıxış yolu sayırlar. Üstəlik, onların ölkənin müxalifət düşərgəsinin aparıcı qüvvələrinə və xüsusilə də özlərini lider elan edən siyasətçilərə inamsızlıqlarını da unutmayaq.
Yerevandakı sosial etirazların heç birinə müxalifət partiyaları rəhbərlik etmir və belə aksiyaları hazırlayaraq reallaşdırmır. Postsovet məkanının digər ölkələrindən, habelə Avropa və ABŞ-dan fərqli olaraq Ermənistandakı insanlar nifrət etdikləri insanlardan qorxurlar. İqtidar qarşısındakı qorxu adda-budda piketlər, kiçik mitinqlər, dövlət qurumları və ya məmur iqamətgahları qarşısında çığır-bağırla başlayaraq, elə həmin lokal aksiyalarla da bitirir.
Hər şeyə və hər şəraitə uyğunlaşaraq məhz öz maraqlarını təmin etməyə çalışan ermənilərdə fərdiyyətçilik həddən artıq güclü olduğundan "məndən ötsün, ona dəysin" anlamı işləkdir.
Yerevan sakinləri ilə bahəm, Ermənistanın ən ucqar kəndində yaşayan adam əmindir ki, onun problemlərinin həlli baş tutarsa, narazılığa səbəb yoxdur. Maaşı olmayan pula, qazı olmayan evinin istilənməsinə, yeməyə çörək tapmayan nisbətən stabil ərzaq təminatına nail olan kimi yaşananları sanki unudur.
Övladını orduya yola salıb bir qədər sonra onun ölüm xəbərini alan ana belə, Ermənistan Silahlı Qüvvələrindəki anarxiya, başıpozuqluq və biabırçılıqlara son qoyulmasını yox, məhz onun oğlunun ölümündə suçluların tapılıb cəzalandırılmasını tələb edir.
Böyük dərd cılızlaşdırılır, ictimai problemlər ayrı-ayrı fərdlərin yaşadıqları çətinliklərin məcmusuna çevrilir və beləcə, Serj Sarkisyan iqtidarı da situasiyanın ən ağır anlarında "ortabuynuzlu" məmurlardan birini işdən qovmaqla ictimai narazılığın dalğavari aksiyalara çevrilməsinin qarşısını alır.
Sadalanan səbəblərdən də digər dövlətlərdən fərqli olaraq Ermənistanda siyasi qüvvələr sosial etirazların lokomotivi, aparıcı ünsürü deyil və tam əksinə, insanların bir araya gələrək hakimiyyət qarşısında hansısa tələblər qoyduğu zaman siyasi partiyalar hərəkətə az qala sonda qoşularaq ümumi prosesdən yararlanmağa çalışan möhtəkir elementə çevrilir.
Bundan başqa, Ermənistan əhalisinin sayı az olduğundan hakimiyyət dairələri etirazların pik nöqtəsinə çatdığını hiss edəndə vəziyyəti kritik səviyyədən aşağı salır, sosial ədalət tələbləri ilə küçələrə çıxmış insanları əvvəlcə qorxutmağa çalışır, alınmayanda da vədlər və dilətutmalara keçir, bu variant da puça çıxanda yığılanları dağıdır.
Onillərdən bəri Ermənistanın müxtəlif məkanlarında olan protestlər Yerevandakı etiraz aksiyalarının inikası formatında olduğundan hakimiyyət dairələri belə olayların öhdəsindən gəlməyin yollarını bilirlər. Ssenari dəyişmir, çünki işləkdir və ermənilər üçün effektiv sayılır.
Xislətən çığır-bağırdan belə, qorxan ermənilərin qəlblərindəki xofun, zor və güc qarşısında üşəntinin varlığından yaxşı xəbərdar olan hakimiyyət dairələri ilk əvvəl insanların narazılıqlarının məhz sosial-iqtisadi səbəblərlə yox, siyasi tələblərlə bağlı olduğunu önə sürərək hadisələrdə müxalifəti suçlayır.
Müxalifətə qarşı ittihamlar səslənəndən sonra isə aktiv müqavimət, daha doğrusu, yaranmaqda olan sosial etiraz dalğası bətnindəcə boğulmağa başlayır.
Niyə də olmasın: düşmən seçilib, hədəf müəyyənləşib və həmişə olduğu kimi, müxalifət partiyalarının dağınıq fəaliyyəti etirazların xaotik formasına rəvac verdiyindən haqqını tələb edənləri susdurmaq əlahiddə səylər tələb etməyən prosesə dönür.
Ermənilərin hər etirazı kəmiyyətin keyfiyyəti üstələdiyi şüarçılıq olduğundan Sarkisyan iqtidarı özünü narahat hiss etmir və kritik kütlənin formalaşacağından da çəkinmir.
Kütlənin belə "sosial tolerantlığı" cəmiyyətin immun sistemini zəiflədir, geriləmə, çökmək və deqradasiya prosesləri qarşısında bütün sədləri darmadağın edir. Hadisələrin ən pis, təhlükəli nəticələrindən biri bütün bunların mühacirətə təkan verməsidir.
Ermənilər küçəyə yalnız hava limanına çatmaq üçün çıxmağa başlayırlarsa, hansısa bitkin aksiyalardan, iqtidarın cinayətkar siyasətinə kütləvi müqavimətdən danışmağa dəyməz.
Sarkisyan iqtidarı kütlənin sosial kütlyündən və cəmiyyətin fərdlər toplusuna çevrilməsindən generasyia, möhkəmlənmək və hakimiyyətinin laxlayan dayaqlarını bərkitmək üçün istifadə edirsə, müxalifət bütün bəyanatlarına, çağırışlarına və vədlərinə rəğmən, oliqopoliyaya mane ola bilmir.
Ermənilər normal, yaxşı yaşamaq istəyirlər. Amma onlar belə yaşamın təminatına mane olan insanların anormallığı və pisliklərinə qarşı mübarizə aparmaq istəmirlər.
Bəla da budur.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23
2024-11-21 10:43:28
2024-11-21 09:53:21
2024-11-21 09:40:25
2024-11-21 09:14:32