Putindən Ukrayna ilə bağlı sensasion açıqlamalar
11:15 18-04-2014
İQTİSADİYYAT
Putindən Ukrayna ilə bağlı sensasion açıqlamalar
Rusiya prezidenti rəsmi Kiyevə və dünyaya meydan oxudu
Ukraynanın şərqində rus hərbçiləri yoxdur. Bu haqda deyilənlər cəfəngiyyatdır. Bunu canlı yayımda Rusiya vətəndaşlarının suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin deyib.
Ukraynanın hazırkı hakimiyyətinin ölkənin şərqində yalnız öz tərəfdarları ilə danışdığını deyən Putin konkret dialoq tərəfdarı olduğunu bildirməklə, silah olmadan, danışıqlar masasına əyləşməyin vacibliyini vurğulayıb.
Rəsmi Kiyevin mülki şəxslərə qarşı tanklardan istifadə etməsini pisləyən Rusiya prezidenti Ukraynanın uçuruma doğru irəlilədiyini bildirib.
Krımla bağlı sualı cavablandıran Putin ölkəsinin bu məsələdə tutduğu mövqeyi özünəməxsus şəkildə əsaslandırmağa çalışıb: "Rusiya başqa cür edə bilməzdi".
Ordunun Krımdakı referendumun təhlükəsizliyini təmin etməyə borclu olduğunu bildirən Rusiya prezidenti yarımadada hərbi əməliyyatın tələm-tələsik hazırlandığı, lakin yüksək peşəkarlıqla keçirildiyini vurğulayıb: "Biz Krımda yaşayan rusdilli əhalinin taleyinə görə narahatlıq keçirirdik. Rusiya heç vaxt heç kimə təcavüz etməyib. Rusiya Ukrayna ilə əlaqələri reallıqlardan çıxış edərək qurur".
Obama yenə
Putini hədələdi
Əgər Moskva Ukraynada öz hərəkətlərinə son qoymasa, onu hökmən əlavə sanksiyalar gözləyir. Bunu Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama CBS telekanalının efirində bəyan edib.
"Rusiya Krımı ilhaq etməklə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozub. Hazırda isə Ukraynanın şərqində Rusiyaya meylli qüvvələri dəstəkləyir. Məhz Rusiyanın dəstəyi ilə separatçılar Ukraynada vəziyyəti gərginləşdirir. Rusiya Ukraynadakı hərəkətlərinə davam edəcəyi təqdirdə, yeni sanksiyalar tətbiq olunacaq" - deyə Obama bildirib.
ABŞ prezidenti Ukrayna böhranının diplomatik yolla həllinin üstünlüyünü də bir daha vurğulayıb. "Rusiya Amerika ilə qarşıdurmada maraqlı deyil, biz də münaqişə tərəfdarı deyilik. Sadəcə biz əlimizdən gələni edirik ki, Ukrayna kimi dövlətlər öz coğrafi qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşasın".
Kerri və Eşton Ukraynanı müzakirə etdilər
İsveçrənin Cenevrə şəhərində Ukrayna ilə Rusiya arasındakı böhran ətrafında dördtərəfli görüş keçiriləcək. Görüşdə ABŞ, Avropa Birliyi, Rusiya və Ukrayna nümayəndələri iştirak edəcək.
Birləşmiş Ştatları dövlət katibi Con Kerri, Avropa Birliyini xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton, Rusiyanı və Ukraynanı isə xarici işlər nazirləri Serqey Lavrov və Andriy Deşitsa təmsil edir.
Artıq Con Kerri ilə Ketrin Eşton arasında ikitərəfli görüş keçirilib. Tərəflər Kiyevin Moskva ilə dialoqa girmək üçün son cəhdini və Rusiyaya qarşı əlavə iqtisadi sanksiyaların mümkünlüyünü müzakirə ediblər.
Turçinov: "Qorxaqlıq nümayiş etdirən 25-ci Dnepropetrovsk
hava-desant briqadası ləğv ediləcək"
Aprelin 16-da Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhəri yaxınlığında silahlarını separatçılara təhvil verən hərbçilər məhkəmə qarşısına çıxarılacaq. "Ukrainskaya pravda" saytının yaydığı xəbərə görə, bunu Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov parlamentin iclasında elan edib.
"Mən sizə məlumat vermək istəyirəm ki, əsgərləri qorxaqlıq nümayiş etdirən və silahlarını təhvil verən 25-ci Dnepropetrovsk əlahiddə hava-desant briqadası ləğv ediləcək. Bu işdə günahı olan hərbçilər isə məhkəmə qarşısında cavab verəcək", - deyə A. Turçinov söyləyib. O, artıq Müdafiə Nazirliyinə və Baş Prokurorluğa müvafiq tapşırıqlar verildiyini açıqlayıb.
