Aqrar sahədə idarəetməni necə təkmilləşdirməli?
11:42 18-04-2014
İQTİSADİYYAT
Aqrar sahədə idarəetməni necə təkmilləşdirməli?
Ekspertlər prezidentin fərmanını şərh edirlər
Məlum olduğu kimi, aprelin 16-da prezident İlham Əliyev aqrar sahədə idarəetmə və islahatlara yönəlmiş fərman verib. Fərmanla bağlı artıq iqtisadçı ekspertlər öz rəylərini açıqlamağa başlayıblar.
Ekspert Rövşən Ağayev fərmanın 3-cü maddəsini şərh edib. Həmin maddədə deyilir ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə torpaqların münbitliyinin qorunması və artırılması, şoranlaşmış və şorakətləşmiş, eroziyaya uğramış torpaqların sağlamlaşdırılması tədbirlərini ölkədə aparılan iqtisadi strategiyaya uyğun olaraq müvafiq proqramlar əsasında həyata keçirməlidir.
Rövşən Ağayev bu məsələnin sərəncamda əks olunmasının vacib olduğunu bildirib: "Bu gün Azərbaycanda, hökumətin də etiraf elədiyinə görə, əkilən 1.8 milyon hektar torpağın yarısından çoxu şoranlaşıb. Torpaqları keyfiyyətli olmayan ölkədə yüksək məhsuldarlıq mümkün deyil".
Ekspert deyib ki, fərmanda iki məqamın olması vacib idi: "Birincisi idarəetmə təkmilləşməlidir. Hazırda torpaqların şoranlaşmasının qarşısının alınması ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti məşğul olur. Hər il dövlət büdcəsindən bu təşkilata həm investisiya, həm də kənd təsərrüfatı bölməsindən vəsait ayrılır. Ancaq bu günədək qurumun normal hesabatlılıq sistemi yoxdur və bilinmir şoranlaşma ilə mübarizə nəticəsində nə qədər torpağın keyfiyyəti bərpa olunub.
Əksər ölkələrdə torpaqların bərpa olunması ilə bağlı dövlət proqramları var. Rusiyada 10 illik federal proqram qəbul olunub. Həmin proqramda illər üzrə bərpa ediləcək torpaqlar və ayrılan pullar göstərilir. 16 aprel fərmanında hansı proqramdan söhbət getdiyi bəlli deyil. Ərzaq təhlükəsizliyi ilə bağlı proqramda şoranlaşma ilə bağlı bənd olsa da, bu məsələ ilə bağlı ayrıca proqram yoxdur.
Çox yaxşı olardı ki, fərmanla bu işin icra olunması birbaşa Kənd Təsərrüfatı Nazirliyinə verilsin. Bu sahədə vahid idarəetmə olmalıdır. Ancaq fərmanda şoranlaşma ilə mübarizə yenə müxtəlif qurumlara tapşırılıb".
İqtisadçı alim Vüqar Bayramov isə fərmanda nəzərdə tutulan planlardan birinə toxunaraq deyib: "Sənədə görə, Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələrinin yaradılması nəzərdə tutulur. Burada məqsəd nazirliyinin yerlərdə aqrar məsələlərə müdaxilə və nəzarət imkanlarını artırmaqdır. Nazirliyin strukturunun genişləndirilməsi eyni zamanda fermerlərə birbaşa məsləhətlərin, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalının öncədən planlaşdırılması üzərində qurulmalıdır. Son dövrün praktikası göstərir ki, məsələn, soğan bir il baha olur, növbəti il isə o qədər soğan əkilir ki, məhsul su qiymətinə gedir. Bu, plansızlığın nəticəsidir və aqrar sektorda planlaşdırılmanın aparılmasına ehtiyac var.
Kənd Təsərrüfatı Nazirliyi yalnız aqrar siyasət həyata keçirməməli, fermerlərə birbaşa məsləhətlər verməli və ölkənin tələbatını, ixrac potensialını nəzərə almaqla məhsul istehsalını planlaşdırmalıdır. Bu zaman dünya bazarında baş verən iqtisadi dəyişikliklər də nəzərə alınmalıdır. Çünki Azərbaycan hələ də xaricdən məhsul idxal edir və plansızlıq xaricdən ucuz məhsulların daxil olmasına, yerli məhsulların qiymətinin düşməsinə gətirib çıxarır.
Bəzi strateji məhsulların qiymətini öncədən təyin etmək mümkündür. Məsələn, taxıl məhsullarının qiymətini öncədən müəyyənləşdirmək olar. Və ya pambığın alış qiymətini zavodlar müəyyənləşdirir. Amma kütləvi istehsal olunan məhsulların qiymətini öncədən müəyyənləşdirmək mümkün deyil. O baxımdan vacibdir ki, hökumət qurumları, eləcə də Kənd Təsərrüfatı Nazirliyi fermer təsərrüfatlarına strateji olmayan məhsulların istehsal həcmi ilə bağlı öncədən məlumat versin".
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53