Beşinci kalonun Azərbaycan düşərgəsi
Beşinci kalonun Azərbaycan düşərgəsi

2-ci Yekaterinanı təmin edənlər , Putini də təmin etməlidir. Amma Putin kişidir.

Krımın işğalı dünya düzənində ki, yenilikləri ortaya çıxartdı. Ortaya çıxanlar nə oldu? Aydın oldu ki, dünyanın idarə olunması elə köhnə qayda ilə davam etdirilməkdədir. Nə qədər demokratik islahatlar, inteqrasiya proseslərindən danışılsada güc kimdədirsə son sözdə güc sahibindədir.Tutalım Misirdə, İraqda, Əfqanıstanda bunu ABŞ təsdiq etdisə, Suriya və Ukrayna məsələsində də bunu Rusiya sübutladı. Və... yenə də aydın oldu ki, ortada bir Rusiya-ABŞ qarşıdurması var və bu qarşıdurma xırda balıqları akula ovuna çevirməklə məşğuldur. Avropa soyuğa və istiyə dözümsüzlükdən, hər zaman nəticəni gözləyir. Amma istiyə öyərəşən ABŞ-la, şaxtanı sevən Rusiya geri çəkilmək niyyətində deyil. Bu yazıda isə biz şaxtalı Rusiyanın əsdirdiyi küləyin fəsadlarına diqqət ayıracağıq. Daha doğrusu Azərbaycanda əsən şimal küləyinin sızıltısını hiss etməyə çalışacağıq.

Azərbaycanda
kəsilən lent

II Yekatrinanın təsis etdiyi imperiya simvolu Bakıda Rusiyanın dostlarına paylanır. Söhbət "Georgiyev lenti"ndən gedir. Bizlər adətən lent deyiləndə haranınsa açılışında kəsilən qırmızı (nədən qırmızı,buda hələ məlum deyil) lent yadımıza düşür; yada gəlinin belinə bağlanan qırmızı lenti xatırlayıb hər iki halda mənfi heç nə hiss etmirik. Amma sən demə 3 qara və 2 narıncı xəttli "Georgiyev lenti"də varmış ki, bunu da insanların boğazına taxırlarmış; özüdə hörmət xatirinə. Yəni bir zamanlar sözün hər bir mənasında 2-ci Yekaterinanı razı salanların boğazına taxılan bu lent indi də Rusiya prezidenti Vladimir Putini razı salanların boğazına taxılır. Özüdə Rusiyada yaşamağından aslı olmayaraq possovet məkanında SSRİ nostalgiyası ilə yaşayanların hər birinin boğazı bu lentə namizəddir. Və bu lentə layiq görülənlər son zamanlar beşinci kalon adlandırılır.

Beşinci kalon yoxsa
legionerlər?

Hələ birinci Pyotr zamanında çarın hökmü ilə Rusiya imperiyası ilə sərhəddə olan dövlətlərdə yaşayan milli azlıqların ələ keçirilməsi, rus təbəəsi kimi qorunması tapşırığı var idi və əsas məqsəd bunlardan hansısa zamanda yararlanmaq idi. Məhz bu prinsiplərin hökm sürdüyü bir zamanda Pyotr daha da qabağa gedərək Ermənistanın yaranması, ermənilərin qorunması üçün tapşırıqlar verdi. Erməni kəsiminin qorunması ilə Pyotur bu regionda özünə güc toplayacağını və region xalqlarına qarşı istifadə edəcəyini düşünürdü. Pyotrun yaratdığı bu kalonlar sonradan həqiqətən də Rusiya imperiyasının işinə yaradı. Amma zamanlar keçdi və Pyotrun kalonlarında ikinci cəbhə də yarandı. Bu dəfə taktiki dəyişikliklər edildi. Dəyişiklik isə bundan ibarət oldu ki, Rusiya ətrafında yaşayan tək milli azlıqları yox, həmdə aborgen toplumlara məxsus simaları da rus legionerinin tərkib hissəsinə daxil etmək.

Sovetlərin qara yarası

Sovetlər dönəmində ətraf xalqların əsrlər boyu belə Rusiya təsirində qalması üçün maraqlı bir mexanizm yaradıldı. Hər üç ailədən birinin KQB ilə bağlantısını yaratmaq, insanların bir-biri üzərindəki nəzarətini təmin etmək. Bununla bir tərəfdən dövlətin mühafizəsi təmin edilirdisə, digər tərəfdən də rus legionerlərinin ruşeyimləri yaradılırdı. Və sovetlər birliyinin süqutundan sonra hansı ölkədə yaşamasından aslı olmayaraq bu qara siyahıda olanlar sovetlərin varisi sayılan Rusiyanı eyni sevgi ilə sevməyə başladılar. Bunlarla paralel olaraq daha etibarlı bir legion dəstəsi də var ki, bunlarda QRU-un yetişdirdiyi ehtiyatda olan zabitlər və hərbi kəşfiyyatın gözəgörünməz təmsilçiləri idi.

