Ukraynada müharibə küləkləri güclənir
Ukraynada müharibə küləkləri güclənir

Rəsmi Kiyevin antiterror əməliyyatı fiaskoya uğradı, odessa da müstəqillik elan etdi

Ukrayna prezidenti vəzifəsini icra edən Aleksandr Turçinovun srağagün elan etdiyi antiterror əməliyyatının qarşısı alınıb. Ukrayna hökumətinin Kramatorska göndərdiyi döyüş texnikasının altı BTR-i heyəti ilə birlikdə nizamsız ordunun tərəfinə keçib.

Slavyanskidə vağzalın yanındakı meydanda olan BTR-lər insan kütləsini qarşısını almaq əvəzinə, onlarla həmrəy olub. Öndə gedən BTR-ə isə Rusiya bayrağı asılıb. "Rus xəbər xidməti" sözügedən BTR-lərin Dnepropetrovski aeromobil briqadasını təmsil etdikləri bildirilir.
Yerli sakinlər əsgər daşıyan altı maşından ibarət karvanın qarşısını kəsib. Həmçinin bəlli olub ki, daha bir silahlı karvan qərbdən Kramatorska doğru irəliləyir. Ən azı 20 maşının daxil olduğu karvan tarlalarla hərəkət edir.
Bundan bir neçə saat sonra Kramatorsk aerodromu bölgəsində atəş və bir neçə partlayış səsləri eşidildiyi barədə məlumatlar daxil olmağa başlayıb. "Ukrainskaya pravda" avtomatlarla silahlanmış hərbi təchizatlı naməlum şəxslər Kramatorskda aerodroma hücuma cəhd etdiklərini yazıb. Lakin Ukrayna qoşunları tərəfindən onların həmləsi dəf edilib.

Maskalılar Donetsk
Şəhər Şurasının
binasını ələ keçirdi

Bu arada Bir qrup silahlanmış maskalı şəxs Ukraynanın Donetsk Şəhər Şurasının binasını ələ keçirib. Bina çərşənbə günü səhər şəhərin meri Aleksandr Lukyançenkonun ATƏT missiyasının nümayəndələri ilə görüşündən sonra zəbt edilib.
Donetsk Şəhər Şurasının binası zəbt edirlərkən atəş açılmayıb. Maskalı şəxslər müqavimətsiz binaya daxil olublar. Onlar şuranın binasında olanları binanı tərk etməyə çağırıblar. Lakin silahlılar eyni zamanda bildiriblər ki, şuranın əməkdaşlarını heç bir təhlükə gözləmir və onlar iş yerlərində qala bilərlər.
Hazırda onların tələblərini aydınlaşdırmaq və yaranmış vəziyyəti həll etmək üçün bu şəxslərlə danışıqlar aparılır.

Pan Gi Mun:
"Hazırda Ukraynaya sülhməramlıları
göndərmək
mümkün deyil"

Hazırda Ukraynaya sülhməramlıları göndərmək mümkün deyil. BMT-nin baş katibi Pan Gi Mun belə hesab edir.
Ukraynada Ali Rada tərəfindən prezident vəzifələrinin icraçısı təyin edilən Aleksandr Turçinov bundan əvvəl Pan Gi Mun ilə telefon danışığı zamanı BMT sülhməramlıları ilə birlikdə ölkənin şərqində əməliyyat keçriməyi təklif edib. Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə bildirib ki, Kiyevin BMT sülhməramlılarının dəvəti "hüquqa zidd əməliyyatlarda iştirakı ideyası heç bir qapıdan keçmir".
"Hazırda ordu göndərilməsi mənə çox da yaxşı fikir kimi gəlmir", - deyə Pan Gİ Mun Meksikanın "Reforma" qəzetinə bildirib".
"Mavi dəbilqəlilərin regiona göndərilməsi üçün BMT-nin TŞ-nın mandatı lazımdır. TŞ-nın açıq mandatı və icazəsi olmadan mən heç bir əməliyyata təşəbbüs edə bilmərəm", - deyə baş katib xatırladıb.

"Odessa Xalq
Respublikası" yaradıldı

Dünən gələn başqa bir xəbərə görə, Ukraynada daha bir yerli vilayət özünü müstəqil respublika elan edib.
Rusiya mətbuatının xəbərinə görə, bu barədə "Antimaydan" hərəkatı bəyanat yayıb. Onlar öz saytlarında və sosial şəbəkələrində "Odessa Xalq Respublikası"nın yaradıldığını bildiriblər.
Separatçılar yerli əhaliyə müraciət edərək yolları bağlamağı və Ukrayna hakimiyyətinin işini iflic etməyə çağırıblar. Eyni zamanda "Yandex" xidmətində də Odessa Ukraynadan ayrı ərazi kimi göstərilib.

