Orduda həbs dalğası
11:44 22-04-2014
CƏMİYYƏT
Orduda həbs dalğası
Səfər Əbiyev yaxınlarda istintaqa cəlb olunacaq
Zakir Həsənovun müdafiə naziri təyin olunması ilk anlarda cəmiyyətdə kifayət qədər normal qarşılandı və belə bir ümid yarandı ki, ordudakı neqativ hallar aradan qalxacaq. Ən azından korrupsiya faktları aradan qaldırılacaq, əsgər ölümlərinin sayı azalacaq. Bir sözlə, ordudakı neqativ halların intensivliyi azalacaq.
Korrupsiya ilə bağlı hələ ki, doğru-dürüst bir mənzərə ortada görünməsə də, əsgər ölümləri ilə bağlı məsələdə heç bir irləliləyiş olmayıb. Yenə də intiharlar, bir əsgərin digər əsgəri güllələməsi kimi faktlar demək olar ki, hər həftə təkrarlanır. Bu isə onu göstərir ki, orduda nizam-intizamı hələki yüksək səviyyədə təmin etmək mümkün olmayıb. Bunu da qeyd edək ki, Zakir Həsənovun kadr islahatları da artıq birmənalı qarşılanmır. Təyinatının ilk günündən etibarən, yeni nazir Müdafiə Nazirliyinin demək olar ki, yüksək eşelonunda təmsil olunan generalları yeniləri ilə əvəzlədi. Amma bir ay keçməmiş təyinat almış şəxslərin bir qismi yenidən görəvlərindən azad edildilər. Bu isə onu göstərdi ki, təyinatlar tələm-tələsik edilib və sonradan bu yanlışlıqlar ortaya çıxdığından əlavə tədbirlər həyata keçirilir. Ekspertlərin sözlərinə görə, ilk bir ayda kadr islahatları aşağıdakı prinsiplə həyata keçirilirdi. Keçmiş nazir Səfər Əbiyevə yaxın şəxslər işdən azad edilirdi, sabiq nazirin zamanında isə işdən azad edilənlər geri qaytarılırdı. Daha onların peşəkarlığı, nəyə görə işdən azad olunmaları nəzərə alınmırdı. Amma qısa zaman ərzində yeni təyinat alan şəxslərin qeyri-peşəkar olduqları ortaya çıxandan sonra onlar işdən uzaqlaşdırıldı. Zakir Həsənovun təyinatından sonra ordu sistermində həbslər dalğasına da start verildi və bu günlərdə daha bir neçə nəfər həbsxanaya göndərildi. Belə ki, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində (HDQ) yüksək post tutan rəis və komandirlərdən daha iki zabit həbs olunub. Məlumata görə, HDQ-in Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev və Köməkçi gəmilər divizyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) Xamraz Qurbanov ağır cinayətdə ittiham olunaraq, barələrində həbs-qətimkan tədbiri seçilib. İttihama əsasən, hərbiçilər vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə təqsirləndirilirlər.
Xatırladaq ki, Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub. HDQ-nın komandanı Şahin Sultanov da bir müddət əvvəl tutduğu vəzifədən çıxarılıb. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, "kod 555" adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev və hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov həbs olunub. Hərbi birləşmənin Mənzil İstismar Sahəsinin rəisi, Elxan Hacıyevin oğlu Rövzat Hacıyev isə işdən çıxarılaraq, istintaqa cəlb edilib.
Bu hərbçilər də vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Ekspertlər hesab edir ki, bu həbslər davam edəcək və tək Hərbi Dəniz Qüvvələrində yox, digər qoşun növlərində də araşdırmalara start veriləcək. Maraqlıdır, bəs bu həbslər hansısa effektli nəticələr yarada bilərmi?
Hərbi ekspert Üzeyir Cəfərov "Unikal"a verdiyi açıqlamada bildirib ki, bu həbslərin nəticəsini görmək mümkün deyil: "Mən, hesab eləmirəm ki, bu həbslər hansısa müsbət nəticələrlə tamamlansın. Bu, sadəcə olaraq, korrupsiyaya qarşı aparılan mübarizənin tərkib hissəsidir və bir neçə zabit həbs olunub. Amma bir məsələ də var ki, həbs olunan zabitlər bu işləri özbaşına görməyiblər. Belə ki, onlar istənilən əmri hərbi komandanlıqdan alırlar və deməli, məsuliyyəti də hərbi komandanlıq daşımalıdır. Buna görə də iş icraçılarının həbsi heç bir effekt verməyəcək". Hərbi ekspert bunu da bildirdi ki, hazırda keçmiş müdafiə naziri Səfər Əbiyevin də adı gündəmə gəlməkdədir və ciddi nə isə nəticə əldə etmək istəyirlərsə, mütləq Səfər Əbiyev də məsuliyyətə cəlb olunmalıdır. Hazırda baş verənlər bunu təsdiqləyir ki, Səfər Əbiyev də hədəfə alınacaq. Bunu da xatırladaq ki, artıq Səfər Əbiyevə yaxınlığı ilə tanınan bir çox şəxslər müxtəlif sahələrdə tutduqları vəzifələrdən kənarlaşdırılıblar və onların da fəaliyyətləri araşdırılmaqdadır.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49