Ziyalılar Forumu dağıldı
13:24 15-04-2014
SİYASƏT
Ziyalılar Forumu dağıldı
Rüstəm İbrahimbəyova artıq inam qalmayıb
Prezident seçkilərindən sonra müxalifət düşərgəsi demək olar ki, tamamı ilə sıradan çıxdı. Öncələr seçkilərdən sonra müəyyən qədər aktivlik göstərməyə çalışan müxalifət bu dəfə demək olar ki, gözə belə görünmədilər. Müsavat Milli Şuranı tərk etməklə müxalifətin yaratdığı yeni birliyi sıradan çıxartdı.
Düzdür, AXCP bütün imkanlarını səfərbər edərək Milli Şuranı qorumağa çalışdı. Amma qorunan Milli Şura tam fəaliyyətsizliyi ilə artıq təsir imkanlarının olmadığını ortaya qoydu. Bundan başqa Milli Şuranın yaradıcısı olan Rüstəm İbrahimbəyovun qorxaraq ölkəyə gəlməməsi və bu projenin Rusiya projesi olduğu aydınlaşandan sonra ona olan inam tamamı ilə sıfırlaşdı. Milli Şuranın sədri Cəmil Həsənlinin isə müxalifətdaxili intriqalara bulaşması ona olan ümidləri də heç etdi və hazırda Milli Şura sadəcə olaraq kağız üzərində mövcuddur. Bu arada aydın oldu ki, müxalifətin başqa bir birliyi də faktiki olaraq dəfn olunub. Söhbət Ziyalılar Forumundan gedir. "Əvvəlki Ziyalılar Forumu olmayacaq. Birincisi, Rüstəm İbrahimbəyov Azərbaycana qayıtmadan əvvəlki Ziyalılar Forumu olmayacaq. İkincisi, hətta Rüstəm İbrahimbəyov Azərbaycana qayıtsa, desə ki, yenidən Ziyalılar Forumunu yaradır və siyasətlə məşğul olmayacaq, buna inanan adam çətin tapılar. Həmin ziyalılar yenidən onun ətrafında cəmləşəcəklərmi? O halda gərək Rüstəm İbrahimbəyov desin ki, siyasi fəaliyyətində tamamilə səhv edib".Bunu Ziyalılar Forumunun üzvü, yazıçı Əkrəm Əylisli söyləyib.
Ə. Əylisli bildirib ki, Ziyalılar Forumundakı insanlar Rüstəm İbrahimbəyovun avtoritetinin ətrafına yığışmışdılar, çünki məşhur dramaturq və kinorejissorun, Azərbaycan mühitindəki bu təzə adamın ictimai fəaliyyətinin necə olacağını bilmirdilər. Onun sözlərinə görə, R. İbrahimbəyovun İçərişəhərdəki evinin Ziyalılar Forumunun toplantılarının keçirilməsi üçün əlverişli olması da şərt idi: "Ancaq mən hələ də dəqiq anlaya bilmirəm ki, seçkilərdə fəal şəkildə siyasətə daxil olmaq Rüstəm İbrahimbəyovun nəyinə lazım idi. Çünki Ziyalılar Forumu bir qurum olaraq çox səmimi idi. Söz yox ki, ziyalı siyasətçidən xeyli səmimidir. Ziyalılar Forumundakı səmimiyyəti cəmiyyətin saflaşmasına və sağlamlaşmasına sərf etmək mümkün idi. İctimai həyatda zor heç vaxt heç nəyi həll etmir. Ziyalılar zorsuz-filansız müəyyən məsələləri ortaya qoyub, fikrini deyə bilər".
Ə. Əylisli qeyd edib ki, siyasətlə ziyalılar arasında sərhəd olmasının vacibliyi barədə Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyevin fikri ilə razılaşır: "Siyasi müxalifət yeni hakimiyyət qurmaq niyyəti ilə fəaliyyət göstərir. Ziyalılar Forumunun hakimiyyəti dəyişmək yox, hakimiyyətdə və cəmiyyətdə olan nöqsanları hakimiyyətin diqqətinə çatdırmaq üçün fəaliyyət göstərəcəkdi. Yəni ilkin dövrdə ortaya qoyduğu məqsəd aydın və işıqlı idi. Bu sərhəd qorunmadı. Ancaq mən o fikirdə deyiləm ki, Rüstəm İbrahimbəyov olmasa, Azərbaycanda başqa Ziyalılar Forumu ola bilməz. Buna ehtiyac var. Yeni Ziyalılar Forumu olacaqsa, hansı təşkilati şəkil ala bilər, bunu bilmirəm. Ona görə də Ziyalılar Forumunun yenidən yaranması üçün xeyli iş aparılmalı, insanlar dönə-dönə yığışıb söhbət etməlidir. Ola bilsin ki, Ziyalılar Forumunun Rəyasət Heyətində dəyişikliklər olsun, Rəyasət Heyəti təzələnsin".Bunu da qeyd edək ki, hələ öncədən Rafiq Əliyev başda olmaqla bir qrup ziyalı Ziyalılar Forumundakı fəaliyyətlərini dayandırdılar və bəyan etdilər ki, qurum siyasiləşdiyi üçün kənara çəkilirlər. Çünki torpaq davasına görə siyasətə transfer edən Rüstəm İbrahimbəyov açıq şəkildə ətrafına topladığı ziyalılardan istifadə etməyə çalışdı. Onun ilk qurbanlığı isə keçmiş deputat Gültəkin Hacıbəyli oldu. Uzun illər hakimiyyət düşərgəsində təmsil olunan Gültəkin Hacıbəyli Rüstəm İbrahimbəyovun layihəsində mühüm funksiyanı üzərinə götürdü. Amma proseslərin ortasında Rüstəm İbrahimbəyov kənara çəkilməklə Gültəkin Hacıbəylini gülünc duruma saldı. Ziyalılar Forumunun iflic olmasında Eldar Namazovunda xüsusi rolu oldu . Belə ki, uzun müddət Rüstəm İbrahimbəyovun az qala köməkçisi rolunda çıxış edən Eldar Namazov seçkilərdən sonra gözlənilmədən Rüstəm İbrahimbəyovla müttəfiqliyinə son verdi. Beləliklə də aydın oldu ki, müxalifətin artıq real fəaliyyət göstərə biləcəyi təşkilatı qalmayıb.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35