İcra başçıları qorxu içində
11:12 18-04-2014
İQTİSADİYYAT
İcra başçıları qorxu içində
Prezidentin iki icra başçısını vəzifədən azad etməsi kimlərin "kürkünə birə salıb"?
Yerlərdə dövlət siyasətinin layiqincə yerinə yetirilməməsinə dair mətbuatın, o cümlədən "Unikal" qəzetinin yazdıqları zaman-zaman öz təsdiqini tapıb. Mətbuatda fəaliyyətləri kəskin şəkildə tənqid olunan, əleyhinə təkzibolunmaz faktlar sərgilənən kadrların vəzifədən alınması isə həm prezidentin ictimai rəyə əsaslanan uğurlu kadr siyasəti, həm də mətbuatın cəmiyyətin idarə olunmasındakı rolunun nəzərəçarpacaq dərəcədə artmasının göstəricisi sayılmalıdır.
Elə bu baxımdan iki gün öncə ölkə başçısı, prezident İlham Əliyevin bəzi rayonların icra başçılarını dəyişməsi də məhz həmin aspektdən araşdırılmalıdır. Qeyd edək ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunub və həmin posta Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov təyin olunub. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə isə hələlik təyinat aparılmayıb. Prezident eyni gündə həm də Ağdamın icra başçısı Nizami Sadıqovu tutduğu vəzifədən azad edib və onun yerinə MTN-in Tərtər Rayon Şöbəsinin rəisi Raqif Məmmədov təyin edilib."Unikal" qəzetinə hökumət içindəki etibarlı mənbədən sızan məlumatlarda isə bildirilir ki, yaxın günlərdə icra başçıları ilə bağlı ələmə prosesinin davam edəcəyi gözlənilir. Daha bir neçə icra başçısının tutduğu vəzifədən azad edilməsi və yerlərinin dəyişdirilməsinin mümkünlüyünə toxunan mənbəmiz ilkin olaraq haqqında kifayət qədər mənfi ictimai rəy formalaşmış başçıların "vurulacağı" gözlənilir: "Artıq bəzi icra başçılarının vəzifədən azad edilməsi ilə bağlı siyasi qərar verilib, sadəcə bununla bağlı prezidentin sərəncam imzalaması işi qalır. Məlumatlara görə, Prezident Adminstrasiyasında əhalinin daha çox narazılıq etdiyi icra başçılarının siyahısı hazırlanıb, eyni zamanda hansı rayonda maliyyə yeyintilərinə yol verilməsi haqda da məlumatlar toplanılır. Bununla bağlı həm Maliyyə Nazirliyinə, həm də Hesablama Palatasına tövsiyyə olunub ki, onların yerlərdə apardıqları maliyyə təftişlərinin nəticələrini PA-ya təqdim etsinlər. Bütün bu məlumatların dəqiqləşdirilməsindən sonar isə daha bir neçə icra başçısı tutduqları vəzifə ilə vidalaşmaq məcburiyyətində qalacaqlar". Mənbənin sözlərinə görə, icra başçıları ilə bağlı bəzi mətbu orqanlarda iddia edildiyi kimi total işdənçıxarmalar nəzərdə tutulmayıb. Sadəcə olaraq, işində ciddi nöqsanlara yol vermiş, rəhbərlik etdikləri rayonda fəaliyyəti sosial narazılıqların formalaşmasına xidmət edən kadrların əvəz olunacağı planlaşdırılıb. Bununla bağlı qəzetimizin əldə etdiyi digər informasiyada isə bildirilir ki, son dəyişikliklərdən sonra ciddi şəkildə qorxuya düşən bəzi icra başçıları rəhbərlik etdikləri rayondakı çatışmazlıqları qısa zaman kəsiyində yoluna qoymaq üçün görünməmiş fəaliyyətə keçiblər. Xüsusilə də abadlıq-quruculuq işlərinin ləngidiyi həmin rayonlarda bu günlərdə tikintinin yenidən canlandığını deyən mənbəmizin sözlərinə görə, onlar indiyə qədərki maliyyə yeyintilərini bu yolla ört-basdır etməyə çalışırlar: "Hazırda bəzi rayonlarda bütün imkanlar yarımçıq qalmış işlərin tamamlanmasına yönəldilib ki, bu da məhz qorxu amili ilə bağlıdır. Çünki həmin rayonlardakı yeyintilər o dərəcədə böyükdür ki, buna görə həmin icra başçıları nəinki vəzifələrini itirə, hətta cinayət məsuliyyətinə də cəlb oluna bilərlər. Odur ki, onları gözləyən bu arzuolunmaz perspektivi önləmək üçün "1 nömrəli həyacan vəziyyətində" fəaliyyət göstərir".
Bu taktikanın onlara nə dərəcədə xeyir gətirəcəyini, hansı icra başçılarının "vurulacağı"nı isə yaxın günlərdə biləcəyik. Hər halda daxil olan bütün informasiyalarda ələmə prosesinin davam edəcəyi bildirilirsə gözləməyə dəyər.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20