Turçinov aprelin 17-nə keçən gecə Mariupol şəhərindəki hərbi hissənin silahlı quldurlar tərəfindən hücuma məruz qalması barədə də danışıb: "Avtomat silahlar, qumbaralar və içində yandırıcı maye olan şüşələrdən istifadə edərək üç dəfə hücuma keçən cinayətkarlara qarşı əks-hücum təşkil edilib. Nəticədə 3 cinayətkar ölüb, 13-ü yaralanıb, 63-ü sağ ələ keçirilib. Digərləri qaçıblar və hazırda milis tərəfindən təqib olunurlar".
Ukraynalı oliqarx dövlətə təhvil veriləcək hər
təxribatçıya, hər silaha və inzibati binaya görə pul mükafatı vəd etdi
Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru, məşhur oliqarx İqor Kolomoyski şərq vilayətlərindəki rusiyalı təxribatçılarla ("zelyonıye çeloveçki") və separatçılıqla mübarizədə yeni metod təklif edib. Bu barədə Dnepropetrovsk qubernatorunun müavini Boris Filatov açıqlama verib.
B. Filatov Donetsk və Luqansk vilayətlərində son günlər baş verən hadisələr barədə çox düşündüklərini söyləyib: "Gəldiyimiz yeganə qənaət ondan ibarətdir ki, bu, səfalətin inqilabıdır. Ümidsiz, yorğun və hakimiyyət tərəfindən eşidilməyən insanların qiyamıdır. İnsanlarımızı çarəsizlik girdabına salmış Yanukoviç güruhu bu gün xalqdan oğurlanmış pulları paylayaraq onları separatçılığa təhrik edir və bizə dost olmayan qonşu dövlətin tərkibində xoş gələcək vəd edir".
Filatov Donbass sakinlərinə üzünü tutaraq deyib: "Donbassdan olan, yolunu azmış, dolaşığa düşmüş, əclafların boş və şirin vədlərinə aldanmış rusdilli qardaşlarımız! Bizim təklifimiz var. Təhvil veriləcək hər avtomata görə 1000 dollar, hər pulemyota görə 1500 dollar, hər qumbaraatana görə 2000 dollar mükafat ödənəcək. Ümumi vətənimizə qəsd etmiş və bizi qardaş qırğınına sürükləmək istəyən hər muzdlu təxribatçının tutulub təhvil verilməsinin əvəzində 10 min dollar vəd edirik. Ələ keçirilmiş hər inzibati binanın yerli hakimiyyətə və bizim yaratdığımız "Dnepr" batalyonuna təhvil verilməsinin əvəzində 200 min dollar ödənəcək!"
Filatov təxribatçılarla mübarizə məqsədilə yaradılan "Dnepr" xüsusi batalyonunun ilk dəstələrinin artıq formalaşdırıldığını və hərbi vəzifələrin yerinə yetirilməsinə hazır olduğunu bildirib.
Qeyd edək ki, yəhudi əsilli məşhur biznesmen İqor Kolomoyski Ukraynanın ən zəngin ikinci adamıdır. O, ölkənin ağır vaxtında özü könüllü olaraq doğulduğu Dnepropetrovsk vilayətinə rəhbərlik etmək istəyib və onun bu istəyi prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov tərəfindən təmin edilib. Kolomoyski dövlətdən maaş almayacağını və ölkədə qayda-qanun yarandıqdan sonra vəzifədən gedəcəyini bildirib.
Ukraynada hərbi hissəyə hücum zamanı:
3 separatçı öldürüldü
Mariupoldakı hərbi hissəyə hücum zamanı 3 nəfər ölüb, 13 nəfər yaralanıb. Bu barədə öz "Facebook" səhifəsində Ukraynanın daxili işlər naziri Arsen Avakov yazıb.
Avakovun sözlərinə görə, ölən və yaralananlar arasında ukraynalı əsgərlər yoxdur.
Nazir həmçinin qeyd edib ki, hücum edənlərdən 63 nəfər saxlanılıb.
Yanukoviç 3 günə
Ukraynaya qayıdır?
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç aprelin 20-də Donetsk vilayətinə gələcək. Belə iddia ilə Rusiya mətbuatı Polşanın Ukraynadakı səfirliyində olan mənbələrinə istinadən çıxış edib.
"Viktor Yanukoviç Ukraynaya geri qayıdır. Lakin Kreml Donetskin ictimai-siyasi taleyi ilə bağlı hələlik qərar qəbul etməyib. Dontesklə bağlı iki variant nəzərdən keçirilir: Müstəqil Donetsk respublikasının yaradılması və ya Krım respublikası kimi Rusiyanın tərkibinə qatılması", - Polşanın Ukraynadakı səfirliyinin nümayəndəsinin Rusiya mətbuatına ötürdüyü xəbərdə deyilir.
Qeyd edək ki, Viktor Yanukoviç bu ilin fevral ayında ölkədə baş verən etiraz aksiyaları fonunda Kiyevi tərk etmişdi. O, ardıcıl olaraq Xarkov, Donetsk, Luqansk vilayətlərinə, oradan da Krıma getmişdi. Fevralın 28-də isə Rusiyanın Rostov-na-Donu şəhərində mətbuat konfransı keçirmişdi.
