Azad Rəhimova korrupsiya şoku
12:11 23-04-2014
CƏMİYYƏT
Azad Rəhimova korrupsiya şoku
"Unikal"ın daha bir nazir haqqında yazdıqları rəsmən təsdiqləndi!
Gənclər və İdman Nazirliyinə ayrılan vəsaitlərdə mənimsəmələr aşkarlandı
Dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verilib. Bu barədə Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabatında deyilir.
Hesabatda bildirilir ki, Daşkəsən rayonunda Olimpiya İdman Kompleksinin tikintisi üzrə müəyyən tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra obyektin təyinatı dəyişdirilərək onun bazasında Gənclərin Təlim və İstirahət Mərkəzi tikilib.
Başqa 2 rayonda isə olimpiya kompleksinin tikintisi zamanı asfalt-beton örtüyü işləri tam yerinə yetirilmədiyi halda bu obyektlər üzrə işlərin qəbulu haqqında akt bağlanıb.
Hesabata görə, 5 rayonda olimpiya komplekslərinin tikilməsi prosesində bəzi inventar və avadanlıqlar obyektlərdə olmadığı halda qəbul aktlarına daxil edilib, 2 rayonda tikintisi başa çatmış kompleks istifadəyə verilsə də, dövlət qəbul komissiyasının aktlarının imzalanması bir ilədək gecikdirilib.
Həmçinin tikintisi başa çatmış 14 obyekt üzrə dövlət qəbul komissiyasının aktlarının başa çatdırılması tamamlanmayıb, 12 podratçı təşkilat üzrə kreditor borcun yaranmasına yol verilib.
Gənclər və İdman Nazirliyi palatanın nöqsanlarının aradan qaldırılması istiqamətində tədbirlərin görüldüyünü bildirib.
Qeyd edək ki, Azad Rəhimovun nazirliyinin ayrı-ayrı obyektlərin, xüsusilə olimpiya-idman komplekslərinin (OİK) inşası zamanı qeyri-şəffaflığa yol verdiyi barədə bir müddət əvvəl "Unikal" qəzetində ətraflı yazı dərc edilib. Yazıda göstərilirdi ki, xüsusən OİK-lərin tikintisinə xərclənən vəsaitlərdə kəskin fərqlər mövcuddur. Belə ki, Gənclər və İdman Nazirliyinin məlumatına əsasən, 2012-ci ilədək ölkədə 33 OİK mövcud idi və onlardan 18-i istifadəyə tam hazır idi. Komplekslərdən 16-nı Gənclər İdman Nazirliyi, 2-ni Qaçqınlarla İş üzrə Dövlət Komitəsi, 3-nü Milli Olimpiya Komitəsi, 12-ni isə müxtəlif özəl şirkətlər öz vəsaitləri hesabına tikib. Həmin ilki çıxışlarının birində Gənclər və İdman Naziri Azad Rəhimov son 10 ildə Azərbaycanda idmanın inkişafına 1 milyard dollar xərcləndiyini söyləyərkən, özəl şirkətlərin OİK-lərin tikintisinə sərf etdiyi vəsaitləri nəzərdə tutub-tutmadığını açıqlamasa da, böyük ehtimala bunu da əlavə edib. Çünki təkcə 2005-2012-ci illərdə Gənclər və İdman Nazirliyinə 475 milyon manat (təxminən 600 milyon dollar) dövlət investisiyası yatırılıb. Bu da ölkəyə böyük neft pullarının daxil olması nəticəsində dövlət investisiya xərclərinin artması ilə bağlı olub. Ondan əvvəlki illərdə büdcədən investisiya xərclərinə elə də böyük vəsait ayrılmadığından, 2002-2005-ci illərdə büdcədən idmanın inkişafı istiqamətində ayrılan (xərclənən yox-muəl.) vəsaitin də həcmi 100 milyon dolları ötməyib. Ancaq həm büdcə, həm də özəl şirkətlərin hesabına idmanın inkişafı adı altında ayrılan pulların böyük hissəsi şəxsi ciblərə axdığından, reallıqda bu sahəyə nə qədər vəsaitin yatırıldığını söyləmək çətindir.
OİK-lərin tikintisi zamanı aradakı kəskin fərqlərlə bağlı konkret faktlara əsaslanıb isə demək olar ki, Sumqayıtda OİK-in tikintisinə 16 milyon manat, İmişlidə OİK-in tikintisinə təxminən 13 milyon manat, Tovuzda, Göyçayda və Qəbələdə OİK-lərin tikintisinə təxminən 12 milyon manat, İsmayıllıdakı OİK-ə 11,5 milyon, Ağdaş, Şağan və Hövsandakı OİK-lərə 10, 5 milyon, Şəmkir və Balakəndəki OİK-lərə 10 milyon, Biləsuvar və Kürdəmirdəki OİK-lərə 9,2 milyon, Füzuli və Oğuzdakı OİK-lərə 8,5 milyon, Ağdamdakı OİK-ə 3,6 milyon, Sabirabaddakı OİK-ə isə 837 min manat (rəqəmlər yuvarlaqlaşdırılıb-müəl.) vəsait xərclənib.
Ancaq dövlət büdcəsindən maliyyələşsə də, komplekslərin tikintisinə xərclənən vəsait arasındakı bu qədər böyük fərqin məntiqi izahını tapmaq mümkün deyil. Məsələn, Sabirabadın Qalağayın kəndində tikilən komplekslə Göyçayda və Qəbələdə inşa olunan kompleksin tamaşaçı tutumu və infrastrukturu arasında cüzi fərq olmasına baxmayaraq, xərclənən vəsait arasında 12 dəfə fərq var. Bu o deməkdir ki, həmin OİK-lərin tikintisinə ayrılan vəsaitlərin ən azı 70-80 faizi mənimsənilib. Sadə hesablama aparsaq ötən müddətdə OİK-lərin tikintisinə ayrılan vəsaitin yarıdan çoxunun şəxsi ciblərə axdığını söyləyə bilərik.
Artıq "Unikal"ın bir müddət əvvəl yazdıqlarının indi Hesablama Palatası tərəfindən də dilə gətirilməsi Azad Rəhimovun nazirliyində maliyyə şəffaflığı sarıdan ciddi problemlərin olmasına heç bir şübhə yeri qoymur. İndi maraq doğuran gənclər və idman nazirinin yaranmış vəziyyətdən necə çıxacağıdır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 14:19:00
2024-12-27 14:14:14
2024-12-27 14:06:40
2024-12-27 13:57:00
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00