Ukraynada yenə silahlar işə düşdü
11:38 22-04-2014
İQTİSADİYYAT
Ukraynada yenə silahlar işə düşdü
Donetskdəki atışmada yaralananlar var; Kremlin bölgə ilə bağlı planlarına dair ilginc iddia!
Ukraynanın Donetsk vilayətində naməlum silahlı dəstələr Ukraynanın desant briqadasını atəşə tutub.
Belə ki, naməlum şəxslər motoskiletlə Donetsk şəhərində yerləşən Ukrayna ordusunun desant hissələrinin yerləşdiyi əraziyə yaxınlaşıb və ukraynalı əsgərlərə avtomat silahından atəş açıb. Ukrayna mətbuatının verdiyi xəbərə görə, atışma nəticəsində ukraynalı əsgərlərdən xəsarət alan olmasa da, hücum edən tərəfdən bir nəfər yaralanıb.
Baş vermiş hadisədən dərhal sonra Ukrayna Müdafiə Nazirliyi məlumat yayaraq Donetskdə vəziyyətin Ukrayna hökumətinin tam nəzarətində olduğunu bildirib.
Qeyd edək ki, dünən səhər saatlarında Ukraynanın Slavyansk vilayətində də oxşar hadisə baş vermişdi. Orda da naməlum silahlılar Ukrayna ordu hissələrinin mövqelərini atəşə tutmuşdu.
İlginc iddia: "Donetskdə Rusiyanın "yardımı"na şərait yaradılır"
"Donetsk vilayətinin Slavyansk şəhəri ətrafında insanların həlak olması "Donetsk Xalq Respublikası"nın provakasiyasının nəticəsidir". Bu sözləri "Facebook" səhifəsində Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun nümayəndəsi Dmitri Tımçuk yazıb.
O, qeyd edib ki, diversiyaların təşkili üçün bir gün əvvəl dörd avtomobil oğurlanıb. Hadisə yerində qalan atomobillərdə isə milliyyətçi "Sağ sektor" təşkilatına aid simvollar tapılıb. "Bizim məlumatlarımıza görə, bu diversiyalar Ukrayna ərazisinə hərbi müdaxiləyə şəraitin yaradılması üçün Rusiyanın hərbi-siyasi rəhbərliyinin hazırladığı ümumi plan çərçivəsində həyata keçirilib. Bu hadisə özünün müstəqilliyini elan etmiş Donetskin rəhbərliyinin Rusiya qoşununun köməyini tələb etməyə imkan verdi", - D.Tımçuk yazıb.
Qeyd edək ki, özünü Donetsk vilayətinin Slavyansk şəhərinin meri elan Vyaçeslav Ponomaryov şəhərdə komendant saatı tətbiq edib.
Məlumata görə, komendant saatının tətbiqinə ehtiyac 19 Aprel tarixindən 20-sinə keçən gecə şəhər ətrafında baş verən atışmadan sonra yaranıb. Ukraynanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, həmin geçə iki silahlı qrup arasında baş verən atışma zamanı Slavyansk şəhərinin bir sakini ölüb, üçü isə yaralanıb.
Rusiyanın bəzi media orqanları atışmada iştirak edən tərəflərdən birinin milliyyətçi "Sağ sektor"un üzvləri olduğunu bildirib. Ukrayna Milli Təhlükəsizlik Şurasından yayılan açıqlamada isə Rusiya KİV-lərində səsləndirilən iddiaların Rusiyanın provokasiyası olduğu bildirilib. Qeyd olunub ki, Rusiya bununla da Ukrayna hakimiyyətinin ölkədəki vəziyyətə nəzarət edə bilmədiyini göstərməyə çalışır.
Moskvanın anladığı
dil: diplomatiya,
yoxsa sanksiya?
ABŞ senatorları Rusiyanın "Qazprom" şirkətinə qarşı sanksiyaların tətbiq edilməsini təklif edib. ABŞ-ın məşhur NBC kanalının efirində respublikaçı senator Bob Korker Rusiya ordusunun Ukrayna sərhədindən geri çəkilməyəcəyi halda ABŞ-ın sərt addımlar atmalı olduğunu deyib.
Demokrat senator Kris Merfi də həmkarını dəstəkləyib. Daha əvvəl isə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer prezident Barak Obamanın Rusiyanın bank, energetika və mədənçıxarma sahələrinə qarşı sanksiyaların tətbiqi imkanlarına baxdığını deyib.