Yaşıl adamlar və ya
20 yanvar faciəsi

Beşinci kalon haqqında hələ söhbət edəcəyik. İndi isə Ukraynanı alt-üst edən və beşinci kalonun vuran əli sayılan "yaşıl adamlar"a diqqət ayıraq. Bu gün dünya həmin "yaşıl adamlar"dan danışır. Amma bu "yaşıl adamlar",1990-cı ildə "boz adamlar" olaraq Azərbaycanda 20 yanvar qırğınını törətmişdilər. Bunların tərkibi isə keçmiş KQB və QRU-un ehtiyatda olan zabitləri və muzlulardan ibarətdir. Bu gün isə sadəcə olaraq rəngləri dəyişib. Bunu da qeyd edək ki, hansı ölkədə yaşamalarından aslı olmayaraq əsasəndə QRU-un ehtiyatda olan əksər zabitləri bir başa Kremlə tabedirlər və zamanı çatanda ayağa qalxmağı bacarırlar. Necə ki, Ukraynada bunun şahidi oluruq. Sözsüz ki, bu gün mülki formada Bakı küçələrində dolaşan yüzlərlə "yaşıl adam"lar var və zamanı çatanda, Kremldə düymə basılanda sadəcə olaraq geyimlərini dəyişib istənilən meydanda görünəcəklər. Hələ bunu da qeyd edək ki, bu gün ordu sistemində də kremlə daha çox meyl edən güclər var və bunların özüdə real təhlükədir.Bu haqda millət vəkili Qüdrət Həsənquliyev bir neçə ay öncə həyacan təbili çalmışdı. İndi isə qayıdaq beşinci kalonun mülki qoluna.

Yazın ilk günlərində görünən
göbələk papaqları

Azərbaycanda Kremlə sədaqətli beşinci kalonun olması sirr deyil və son zamanlar bunlar açıq şəkildə aktivləşməkdədirlər. Dünənə qədər sosial şəbəkələrdə tək-tük hallarda rus sevgisilə, SSRİ nostalgiyası ilə yaşayan şəxsləri tapmaq mümkün idisə, hazırda bunların sayı kifayət qədər artıb və açıq şəkildə təbliğat işləri həyata keçirilir. Ən qəribəsi isə budur ki, bir müddət öncəyə qədər Rusiyaya simpatiya əsasən 45 yaşdan yuxarı insanlar arasında idi və bunu da normal qəbul etmək olardı. Hətta bunu da yada salaq ki, son "Eurovision" Mahnı Yarışmasında Azərbaycandan Rusiyaya demək olar ki, səs verən belə olmadı. Bu isə təsdiqləyirdi ki, yeni nəsl Rusiyaya heç bir şəkildə maraq göstərmir. İndi isə aparılan müşahidələr göstərir ki, 30 yaşdan yuxarı nəsldə də Rusiyaya bir maraq yaranıb. Bu isə beşinci kalonun tərpənişi ilə bağlıdır. İndi isə gəlin beşinci kalonun zəif və üstün məqamlarına diqqət ayıraq.

Keçmiş komsomolçuların gələcəyə ümidləri

Bu gün Azərbaycanda beşinci kalonun mülki qanadının özəyini sözsüz ki, sovetlər birliyinin son illərində formalaşan komsomol hərəkatının üzvləri təşkil edir. Komsomolun son nəsli olan bu şəxslər əslində sovetlər nostalgiyası ilə daha çox yaşayırlar və hər zaman Azərbaycanın müstəqilliyinə barmaqarası yanaşıblar. Bu şəxslərin böyük bir qismi hazırda biznes strukturunda çalışırlar və bizneslərinin bir qolu Rusiyaya gedib çıxır. Son nəslin bir qolu isə hakim düşərgədə müəyyən vəzifələrə sahibləniblər və onlarda özlüklərində iki yerə bölünürlər. Bir qism həqiqətən də bu dövlət üçün çalışanlardır, digərləri isə sadəcə olaraq hansısa zamanı gözləyirlər. Və bunların ən böyük üstünlüyü ondadır ki, həm ciddi kapitala malikdilər, həm də kütləni ələ almaq imkanlarına sahibdirlər. Amma bu gün beşinci kalonun yaşadığı bir problem var ki, buda lidersizlikdir.