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya bankını terrorçuluğu
maliyyələşdirməkdə
ittiham etdi

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya bankını ölkənin şərqində terrorçu qrupları maliyyələşdirməkdə ittiham edib.
"RBK"nın verdiyi xəbərə görə, xüsusi xidmət orqanının məlumatına görə, iğtişaşlarda iştirak edən Rusiya yönümlü fəalların hər birinin plastik kartına bankın vasitəçiliyi ilə hər gün 200-500 dollar köçürülür. UTX hələlik bankın adını açıqlamır.
"Ukraynanın şərq bölgələrində separatçı şüarlar altında fəaliyyət göstərən terrorçuların maliyyələşdirilməsini təşkil edən və hazırda da təmin edən Rusiya banklarından birinin rəhbər şəxsləri barəsində cinayət icraatı başlanıb", deyə qurumun mətbuat xidmətinin açıqlamasında bildirilir.
Ukrayna xüsusi xidmət orqanının məlumatına görə, 2014-cü ilin mart-aprel ayları ərzində qeyd olunan bankın Kiyevdə yerləşən mərkəzi ofisinin vəzifəli şəxsləri vətəndaşlara qarşı zor tətbiq edən, dövlət əmlakına ziyan vuran və dövlət obyektlərini zəbt edən terrorçu qrupların təşkilatçılarını maliyyələşdiriblər.
Faktla bağlı Ukrayna CM-in 285-5-ci maddəsi ilə (terrorçuluğun maliyyələşdirilməsi) cinayət işi başlanıb.

Jirinovski: "Ona dedim ki, cinayət işləyirsiz"

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə katibi Andrey Parubiya ilə telefon danışığı olduğunu təsdiqləyib.
Jirinovski katibə nə dediyini də açıqlayıb: "Mən ona belə dedim: "Andrey Vladimiroviç dərhal hərbçiləri yığışdırın. Siz qorxulu cinayət işləyirsiz. Siz dinc sakinləri silahlı qüvvələrlə üz-üzə qoyursuz. Bu cinayətə görə sizin Haaqa tribunalı, beynəlxalq məhkəmədə, hətta Moskvada deyil, maksimum Rostov qarnizol hərbi tribunalında mühakimə edilməyi rəva görə bilərik"".
O, əmindir ki, məhz Rostov-na-Donda beş nəfər ömürlük məhkum ediləcək. Bunlar Ukrayna prezidenti vəzifələrini icra edən şəxs, baş nazir, DİN, Ukrayna təhlükəsizlik xidməti, Milli təhlükəsizlik və müdafiə şurasının rəhbərləridir: "Beş nəfər- bunlar cinayət törədən, Ukrayna vətəndaşlarını öldürən xuntadır. Müharibə yoxdur, amma silahlılar atəş açır".
Qeyd edək ki, Jirinovski ilə Andrey Parubiyanın telefon danışığı kameralarla qeyd olunub.
Milli təhlükəsizlik və müdafiə katibi "özümüz yaxşı bilirik Ukraynanı necə qorumaq lazımdır" deyə partiya rəhbərinə cavab verib. Katibi qeyd edib ki, Jirnovski onu şəxsi məsuliyyətdən boyun qaçırmağa görə ittiham edib və hədələyib.

Qərbin hansı addımı
Rusiya
üçün fəlakət olacaq?

"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu Polşa mətbuatının Ukraynada baş verənlərin ardınca "Şimali Qafqazda kiçik dövlətlər yaranacaq" iddiasını şərh edib. Ə.Ourclu bildirib ki, istənilən halda seperatizmin dəstəklənməsi, başqa ölkənin ərazi bütövlüyünə qarşı təcavüz həmin dövlətlərin özlərini zərbə altında qoyur.
Ərəstun Oruclu hesab edir ki, əgər həmin dövlət çoxmillətli federativ quruluşa sahibdirsə, vəziyyət daha təhlükəli olur. Politoloq qeyd etdi ki, xüsusilə Rusiyanın Şimali Qafqaz bölgəsində situasiya daha qarışıqdır. Zaman-zaman Şimali Qafqazda etnik qarşıdurmaların müşahidə olunduğunu deyən Ə.Oruclunun sözlərinə görə, Çeçenistan həmişə Moskva üçün baş ağrısına çevrilib: "Rusiyanın Şimali Qafqaz regionu qaynar qazana oxşayır. Rusiyanın Ukraynadakı siyasi hərəkətliliyi dayandırılmasa, Qərb federasiya daxilində seperatizmə dəstək verərsə, yaranacaq vəziyyət bu ölkə üçün fəlakət olacaq".
Politoloq Rusiyanın Şərqi Ukrayna siyasətinə dair proqnozlarını da açıqlayıb. Ə.Oruclu qeyd edib ki, Rusiyanın Krımda olduğu kimi Şərqi Ukraynada kiçik "dövlətlər" yaradıb ərazisinə qatacağı inandırıcı deyil. Politoloqun sözlərinə görə, Moskva çox güman ki, regionda mövqelərini gücləndirib bundan danışıqlar prosesində təzyiq vasitəsi kimi istifadə etməyə çalışacaq: "Kremlin Şərqi Ukraynadan alver vasitəsi kimi istifadə etmək cəhdi daha inandırıcı görünür. Çünki Rusiya Krım kimi bu regiona ordu yeridə bilməz. Çünki Moskva işğalına qanunilik qazandırmaq üçün ərazinin 50-ci illərdə Rusiyadan alınıb Ukraynaya verilməsini göstərir. Amma Ukraynanın digər bölgələrilə bağlı Rusiyanın əlində belə bəhanələr yoxdur".