Qərb Ukrayna böhranı ilə bağlı Cenevrədə keçirilən dördtərəfli danışıqların nəticəsinin əhəmiyyətli olduğunu bildirsə də, ABŞ və onun müttəfiqləri Rusiyaya qarşı əlavə sanksiyaları tətbiq etməyə hazırdır. Qərb Ukraynanın cənub-şərqində vəziyyətin dəyişməyəcəyi halda Moskvanı daha güclü şəkildə cəzalandırmaqdan imtina etməyəcəyini büruzə verir. Cenevrə razılaşmasından bir gün sonra Ağ Ev xəbərdarlıq etdi ki, Rusiya sənəd üzrə götürdüyü öhdəliklərə əməl etməsə və Ukraynanın cənubi-şərqinə qoşun göndərmək barədə qərar qəbul edərsə, onu yeni sanksiyalar gözləyir.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Süzan Rays qeyd edib ki, Vaşinqton "yaxın günlərdə" Rusiyanın üzərinə düşən öhdəlikləri yerinə-yetirmədiyini diqqətlə izləyəcək. Rusiyanın əsas öhdəliyi isə Ukraynanın şərqindəki rusmeylli qrupları təslim olmağa inandırmaqdır. Prezident B.Obama isə bildirib ki, Rusiyaya qarşı sanksiyalar barəsində Almaniyan kansleri Angela Merkel və Böyük Britaniyanın baş naziri Devid Kameron ilə məsləhətləşmələr aparıb.
"Bloomberg" agentliyinin məlumatına görə, Ağ Ev artıq bir sıra Amerika investisiya şirkətlərinin nümayəndələrinə sanksiyaların genişlənəcəyi barədə xəbərdar edib. Dövlət Administrasiyanın adı çəkilməyən bir nümayəndəsinin sözlərinə görə, sanksiyalar ilk növbədə Rusiya prezidenti Vladimir Putin və yaxın ətrafının nəzarət etdiyi şirkətlərə qarşı planlaşdırılır. O, əlavə edib ki, sahə üzrə sanksiyalar da mümkün variantlardan biridir. "Ən güclü silah sanksiyalar ola bilər. Söhbət İrana qarşı tətbiq olunan sanksiyaların oxşarından gedir. Yəni, biz faktiki olaraq Rusiyanı beynəlxalq maliyyə bazarlarından çıxara bilərik",- Vaşinqton İnstitutunun direktor müavini, Rusiya məsələləri üzrə ekspert Uilyam Pomerans hesab edir. Ekspertin fikrincə, ruslar da bundan qorxurlar və sanksiyalardan qaçmaq istəyərdilər.
Avropa İttifaqının büdcə məsələləri üzrə ali komissarı Yanuş Levandovski bildirib ki, qurum Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar paketini hazırlayıb. Lakin o, ətraflı danışmaq səlahiyyətinə malik olmadığını deyib.
Almaniyanın müdafiə naziri Ursula Layen alman hökumətinin Rusiyaya qarşı yeni sanksiyaları hazırladığını təsdiq edib. "Focus" jurnalına müsahibə verən nazir sanksiyaların iqtisadi mərhələsinin bütövlükdə dünya iqtisadiyyatını geri tullayacağını, amma Rusiyaya daha güclü və uzunmüddətli toxunacağını dilə gətirib.
Putindən növbəti
"SSRİ həmləsi"
Dünən o da məlum olub ki, Rusiya prezidenti Vladimir Putin keçmiş SSRİ ərazisində yaşayan rusdilli əhaliyə Rusiya vətəndaşlığının verilməsini asanlaşdıran qanunu imzalayıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
"Rusiya Federasiyasının vətəndaşlığı haqqında" qanuna dəyişikliklər edilməsi haqqında" qanuna əsasən, Rusiya Federasiyası ərazisində yaşayan və "rus dilinin daşıyıcısı" kimi tanınan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərin Rusiya vətəndaşlığına qəbulu sadələşdirlimiş qaydada aparılacaq.
Hazırda və ya əvvələr mütəmadi olaraq Rusiya Federasiyası ərazisində, yaxud Rusiya İmperiyası və SSRİ-nin dövlət sərhədləri daxilində yaşayan, bu dildə danışan, rus dilindən ailə -məişət, ictimai, mədəni və digər sferalarda istifadə edən şəxslər və onların qohumları "rus dilinin daşıyıcıları" kateqoriyasına daxil edilib. Əcnəbinin rus dilini bildiyi və xarici ölkə vətəndaşlığından imtina edəcəyi halda bu qanun ona şamil ediləcək.
Əgər "rus dilinin daşıyıcısı" olan həmi şəxsin vətəndaşlığı Rusiya ilə imzalanmış beynəlxalq müqavilə çərçivəsindədirsə, yaxud xarici ölkə vətəndaşlığından imtina həmin xarici vətəndaşın iradəsindən asılı deyilsə, o zaman əcnəbi ölkə vətəndaşlığından imtina tələb olunmur. Əcnəbi vətəndaşlıqdan imtina edən xaricilər sadələşdirlmiş qaydada vətəndaşlıq ala bilərlər.
