Vicdansız məmurlara son xəbərdarlıq
11:27 16-04-2014
İQTİSADİYYAT
Prezidentdən ağacların kəsilməsinə şərait yaradanlara sərt ismarıc: "Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir"
Azərbaycan dövlətinin xüsusi önəm verdiyi məsələlərdən biri də ölkənin ekoloji mühitinin sağlamlaşdırılması və bu məqsədlə yaşıllıqlar zolağının salınmasıdır. Qeyd edək ki, təkcə son illər bu məqsədlə dövlət büdcəsindən kifayət qədər böyük məbləğdə vəsaitlər ayrılıb, minlərlə hektar səhralaşmış ərazidə meşə massivləri salınıb.
Həmin siyasət bu gün də davam etdirilir. Amma təəssüf hissiylə qeyd etməliyik ki, bəzi hallarda dövlətin milyonlar xərclədiyi yaşıllaşdırma siyasətinə əngəl olanlar və şəxsi maraqlarını təmin etməyə çalışan məmurlar da yox deyil."Unikal" qəzeti olaraq biz bu problemi daim diqqətdə saxlamış və yaşıllıqların kütləvi şəkildə qırılmasına qarşı etiraz səsimizi ucaltmışıq. Məlumat üçün bildirək ki, biz dəfələrlə paytaxtın Xətai, Nəsimi, Yasamal və digər rayonlarında rayon rəhbərliyinin gözləri qarşısında yaşıllıqların qırılması və orada kimlərinsə özləri üçün ticarət obyektləri tikməsindən faktlarla bəhs etmişik. Buna baxmayaraq, paytaxtda yaşıllıqların total şəkildə məhv edilməsi hallarının qarşısı tam olaraq alınmayıb. Elə bunun nəyticəsidir ki, ölkə prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin aprelin 13-də keçirilən iclasında bu məsələyə xüsusi müraciət etmiş və baş verənləri vicdansızlıq və cinayət adlandırmışdır. Dövlət başçısı bildirib ki, ağacəkmə kampaniyası zamanı on milyondan çox ağac əkilib və bu proses davam etdirilir. Prezident əlavə edib ki, vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır. Bununla belə o ağacların kəsilməsi məsələsinin onu narahat etdiyini də dilə gətirib: "Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir. Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir." Prezident daha sonra bu kimi hallara yol verənlərə qarşı barışmaz olacağını da sözlərinə əlavə edib: "Bu, mənim son xəbərdarlığımdır. Biz bu aydan başlayaraq "Avro-4" standartına keçmişik. Bu da əminəm ki, havanın tərkibini böyük dərəcədə yaxşılaşdıracaqdır". Göründüyü kimi, problemin özünü qabarıq şəkildə biruzə verməsi artıq məsələyə prezident səviyyəsində müdaxiləni şərtləndirib. Bu isə yerlərdə bəzi rəhbər şəxslərin hansısa maraqlarının təmin olunması şərtilə yaşıllıqların qırılmasına göz yumduğunun təzahürü kimi qiymətləndirilə bilər. Bu isə yolverilməzdir, çünki həmin rəhbər şəxslər yerlərdə prezidentin siyasətinin icraçıları olmalıdır, nəinki hansısa iş adamlarının himayədarları. Amma yenə təkrar etməyə məcburuq ki, bir çox məmurlar deyəsən, öz vəzifə səlahiyyətlərinin konkret olaraq nələrdən ibarət olduğunu unudaraq, yalnız qazanc haqqında düşünürlər. Bu isə yaşıllıqların kütləvi şəkildə qırılmasıyla nəticələnir.
Maraqlıdır, bəs müvafiq dövlət qurumları hara baxır? Axı hətta ağaclar gecəylə qırılsa belə həmin ərazilərin mühafizəsi təşkil olunmalıdır. Deməli, bu işin başında bir çox hallarda elə həmin müvafiq qurumların rəhbərlərinin dayanması haqda iddialar heç də əsassız deyilmiş. Bu işə birbaşa dövlət nəzarətini həyata keçirməli olan qurumlar – Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Ekologiya İdarəsi, Bakı Şəhər Yaşıllaşdırma İdarəsi, yerli rayon icra hakimiyyətləri və digər orqanlar isə sanki qəflət yuxusundadır. Hesab edirik ki, prezident İlham Əliyevin baş verənlərlə bağlı son və qəti xəbərdarlığı onları həmin "qəflət yuxusundan" ayılmağa məcbur edəcək. Əks halda həmin məmurların hansı aqibətlə qarşılaşacağını geniş şərh etməyə ehtiyac duymuruq.Biz isə "Unikal" qəzeti olaraq "yaşıl terror"un baş verdiyi paytaxt rayonlarındakı durumu nəzarətə götürmək və əməkdaşlarımız vasitəsilə Prezidentin xəbərdarlığının yerlərdəki təsirini araşdırmaq niyyətindəyik. Həmin araşdırmalarımızın və reydlərimizin nəticəsi olan yazılarla isə növbəti saylarımızda tanış ola biləcəksiniz.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23