Tağı Əhmədovun oğlu borcluların əlindən telefonunu bağlayıb
Tağı Əhmədovun oğlu borcluların əlindən telefonunu bağlayıb
ŞOK: Bakı Metropolitenindəki ticarət köşkləri ilə Xətai Rayon Məhkəməzinin hakimi Rauf Əhmədovu nə birləşdirir?
"Unikal" qəzetinin apardığı araşdırma ilginc faktları gün işığına çıxartdı; Rauf Əhmədovun başı dərddə...

Məlum olduğu kimi, bir müddət öncə vəzifəsini itirən Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədovla bağlı dərc etdiyimiz yazıda mühüm informasiyalar vermişdik. Sözügedən məqalədə bildirilirdi ki, Tağı Əhmədov əslində öz inadının ucbatından vəzifəsini itirib.
Belə ki, baş nazir Artur Rəsizadə onu sonuncu dəfə yanına çağıraraq Bakı metrosundakı ticarət obyektlərinin ləğv olunmasını tələb etsə də, Tağı Əhmədov bu haqlı tələbə məhəl qoymayacağını bəyan edib. Elə bunun da nəticəsində artıq hamının bildiyi proses yaşandı və "yeraltı dünyanın kralı" adını qazanmış Tağı Əhmədov vəzifəsiylə vidalaşmalı oldu. Bunlar öz yerində, amma "Unikal" qəzetinin mövzuyla bağlı davam etdirdiyi araşdırmalar daha ilginc faktların gün işığına çıxmasına səbəb olub.
Araşdırmalarımız zamanı bəlli olub ki, Tağı Əhmədovun illərdir ki, metro ticarətinə "yaşıl işıq" yandırması və onları himayə etməsi heç də səbəbsiz deyilmiş. Belə ki, bu gəlirli biznesin nəzarəti Tağı Əhmədova yaxın şəxlərdə olub. Sözügedən biznesə isə bütövlükdə Tağı Əhmədovun Xətai rayon məhkəməsində hakim işləyən oğlu Rauf Əhmədov rəhbərlik edirmiş. Bununla bağlı qəzetimizi məlumatlandıran mənbənin sözlərinə görə, illərdir ki, Bakı Metropolitenindəki minlərlə ticarət köşklərinin istər icarə verilməsi, istərsə də satılması işinə məhz keçmiş metropoliten şefinin hakim oğlu "krışalıq" edirmiş. Atası vəzifədən çıxarıldıqdan sonra isə onun hakim oğlunun necə deyərlər, "qara günləri" başlayıb. Belə ki, əvvəlcə etiraz aksiyaları vasitəsilə nəyəsə nail olacaqlarına inandırılan metro ticarətçiləri bunun belə olmadığını anladıqdan sonra Tağı Əhmədovun oğlu qarşısında konkret tələb qoyublar ki, ödədikləri pulları geri qaytarsın. Onlar bildiriblər ki, indi nəyin baş verməsindən asılı olaraq onlar burada alver etmək üçün küllü miqdarda rüşvət veriblər, odur ki, ya onlara alver etməyə yenidən şərait yaradılsın, ya da pulları geri qaytarılsın.
Məlumat üçün bildirək ki, metro ticarətçilərinin məlum aksiyaları zamanı satıcılar hazırda işlədikləri yeri almaq üçün Metropolitenin əvvəlki rəisi Tağı Əhmədova və ona yaxın şəxslərə 1500 manat pul verdiklərini iddia edirdilər. İndi əlimizdə olan informasiyalar isə bu iddiaların heç də yalan olmadığını ortaya qoyur. Həmin informasiyalara görə, vəziyyətin gərginləşdiyini və sitiuasiyanın nəzarətdən çıxdığını görən Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədov ticarətçilərlə toplantı keçirib və onlardan alınan pulların son qəpiyinə qədər qaytarılacağına dair öhdəlik götürüb.
Bundan sonra isə aksiyaçılar ödədikləri pulların geri qaytarılmasını gözləməyə başlayıblar. Bununla bağlı "Unikal" qəzetinə danışan mənbənin sözlərinə görə, bu günə qədər Rauf Əhmədov bəzi ticarətçilərin pullarını qaytarıb. Məsələn, metronun "Memar Əcəmi" stansiyasındakı satıcılar artıq keçmiş metropoliten şefinin oğlundan pullarını geri alanlar siyahısındadırlar. Buna baxmayaraq, yüzlərlə sahibkar hələ də Rauf Əhmədova verdiyi pulu geri ala bilmir.
Mənbəmiz iddia edir ki, baş verənlərdən sonra ciddi maliyyə krizisi keçirən Rauf Əhmədov indi borclu olduğu məbləği qaytarmağa zorlanır. Elə bu səbəbdən də artıq o metro ticarətçiləri ilə həmişə əlaqə saxladığı mobil telefon nömrəsini söndürmək məcburiyyətində qalıb. Ona görə də borclular bu dəfə Rauf Əhmədovla bağlı işlədiyi Xətai Rayon Məhkəməsinə və şəxsən Ədliyyə Naziri Fikrət Məmmədova müraciət etmək niyyətindədirlər.
Xatırladaq ki, ədliyyə işçisinin, xüsusilə məhkəmə hakiminin bizneslə məşğul olması ciddi qanun pozuntusudur. Odur ki, ədliyyə naziri Fikrət Məmmədovun baş verənlərlə bağlı qəti addımlar atacağını gözləyirik. Mövzu diqqətimizdədir.

Orxan HƏSƏNLİ