Gəncə Dövlət Universitetində müəllim qiyamı
10:44 19-04-2014
İQTİSADİYYAT
Gəncə Dövlət Universitetində müəllim qiyamı
Ali məktəbin müəllimləri etiraza qalxdı;
onların şikayət məktubunda müdhiş iddialar var
Gəncə Dövlət Universitetinin (GDU) Tarix-coğrafiya fakültəsinin bir qrup müəllimi rəhbərlikdən narazılıq edib. Müəllimlər bununla bağlı şikayət məktubunda GDU-da baş verən inanılmaz hadisələrdən yazıblar (modern.az).
Şikayətçilər bildiriblər ki, keçən ilin fevral ayında Yadigar Əliyevin GDU-ya rektor təyin olunması ilə universitetdə rüşvətxorluğa və müxtəlif neqativ hallara son qoyuldu. Məktub müəllifləri illərdir bu elm ocağında təhsil alan tələbələrin arzusunda olduğu şəffaflıq, rüşvətsiz, korrupsiyasız təhsil sistemi yaranan bir vaxtda müəyyən qruplaşmalar hərəkətə keçib. "Yadigar Əliyev təhsil ocağında illərdir hökm sürən problemlərin həllinə çalışdığı və buna müəyyən qədər də nail olduğu, zamanın tələbi olan mütərəqqi metodları tətbiq etməyə, islahatlara başladığı bir vaxtda maddi maraqlarını, mənfəətlərini güdən qruplaşma bu prosesi süngü ilə qarşıladı və nəticədə Yadigar Əliyev cəmi 8 ay rektor kürsüsündə otura bildi.
İşlədiyi bu 8 ay ərzində Yadigar Əliyev aylığa, illiyə, həftəliyə buraxılan tələbələrin hamısını dərsə gətirtdirdi, davamiyyəti bərpa etməklə, həm rüşvətin kökünü kəsdi, həm imtahanlarda obyektivliyi bərpa etdi, həm də illərdən bəri rüşvətlə yaşayıb nəfsinin qulu olan, öz maddi marağı naminə gələcəyimizi baltalayan, dünyaya qarnının gözü ilə baxan kirli pula bulaşmış elm nadanlarını... özünə qarşı bir cəbhədə, bir qrupda birləşdirdi. Bəli, Yadigar müəllim rüşvətə qarşı mübarizə aparırdı. Onun əleyhinə blirləşənlər isə, prorektor Yusif Yusifov başda olmaqla, İldırim Qasımov, Asif Cavadov və digərləri rüşvətə qarşı mübarizə aparanla mübarizə aparırdı" - deyə məktub müəllifləri vurğulayıblar.
Şikayətçilərin sözlərinə görə, prorektor Yusif Yusifov, kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev, fizika və texniki fənlər fakültəsinin dekanı İldırım Qasımov, Asif Cavadov və tələbələri "illiyə" buraxan digər fakültələrin dekanları, üstəgəl universitet xaricində olub, amma buradakı qrupu öz maraqlarının müdafiəçisinə çevirənlər külli miqdarda məbləğin itirilməsini yeni rektora bağışlamayıblar: "Məlumunuz olsun ki, prorektor Yusif Yusifov Maliyyə Nazirliyinin tabeliyindəki Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan Cavanşir Yusifovun qardaşıdır və maliyyə nazirinin müavini olan Azər Bayramovla həm iş yoldaşı, həm də dostdurlar. Azər Bayramovun qardaşı Ceyhun Bayramov isə təhsil nazirinin 1-ci müavinidir. Demək belə, prorektor Yusif Yusifov sözünü-istəyini qardaşı Cavanşir Yusifova, o da öz növbəsində maliyyə nazirinin müavini olan iş yoldaşı və dostu Azər Bayramova, o da təhsil nazirinin müavini olan qardaşı Ceyhun Bayramova, Ceyhun Bayramov da nazir Mikayıl Cabbarova çatdırırdı. Nəticədə bu adamların təzyiqi ilə Yadigar Əliyevə məcburi istefa ərizəsi yazdırıldı".
