Hafiz Məmmədovun obyektinin işığını kəsdilər
11:45 22-04-2014
CƏMİYYƏT
Hafiz Məmmədovun
obyektinin işığını kəsdilər
İş adamının klubu pulsuzluq girdabında boğulur
Tanınmış azərbaycanlı iş adamı, "Hafka" kimi tanınan Hafiz Məmmədova məxsus "Bakı" futbol klubunda vəziyyət kritik həddə çatıb. Nəticələrin pisliyi, komandanın avrokuboklardan kənar qalmaq təhlükəsi klubu bir-birinə vurub. İndi az qala hamı bir-birini günahlandırır, səbəbkar axtarır.
"Zolaqlılar"da oyun intizamının qaydasında olmaması göz önündədi. Hətta iş o yerə çatıb ki, futbolçular da özü üçün oynayır, istənilən hoqqanı çıxarırlar. Buna "İnter"lə oyunda Ettonun hərəkəti bariz nümunədi.
"İnter"lə ikinci dövrədəki matçda rəqib futbolçu Baçana Sxadadzeni qəsdlə zədələyən müdafiəçi bazar günü də hakimə kəllə atdı. Ola bilsin, o, uzun müddətə cəzalanıb vətəninə vaxtından əvvəl getmək istəyir. Etto bununla 3 aydı maaş ala bilmədiyi kluba etirazını bildirir.
Ümumiyyətlə, "Bakı"da bütün məsələlər maddiyyatın üzərindədi. Pulunu "Atletiko"ya, "Lans"a xərcləyən prezident Hafiz Məmmədov "zolaqlılar"a çox biganədi. Futbolçuların əməkhaqqısı bir yana, paytaxt klubu hətta bazanın kommunal xərclərini də ödəyə bilmir. Elə bu səbəbdəndi ki, "İnter"lə oyunda borc üzündən işığı kəsilən stadionun tablosu da işləmirdi.
Baş məşqçi Milinko Pantiç də mətbuat konfransında məhz bu amili qabardıb tablonun işləməməsinin problemlərin vizit vərəqi olduğunu dedi: "Bu cür məğlubiyyətdən (0:4) sonra nə demək olar? Mənə qalan "İnter"i təbrik etməkdi, ədalətli qələbə qazandılar. Bu gün bəzi futbolçular meydanda öz bacarıqlarını göstərdi. Bəzi şeylər var ki, futbola aid olmayan amillər diqqət çəkir. Bunlar da futbolçulara pis təsir edir, bacarmırlar. Məğlubiyyətin əsas günahkarı mənəm. Bizim reallığımız budu. Komandam bu il yaxşı oyun göstərib. İyundan bu yana bir hucumcuyla oynayıram. Hakimliyi şərh etmək istəmirəm. Etto yanıma gəlib, məndən üzr istədi. İlboyu bu hadisələr yığılıb, bu gün partladı".
Pantiç ilboyu yığılan problemlərin nədən ibarət olduğunu açıqlamasa da, söhbətin maddi məsələlərdən getdiyi aydındır. Bundan başqa klub idarəetməsində də ciddi problemlər var. Təsadüfi deyil ki, Hafiz Məmmədov bir ildi klubun idarə heyətini formalaşdıra bilmir. Hətta son günlər belə söhbətlər gəzir ki, yayda komanda bütün əcnəbiləri ilə vidalaşıb yerli gənclərə üstünlük verəcək, bununla da iddiasından əl çəkəcək. Çünki komandanın ciddi maliyyə problemləri var. Bu gedişlə neçə aydı maaş üzünə həsrət qalan "Lokomotiv"in - "Bakı"nın farm-klubunun da buraxılacağı ehtimal edilir.
Maraqlı olan məqam isə başqadır. Hafiz Məmmədovun Fransada aldığı "Lans" klubunda heç bir maliyyə böhranı yaşanmır. Kluba kifayət qədər yüksək məbləğli oyunçular transfer edilir, bir müddət əvvəl bağlanmaq təhlükəsi ilə qarşı-qarşıya qalan fransız klubunda indi heç bir maddi çətinlik müşahidə edilmir.
Belədə "Baghlan-Group" şirkətlər qrupunun prezidenti olan Hafiz Məmmədovun Azərbaycanda sponsoru və prezidenti olduğu futbol klubunun maddi böhranda çabalaması, bu böhranın matçlarda pis nəticələr əldə etməkdən tutmuş digər neqativ hallarla müşaiyət edilməsi maraq doğurur. Görəsən, bu ayrı-seçkiliyin səbəbi nədir?
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59