Rəy: "Krım Rusiya
üçün tələ, iplər isə
ABŞ-ın əlindədir"
Ukraynanın şərqindən hər saat xoş olmayan xəbərlər gəlməkdə davam edir. Rəsmi Kiyev antiterror əməliyyatlarının aparılması ilə bağlı qərar versə də, istənilən nəticə hələ yoxdur.
Donetsk vilayətinin bir neçə şəhərində Rusiya tərəfdarı olan silahlılar inzibati binaları əllərində saxlayır. Ukrayna hakimiyyəti Rusiyanın Ukraynanın şərqinə diversant qruplar göndərdiyini iddia edir. Məlumatlara görə, Rusiya hərbi kəşfiyyat orqanlarının bir neçə əməkdaşı da həbs edilib.
Bütün dünyanın daha çox düşündürən məsələ isə rəsmi Moskvanın bundan sonra necə davranacağı ilə bağlıdır. Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri seperatçıları dəstəkləyən Rusiyanın heç də xoş olmayan proseslərlə qarşılaşacağını dilə gətirib.
Politoloq hesab edir ki, Rusiya yol verdiyi yanlış hərəkətinə görə, hazırda əvəz ödəyir: "Rusiya hazırda vəziyyətdən çıxış yolları axtarır. Krımın Rusiyaya birləşdirilməsi bir sıra səbəblərlə izah edilir. Bunlardan biri də Putin hakimiyyətinin ölkə daxilində ciddi uğursuzluğu ilə bağlıdır. Putin daxildə uğur qazana bilmədiyi üçün xaricdə uğur qazanaraq öz reytinqini yüksəltmək istəyir. Bu eyforiya rus cəmiyyətində, xüsusilə millətçilərdə var və Putinin reytinqi hazırda ən yüksəkdir. Amma bu yaxın perspektivdə belədir. Uzaq perspektivdə görünən odur ki, Rusiya informasiya, həm də ideoloji baxımdan qlobal güclərə uduzub. Rusiya dövlətinin, onun prezidentinin imici ciddi zərbə alıb. Rusiyanı etibarlı tərəfdaş kimi heç bir beynəlxalq təşkilatda tanımırlar. Rusiyanın bundan sonra hər hansı bir dünya dövlətini, beynəlxalq təşkilatları inandırması çox çətin olacaq. Rusiyanın itirdikləri Krımın fonunda qazandıqlarından qat-qat çoxdur".
N.Mirinin sözlərinə görə, Rusiya vəziyyətdən xilas olmaq üçün müxtəlif vasitələrə əl atır. Ukraynaya birbaşa müdaxilə etməyə risk etmədiyini deyən politoloq bildirib ki, Moskva Ukraynanın 50 milyonluq bir bataqlıq olduğunu da anlayır: "Bu elə bir bataqlıqdır ki, Rusiya buraya girsə, çıxa bilməz. Rusiya həm də anlamamış deyil ki, o ABŞ-ın qurduğu Krım tələsinə düşüb. Ola bilsin ki, yaxın perspektivdə Krım Rusiyanın uğuru sayılsın. Amma qeyd edək ki, NATO ikinci dünya müharibəsindən sonra bu qədər Rusiya sərhədlərinə yaxınlaşa bilməmişdi. Rusiyanın bütün sərhədlərində NATO ciddi şəkildə güclənir. NATO-nun gəmiləri artıq Qara dənizdədir, ABŞ, Fransa və Rumınıya hərbi gəmiləri birgə hərbi təlimlər keçirir. Şərqi Avropa ölkələrində bütün növ hərbi qüvvələr artırılır. Balkan və Skandinaviya ölkələrində NATO ciddi şəkildə güclənir. Onun sərhədlərinə yaxınlaşması və güclənməsi üçün Rusiya NATO-nun əlində güclü əsaslar verdi. Rusiya NATO-nun onu əhatəyə alması siyasəti qarşısında acizdir. Rusiya Krım işğalı ilə NATO-ya tutarlı əsaslar verdi. Rusiya Krım işğalı ilə ABŞ-ın tələsinə düşdü. Bu tələdə iplər artıq ABŞ-ın əlindədir".
Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri hesab edir ki, Moskva Qərb, eyni zamanda Ukrayna ilə danışıqlar masasına oturaraq böhranın həllinə səy göstərməsə, proses Rusiyanın çöküşünə kimi davam edə bilər: "Proses bir az da dərinə gedərsə, hətta Rusiyanın özünün daxilində seperatizm dalğasını məhz Qərb alovlandıra bilər. Bunun qarşısını almaq Rusiya üçün çox çətin olacaq, proses hətta Rusiyanın bir neçə hissəyə bölünməsinə qədər inkişaf edə bilər. Fikrimcə, uzaq perspektivdə bu proses Rusiyanın əleyhinə işləyəcək".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17