Şikayətçi müəllimlər bildiriblər ki, indi GDU-nun qara günləri yenə başlayıb, universitetdə özbaşınalıq baş alıb gedir. Vəzifələrə kadrlar bacarığına görə yox, hansısa maraqlara görə təyin olunur. Yadigar Əliyevin çıxarılmasında birləşən dəstənin üzvləri vəzifələrə gətirilir, tələbələrdən pul alınması üçün müxtəlif vasitələr tətbiq olunur. "Yadigar Əliyevin vaxtında rektora dəstək olan müəllimlər təqib olunur, onların dərs saatları azaldılır. Universitetdə tədris prosesi tamamilə pozulub. Dərs zamanı tələbələr dərsdən ayrılaraq iməciliklərə, muzeylərə aparılır. Dərs başlayan kimi dekan və dekan müavinləri gəlib tələbələri yoxlayır, bunlar otaqdan çıxmamış tyutorlar, ardınca tədris şöbəsinin işçiləri, onun ardınca monitorinq qrupunun üzvləri auditoriyaya girib mənasız yoxlanış aparırlar, dekanların və kafedra müdirlərinin səlahiyyətləri əlindən alınıb. Beləliklə, dərsin yarıdan çox hissəsi yoxlanışlara gedir. Axırıncı Elmi Şurada yoxlanışa gələn Urfan müəllimlə bizim fakültənin dekanı, professor H.Sadıqov arasında əlbəyaxa dava düşdü. Urfan müəllim uzun illərdir ki, universitetdə adı işdə ola-ola, Bakıda, habelə Rusiyanın müxtəlif şəhərlərində ticarətlə və taksi fəaliyyəti ilə məşgul olurdu. İndi isə əyri yollarla tarix fakültəsinə dekan olmaq istəyir. İllərlə işə gəlməyən şəxsi rektor davamiyyəti və dərsləri yoxlamaq üçün bizim fakültəyə göndərir".
Narazı müəllimlər deyirlər ki, fakültələrdən birinin dekanı ağsaqqal olmağına, müəllim kimi şərəfli adı daşımağına baxmayaraq etik qaydalara sığmayan hərəkətlərlə məşğuldur: "Dekan adlandırılan həmin professor laborant bir xanımı tyutor vəzifəsinə təyin edib və demək olar ki, fakültə dekanlığının bütün işlərini həmin xanım idarə edir, həmin fakültə tələbələrindən otaqların pəncərələrinə jalüzlər, koridorlara xalçalar alınması üçün pul yığılır. GDU-nun büdcəsində olan pullar isə hara gəldi xərclənir. Kafedralara verilən inventarlar artıq yazılır, bir neçəsi kafedralara veriləndə qalan əksər hissəsi mənimsənilir. Məlum olduğu kimi, Yusif Yusifovun qardaşı Cavanşir Yusifov Maliyyə Nazirliyində büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət edən xidmətin rəisidir. Bu isə o deməkdir ki, Yusif Yusifov maliyyə məsələlərinin təyinatı üzrə xərclənməsində "sərbəstdir"".
Şikayətçilər bildiriblər ki, kollekvumlarda özbaşınalıq baş alıb gedir. "Bir kollekviumun qiyməti 40-50 manat həcmində müəyyənləşdirilib. Yusif Yusifovun rektor təyinatından sonra universitetdə "çiçəyi açanlar" da var. Keçmiş rektora qarşı mübarizədə Yusif Yusifova hərtərəfli dəstək verən kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev, fizika və texniki fənlər fakültəsinin dekanı İldırım Qasımovun yeni təyinatdan sonra ulduzları parlayıb. Onlar özlərini Yusif Yusifovun faktiki şərikləri kimi aparmağa başlayıblar. Görəsən, Gəncə Dövlət Universitetindəki bu anarxiyaya son qoyan tapılacaqmı?" deyə narazı müəllimlər sonda sual ediblər.
Səslənən ittihamlara Gəncə Dövlət Universitetinin rəhbərliyinin hansı cavab verəcəyi maraq doğurur. Eyni zamanda təhsil naziri Mikayıl Cabbarovun da müəllimlərin etirazlarına reaksiya verib-verməyəcəyini zamanla görəcəyik. Hələlik isə görünən odur ki, GDU-da sular əməlli-başlı bulanıb.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53