Doğulmağın, yaşamağın çətin - getməyin asan olduğu bədbəxt ölkə
12:07 17-04-2014
İQTİSADİYYAT
Doğulmağın, yaşamağın çətin -
getməyin asan olduğu bədbəxt ölkə
Günlər, aylar keçdikcə Ermənistanda doğulmaq, yaşamaq çətinləşir, ölkədən qaçmaq və bilmərrə qurtuluş, mühacirətə üz tutmaq isə asanlaşır.
Ümidsizlikdir.
Mühacirət az qala günbəgün artır. Çörək və iş dalınca Ermənistandakı ağır yaşamlarından canlarını qurtarıb xarici ölkələrə yollananlar onları asan günlər, rahat şəaritin gözləmədiyini bilirlər. Buna rəğmən, mühacirətə yollanan ermənilərin sayı azalmır. Əksinə, həndəsi silsilə ilə artır, ölkə iqtisadiyyatını pərişan hala salan demoqrafik problemə çevrilir.
Ölkədə doğulanların sayı da artıq illərdir ki, azalır. Hamilə erməni qadınlar arasında xəstəlik səviyyəsi yüksəlir, fəsadlı doğuşların sayında artım danılmaz amilə çevrilir.
Bəhs etdiyimiz problem Ermənistandakı yaşamın bütün sahələrində, istisnasız olaraq bütün müstəvilərdə özünü göstərir.
Gedənlərin sayının artması, doğulanların sayının azalması da, şübhəsiz, cəmiyyətin keyfiyyətinə təsir edir.
Azalma cəmiyyətdəki insanların şüur keyfiyyətini də pisləşdirir.
Məntiqlə, belə vəziyyətdə Ermənistanın hakimiyyət dairələri problemləri təhlil etməli, onların arasında ən ağır və fəlakətli sonuclar vəd edənlərin çözümü ilə məşğul olmalıdır. Amma prezident Serj Sarkisyan və onun iqtidar sayılan dəstəsi laxlayan mövqelərini gücləndirməyə çalışır.
Yerevandakı iqtidarın belə davranışı əslində millətin maraqlarını bir xoruza yük edən hakimiyyət üçün normal sayıla bilər. Anormal olan demokratik dəyərlər, vətəndaş cəmiyyəti, insan haqları və ölkənin inkişafından fasiləsiz danışan erməni müxalifətinin yürütdüyü siyasətdir.
Sabiq prezidentlər Robert Köçəryan və Levon Ter-Petrosyan müxalifətin faktiki liderləri olduqlarını dediklərindən, onlarla bağlı gözləntilər daha böyükdür.
Bu adamlar isə öz aralarında didişməklə bahəm, Sarkisyanın hakimiyyətdən kənarlaşdırılması üçün bütün vasitələrə əl atmağa hazır olduqlarını göstərirlər.
Müxalifətin belə abdal, qeyri-adekvat davranışı ayrı-ayrı şəxslərin maraqlarının təminatına yönəlmiş səylər və cəhdlər toplusu olduğundan mövcud hakimiyyətə qarşı birləşmək, vahid cəbhədən çıxış etmək, münasibətlərin aydınlaşdırılmasını cinayətkar iqtidarın devrilməsindən sonra saxlamağı üstələdiyindən Ermənistan faktiki siyasi bataqlıqda çabalayır.
Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi ilə Robert Köçəryanın nəzarətində olan "Çiçəklənən Ermənistan" Partiyası indi baş nazir Tiqran Sarkisyanın hökumətinin istefasını tələb etməyə başlayıblar.
Siyasi texnologiyalar və taktika baxımından belə tələb bəlkə də erməni müxalifətinin gündəmindəki aktivlik nüanslarından biri ola bilər.
Zahiri görüntü belədir və indiyədək dəfələrlə olduğu kimi, erməni müxalifəti yenə kütləvi aldatmaqla məşğuldur. Müxalifətçilərin hökumət və baş nazirin istefası ilə bağlı tələbləri irreal məqamdır: belə məsələni Sarkisyan iqtidarının daxilindəki düşərgələr arasındakı münaqişə, sonra da razılaşma yolu ilə həll edən Ermənistanda olayların məcrasından çıxaraq qəfil yönə istiqamətlənəcəyini düşünmək sadəlövhlük olardı.
Cəmiyyət belə sövdələşmələr və didişmələrdə artıq oyunçudur.
Ermənistan cəmiyyəti elə zəlil durumdadır ki, vətəndaşlar üçün taleyüklü məsələlərdə belə, müxalifət bir araya gələ bilmir, gəlmir. Hakimiyyətə təzyiq etmək və tələblərin heç olmasa bəzilərinin yerinə yetirilməsi üçün müxalifət düşərgəsinin təmərküzləşməsi də idefiks olaraq qalır. Nədən ki, müxalifətçilər indi hakimiyyət daxilindəki intriqalara qatılaraq iqtidar kökəsindən daha yağlı "pay" almağa can atırlar.
Doğulmağın çətin, getməyin asan olduğu ölkənin təhlükəli məqamları hələ qarşıdadır. Belə bəlaların fəsadları dərhal təzahür etmədiyindən Ermənistanı yaxın illərdə çox ağır günlər, sənələr gözləyir.
Yerevandakı hakimiyyət dairələri geosiyasətdən, regional proseslərdən, bu proseslərdə Ermənistanın tutduğu və ya tuta biləcəyi yerlərdən istədikləri qədər danışa bilərlər. İllüziyaları kütləyə gerçəklik kimi təqdim etməyə çalışan insanlar yalan danışdıqlarını anladıqlarından fırıldaqlara tuş etdikləri cəmiyyəti mümkün qədər çox aldatmağa meyllidirlər.
Axı reallıq acıdır.
Reallıq odur ki, Ermənistan faktiki əhalisi 2,6 milyondan artıq olmayan kiçik, cırtdan dövlətdir və taleyi də bütünlüklə Rusiyadan asılıdır. Cənubda isə İran ermənilərin onillər əvvəl Tehranın biçdiyi donu əyinlərindən çıxartmalarına imkan vermir, dövlət aldanmasına rəğmən dövəltçilik ənənələrinə malik olmayan bu ərazidə normal idarəetmənin yaranmasına və xarici siyasət yürütməsinə imkan vermir.
Erməniləri assuriyalıların taleyi gözləyə bilər və deyəsən, belə də olasıdır. Məmləkətsiz, dövlətsiz, cəlayi-vətən xalqlar sırasına qoşulmamaq üçünsə qonşu dövlətdəki adamlar işğalçılığın, şovinizmin, troqloditlər səviyyəsindəki nifrətin artıq yolverilməz ünsürlər olduqlarını anlamalı, Dağlıq Qarabağ münaqişəsinin Ermənistanı məhvə sürükləyən amil olduğuun dərk etməlidirlər.
Gec də olsa, indiki yoldan qayıda bilsələr, ermənilərin gələcəyə ümidləri var.
Əks təqdirdə bu dövlət barədə qərinələr sonra keçmiş zamanda danışacaqlar.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53