Azərbaycanlı siyasi
analitikdən şok
Ukrayna iddiaları

Politoloq Zərdüşt Əlizadə isə Ukraynada baş verən proseslərə dair daha ilginc proqnozlar verib.
Əlizadə Ukrayna hadisələrinin bir neçə variantda məhdudlaşdığını iddia edir. Politoloqun birinci variantına görə, Yanukoviç hakimiyyətini devirən Qərb meylli qiyamçılar Rusiya tərəfindən dəstəklənən qüvvələri əzəcəklər. Zərdüşt Əlizadə hesab edir ki, bundan sonra öz hakimiyyətlərini sabitləşdirməyə çalışacaqlar: "Eyni zamanda bir neçə aydan sonra Ukraynada maliyyə və iqtisadi böhran başlayacaq. ABŞ və Avropanın Ukraynaya maddi yarım edəcəyi inandırıcı deyil. Çünki onlar müstəqil dövlətdirlər və büdcələrində kənar, sərbəst maliyyə vəsaiti yoxdur. Rusiyanın avtokratiyası isə stabillik fondundan Ukraynaya 15 milyard dollar ayırdı. Amerika və Avropada bunu etmək qeyri-mümkündür. Ukrayna köməksiz qalacaq, Beynəlxalq Valyuta Fondunun ayırdığı kreditlər bu ölkəni maliyyə böhranından xilas edə bilməyəcək. Nəticədə əhalinin kütləvi etirazları başlayacaq. Təxmin etmək olar ki, bundan sonra hakimiyyəti devirməyə çalışacaqlar".
Zərdüşt Əlizadənin ikinci versiyasına görə, Rusiya müəyyən vaxta qədər gözləyib sonra Ukraynaya qoşun yeridir və Şərqi regionlarını işğal edir. Politoloq qeyd edir ki, bundan sonra Qərb Rusiyaya qarşı kəskin cəza tədbirləri tətbiq etməyə başlayırlar: "Cəza tədbirləri Rusiyanı məcbur edir: a). Təslim olsun, Şərqi Avropa və Krımdan çəkilsin. Bu isə Putinin devrilməsilə nəticələnir; b). Rusiya mövqeyindən çəkilmir və Qərbin təzyiqini azaltmaq üçün avtoriyerpa modelini seçir. Yəni ki, Moskva Rusiya iqtisadiyyatının inkişafı üçün ciddi islahatlara başlayır. Bu da bir neçə ildən sonra Rusiyanın xeyli güclənməsinə gətirib çıxarırır". Politoloq Zərdüşt Əlizadə üçüncü variantında Şərqi Ukraynadakı qiyamçıların qalib gələcəklərini bildirir: "Ukrayna onların diktəsilə federal dövlətə çevrilir. Şərqi vilayətləri - Xarkov, Donbas, Luqansk Ukraynanın yeni Konstitusiyasına belə bir maddə hazırlayırlar ki, onların razılığı olmadan ölkənin mərkəzi hökuməti heç bir beynəlxalq təşkilat, yaxud quruma daxil ola bilməz. Bu isə Ukraynanın blokdan kənar status qazanması deməkdir. Heç vaxt NATO və Avropa İttifaqına üzv ola bilmir. Rusiya məhz Ukraynada bu mənzərəni görmək istəyir. Rusiya Xarici İşlər Nazirliyinin siyasi xətti bundan ibarətdir. Bunlardan hansının rellaşacağını əvvəlcədən demək çətin məsələdir. Lakin hər 3 variantın həyata keçirilməsi üçün münbit şərait var".
Kənan Rzaquliyev