Bakı dəmiryolu vağzalı necə qorunur?
11:37 18-04-2014
İQTİSADİYYAT
Bakı dəmiryolu vağzalı necə qorunur?
Rəsmi mövqe: "Siz elə bilməyin ki, onlar heç nəyə nəzarət etmirlər"
"Əlimdə boş ayaqqabı qutusunun olduğu çanta ilə vağzala daxil oldum. Girişdə nə məni, nə də çantamı yoxladılar. Vağzalın içərisində gözümə cəmi 2 polis əməkdaşı dəydi. Onların da hərəsi bir işlə məşğul idi".
Bu "anspress" əməkdaşının dəmir yolu vağzalında təhlükəsizliyinin necə təmin olunması ilə bağlı reportaj hazırlamaq üçün vağzala yollandıqda qarşılaşdığı mənzərə idi. Dəmir Yolları vağzalında demək olar ki, heç kimin çantası yoxlanılmır.
Son aylar Azərbaycanın hüquq-mühafizə orqanları, güc strukturları radikal dini qruplarla bağlı xəbərdarlıq edib. Ölkədə radikal dini qruplara qarşı mübarizə aparılır. Vağzalın içərisində "anspress" əməkdaşının müşahidələri zamanı çantaların yoxlanılmaması və cəmi 2 polisin olması təhlükənin nə qədər böyük olmasından xəbər verir. Polislərdən biri siqaret çəkə-çəkə (vağzalın girişində böyük hərflərlə siqaret çəkməyin qadağan olunduğu yazılıb-S.M.) telefonunda nə iləsə məşğul idi, digəri isə vağzalın şüşələrinin arxasından şəhərin mənzərəsini seyr edirdi. Vağzalın əsas hissəsindən platformaya gedən dəhliz isə ümumiyyətlə mühafizə olunmur. Bura daha çox sonunda işıq görünən qaranlıq tunelə bənzəyirdi. Keçiddə nə təhlükəsizlik əməkdaşları, nə də müşahidə kameraları vardı.
"anspress" əməkdaşı təhlükəsizlik tədbirlərinin hansı səviyyədə təşkil olunduğunu yoxlamaq üçün çantanı keçidin bir hissəsinə qoyub oradan uzaqlaşır. Təxminən yarım saat kənardan müşahidə etdikdən sonra çantaya yaxınlaşanın olmadığını görüb, çantanı götürərək ərazini tərk edir.
Vağzalda təhlükəsizlik tədbirlərinin bu səviyyədə olması istənilən terror aktına yol aça bilər və sərnişinlərin həyatını təhlükə altına salır. Məsələn, ən yaxın tariximizdə baş verənləri xatırlayaq. 1994-cü il martın 19-da Bakı Metropoliteninin 20 yanvar stansiyasında törədilən terror aktını unutmamışıq. Xatırladaq ki, 20 yanvar stansiyasında Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı "Sadval" təşkilatının üzvləri tərəfindən həyata keçirilən terror aktı nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdı.
Söhbət etdiyimiz sərnişinlər də vağzaldakı təhlükəsizlik tədbirlərindən narazıdır. 47 yaşlı Qazax sakini Solmaz Cəlilova bildirdi ki, çantaları nəinki vağzalın girişində, qatara daxil olandan sonra da yoxlamırlar: "Bakıya tez-tez gəlib gedirəm. Hər dəfə gələndə bəzi kənd məhsulları gətirirəm. Hələ indiyənə kimi yadıma gəlmir ki, sumkaları yoxlasınlar".
Bəs, Bakı vağzalında sərnişinlərin təhlükəsizliyi ilə bağlı mövcud problemi necə həll edə bilərik?
"Azərbaycan Dəmiryolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov vağzalda sərnişinlərin gətirdiyi çantaların yoxlanılmadığını etiraf etdi. O, bildirdi ki, çantalar yoxlanılmasa da ölkə daxilində hərəkət edən qatarlarda sərnişinlərin təhlükəsizliyi ilə Bakı şəhəri Baş Polis İdarəsinin əməkdaşı məşğul olur. Vağzalda isə sərnişinlər dəmiryolu nəqliyyat polisi tərəfindən mühafizə olunur: "Bundan başqa sərnişinlər də təlimatlandırılır ki, şübhəli şəxs və ya əşya görsələr, dərhal polis əməkdaşlarına xəbər versinlər. Qatara minərkən kimsə yaxınlaşıb deyir ki, bu çantanı qatardan düşəndə filankəsə verərsən. Sərnişinlərə bu cür hallara yol verməməsi barədə xəbərdarlıq edilir".
Onun sözlərinə görə, təhlükəsizlik tədbirlərindən biri də sərnişinlərin qatarlara şəxsiyyəti təsdiq edən sənədlə buraxılmasıdır. Belə ki, sənəddə hər hansı problemlə yaranarsa, həmin sərnişin qatara buraxılmır.
Bəs, sərnişinlərdən biri çamadanda partlayıcı və ya narkotik vasitə ilə vağzala daxil olursa, bunun qarşısı necə alınacaq? Polis necə biləcək ki, hansı sərnişinin çamadanında nə var nə yox? Nadir Əzməmmədov bu suallarımıza belə cavab verdi: "Vağzalda təhlükəsizliyə nəzarət edən dəmiryolu nəqliyyat polisinin əməkdaşları çox peşəkardırlar. Siz elə bilməyin ki, onlar heç nəyə nəzarət etmirlər. Onlar hər şeyi izləyirlər".
Saməddin Mehralıyev
Digər Xəbərlər
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23