Bunun üçün 5 il fasiləsiz Rusiya ərazisində yaşamaq tələb olunur. Belə vətəndaşlar üçün viza verilməsinin yeni qaydası tətbiq olunacaq. Həmin şəxs əgər "rus dilinin daşıyıcısı" kateqoriyasına salınıbsa, onun ölkədə qalıb işləməsi üçün veriləcək vizası yalnız Rusiya vətəndaşlığı üçün müraciət etdiyi təqdirdə uzadılacaq.
Bu kateqoriyadan olanlar üçün viza müddəti 3 illik nəzərdə tutulub. Əgər bu şəxs 2 il müddətində Rusiya vətəndaşlığı üçün rəsmi müraciət etməsə, onun vizası ləğv olunur. Göstərilən tələblərə uyğun gələn şəxslər üçün Rusiya vətəndaşlığı almaq üçün onların Rusiyaya gəlməsinə güzəştli şərtlər müəyyənləşdiriləcək.
Dövlət Duması qanunu aprelin 4-də qəbul edib.
Krım 5-ci qumarxanaya çevriləcək
Bu arada Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiya ərazisində beşinci oyun zonasını Krım Respublikasında yaradılması haqda qanun layihəsini isə Dövlət Dumasında irəli sürüb.
Krımın dövlət başçısının öhdəliklərini icra edən Sergey Aksenov bildirib ki, kazino və oyun zonaları Krımın bütün ərazisində olmayacaq və hər şey bir yerdə cəmləşəcək. Oyun biznesi Krımın iqtisadiyyatının bir hissəsi olacağı düşünülür.
Qeyd edək ki, 2009-cu ildən etibarən Rusiya ərazisində 4 yer istisna olmaqla qumar və digər oyunlara qadağa qoyulub.
Roma papası Ukrayna üçün dua elədi
Roma papası I Fransisk dünən Vatikanda Müqəddəs Pyotr meydanında Pasxa ayini keçirərək bütün dünya katoliklərinin bayramını təbrik edib.
Müqəddəs Pyotr kilsəsinin qarşısındakı meydan Hollandiyadan gətirilmiş minlərlə zanbaq, nərgiz, suzanbağı, azaliya və qərənfillə bəzənib. Çiçəkli bəzəyin rəngləri isə Vatikanın dövlət bayrağını xatırladıb - ağ və sarı.
Günorta vaxtı I Fransisk Müqəddəs Pyotr kilsəsinin eyvanına çıxaraq ənənəvi Urbi et Orbi ("şəhərə və dünyaya") xeyir-duasını və pasxa təbrikini çatdırıb. Papa İsa Məsihdən "bütün - xırda və böyük, təzə və köhnə - müharibələri dayandırmasını" istəyib.
Həmçinin o, Ukraynadakı hadisələrə də diqqət yetirib və İsadan "Ukraynadakı sülhyönümlü təşəbbüslləri ruhlandırmağı təvvəqqe edib ki, dünyanın köməkliyi ilə maraqlı tərəflər zorakılığın qarışısını ala və ölkələrinin gələcəyini qura bilsinlər".
Papa Qvineya, Syerra-Leone və Liberiyada Ebola qızdırmasından əziyyət çəkənləri də yada salıb. Sonra Fransisk Suriyada sülhə səsləyib: "Qoy dinc əhaliyə qarşı bir daha silahlar işlədilməsin, müharibə edənlər isə özlərində qüvvə taparaq nəhayət dialoqa gəlsinlər".
Papa Fələstin və İsrail münasibətləri də yaddan çıxmayıb. O, İraqdakı qardaş qırğınını, Mərkəzi Afrika Respublikasında, Cənubi Sudanda və Nigeriyadakı dəhşətli terror aktlarını pisləyib.
Pasxa vəzini Fransisk dünyanın müxtəlif ölkələrində yaşayıb, bir-birilə yeni texnologiyalar və sosial şəbəkələrlə əlaqə quran imanlı insanları təbriklə bitirib.
O, Vatikandakı meydanda toplaşanların, Pasxa vəzini televizor və ya İnternet vasitəsilə izləyənlərin hamısının günahını bağışlayıb.
Vatikanın hesablamalarına görə, bayram ayinində təxminən 150 min insan iştirak edib. İnsanların sayı o qədər çox olub ki, Roma hökuməti Vatikana aparan Via dela Konçiliatsione küçəsini maşınların hərəkətinə bağlayıb.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53