Lider axtarışı

Bu gün Azərbaycanda beşinci kalonun səfərbər olması və gücə çevrilməsi üçün yaşanan problem lidersizlikdir. Bu günə qədər deyəsən lider axtarışına son verilməyib. Bəs lider statusu Kreml tərəfindən kimlərə verilə bilər?

Vaqif Hüseynov dalğası

Azərbaycanda beşinci kalona liderlik edəcək ilk sima sözsüz ki, Azərbaycan DTK-na bir zamanlar rəhbərlik etmiş Vaqif Hüseynov ola bilər. Çünki
1. Rusiyanın maraqlarını Azərbaycanda həyata keçirən görünməz qüvvələrlə bir başa təması var
2. Əlində kifayət qədər kompromat materiallar var ki, lazım olanda bundan istifadə etməklə gücü daha da artıra bilər
3. Rəsmi Kremlin sona qədər inandığı şəxsdir
4. Ciddi analitik mərkəzə sahibdir və hadisələrin gedişinə təsir etmə imkanları var.
Amma Vaqif Hüseynov cəmiyyət üçün tam açıq bir sima olmadığından beşinci kalonun kütlə təbəqəsinin onu sonuna qədər qəbul etməsi o qədər də inandırıcı görünmür. Həmçinin Vaqif Hüseynovun Azərbaycana gəlişi də mümkünsüz olduğundan o lider kimi meydana çıxa bilmir.

Abbas Abbasov
hələki qüvvədədir

Son prezident seçkilərində rəsmi Kreml sübut etdi ki, istənilən an Azərbaycan üçün surpriz yarada bilər. Bunu isə hər zaman Azərbaycan dövlətçiliyinə və prezident İlham Əliyevə sədaqətli olduğunu bəyan edən baş nazirin keçmiş müavini Abbas Abbasovun simasında etdi. Aydın oldu ki, Aydın Abbasovun atası istənilən an həm də Rusiya dövlətçiliyinə və prezident Vladimir Putinə daha sədaqətlidir və Azərbaycanda beşinci kalona lider kimi məhz o gətirilir. Ən maraqlı məqam isə bu oldu ki, Vladimir Putin seçkiöncəsi Bakıya gələndə gəmi ilə gəldi və buda aydın oldu ki, gəminin kapitanı azərbaycanlıdır. Bu artıq bir işarə idi ki, Azərbaycanda beşinci kalon ayağa qaldırılacaq. Yəni gəmi kapitanı beşinci kalonun simvolu idi əslində. Abbas Abbasova gəldikdə isə bu şəxs kifayət qədər ciddi kapitala sahibdir və hakimiyyətdə olan bir sıra ciddi məmurlarla sıx biznes və mənəvi bağlılığa malikdir. Abbas Abbasov asminoqunun bir qolu nəqliyyat naziri Ziya Məmmədov kimi piramida sahibinə gedib çatırsa, bir qolu da bölgələrimizdəki orta sahibkarlıq ordusuna uzanır. Və onun beşinci kalonu hərəkətə gətirməsi mümkündür. Bunun üçün isə Rusiyada yaşayan azərbaycanlıların imkanlarından yararlanmaq heç də pis olmaz və zamanı çatanda bunun şahidi olacağıq.

Ayaz Mütəllibov simvolu

Bunu da qeyd edək ki, beşinci kalonun daha effektli fəaliyyəti üçün zamanı çatanda eks-prezident Ayaz Mütəllibov kartından da istifadə olunacaq. Çünki Ayaz Mütəllibovun bu eşalonda pis yaxşı nüfuzu qalıb. Həmçinin eks-prezident kimi əldə etdiyi lqotlar onun hardasa toxunulmazlığına da qarant olacaq. Sadəlöhvcəsinə demək olmaz ki, Ayaz Mütəllibov yaxasına "Georgiyev lenti"ni taxıb tribunaya qalxacaq; amma tribunaya qalxanlara əl çalmaqla simvola çevrilmə şansını əldən verməyəcək.

Son

Adlarını çəkdiyimiz simalar sözsüz ki, sima olmağa çalşacaqlar. Amma aydın olur ki, beşinci kalonun daha dinamik və hərəkətli olması üçün lider axtarışı yeni nəsl arasında axtarılacaq; bəlkədə müxalifət düşərgəsinə də baş vurulacaq.Çünki bu gün beşinci kalona 2-ci Yekaterinanı razı salacaq gücdə olan lider yox, Putini razı salacaq imkanda lider lazımdır. Bunu da unutmayaq ki, Yekaterinadan fərqli olaraq Putin kişidir və onu razı salmaq o qədər də asan olmayacaq.

Eldəniz Elgün