Azərbaycan iqtidarı ilə müxalifəti bir araya gəlir
11:14 24-04-2014
CƏMİYYƏT
Azərbaycan iqtidarı ilə müxalifəti bir araya gəlir
Rusiya təhlükəsi ölkənin siyasi qüvvələrini və ictimaiyyəti vahid mövqeyə gəlməyə sövq edir
Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozmasından sonra qlobal təhlükəsizliyi təhdid edən addımları Azərbaycanı da narahat etməyə başlayıb. Kremlin və bəzi rus siyasilərinin Azərbaycanı hədəfə alan açıqlamaları da narahatlıq yaradıb.
Bu səbəbdən də ölkənin bir qrup tanınmış ekspertləri və ictimai-siyasi xadimləri bir araya gələrək, Azərbaycan da daxil olmaqla, bütün postsovet ölkələrini təhdid edən bu təhlükə barədə müzakirələr aparıblar. Tədbir Müsavat Partiyasının qərargahında mətbuata qapalı formatda keçirilib. Üç saat davam edən toplantıda ətraflı fikir mübadiləsi aparılıb. Müzakirələrin nəticələrinin yaxın vaxtlarda cəmiyyətə təqdim olunması məqsədəuyğun sayılıb. Toplantıda İsa Qəmbər, Pənah Hüseyn, İsgəndər Həmidov, Eldar Namazov, Zəfər Quliyev, Leyla Əliyeva, Mehman Əliyev, Hikmət Hacızadə, Elmir Mirzəyev, Ərəstun Oruclu, Rafiq İsmayıl, Vaqif Hacıbəyli, Arzu Səmədbəyli, Qubad İbadoğlu, Köçəri Nağıbəyli, Rauf Arifoğlu və başqaları iştirak ediblər.
Göründüyü kimi, müxalifət Rusiya təhlükəsini anlayaraq, vahid mövqedən çıxış etməyi məqsədə uyğun hesab edir. Əslində, hakimiyyət də belə bir mövqenin sərgilənməsində maraqlıdır. Rəsmi Bakı Kremllə açıq döyüşə girmək istəmir, amma cəmiyyətdən bu cür impulsların gəlməsi hakimiyyətin də marağındadır.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, əgər Azərbaycana qarşı təhlükə reallaşarsa, ciddi xarakter alarsa, hökmən vahid mövqedə olmalıyıq. Onun sözlərinə görə, bu cür milli təhlükəsizlik məsələləri gündəmə gələndə Azərbaycanın bütün siyasi qüvvələri iqtidarlı-müxalifətli vahid mövqedən çıxış etməli və Azərbaycan dövlətçiliyinin qorunub saxlanması üçün əlindən gələni etməlidir: "Çünki bu, taleyüklü məsələdir, artıq burada iqtidar-müxalifət düşüncələri tamamilə kənara qoyulmalıdır və vahid bir platforma ilə millətimizin iradəsini ortaya qoymalıyıq. Əgər belə bir təhlükə reallaşarsa, qeyd etdiyim kimi, şəxsi və partiya maraqları yox, ölkənin ümumi maraqları önə çıxmalıdır".
F.Ağamalı hazırkı real situasiyanı da analiz edib. "Hər halda, bu gün belə bir təhlükə var. Hadisələrin gedişi, verilən açıqlamalar müəyyən dərəcədə əsas verir ki, biz narahat olaq. Lakin düşünülməmiş də addım atmaq olmaz. Öncə hadisələrin gedişini diqqətlə izləməliyik. Rusiya üçün hər hansı bəhanə verməli deyilik. Çünki bizim ehtiyatsız addımımızdan Rusiya ciddi şəkildə yararlana bilər. Kremlə yaxın siyasətçilər, deputatlar bu və ya digər şəkildə açıqlamalar səsləndirirlər, ölkə daxilində qarşıdurma yaradacaq proseslərin anonsunu verirlər. Düşünürəm ki, bunlar təsadüfi deyil. İstər Jirnovski səviyyəsində, istər Avrasiya İttifaqının müəllifi olan politoloq tərəfindən verilən açıqlamalar nəzərə alınmalıdır. Biz ehtiyatlı davranmaqla sayıqlığımızı da itirməli deyilik. Əminəm ki, ölkə iqtidarı prosesləri çox ciddi izləyir, analizlərini aparır. Eyni zamanda, biz də baş verənlərdən nəticə çıxarmalı və nəticələri təhlil edib müvafiq addımlarımızı atmalıyıq", - deyə millət vəkili vurğulayıb.
ADP sədrinin müavini Həsrət Rüstəmov isə "Unikal"a deyib ki, Rusiyanın imperiyaçılıq, beynəlxalq hüququ nəzərə almamaq, qonşu ölkələri zorla öz iradəsinə tabe etdirmək kimi istəkləri üzərində qurulan xarici siyasəti təkcə Ukrayna üçün deyil, bütün qonşuları üçün təhlükəlidir. Onun sözlərinə görə, SSRİ dağıldıqdan sonra Rusiyanın, o cümlədən digər əksər respublikaların demokratikləşmə prosesinin yarımçıq qalması, xalqların siyasətdə iştirakının zəifləməsi, ictimai rəyin hakim olmadığı rejimlərin möhkəmlənməsinə səbəb oldu: "Bu gün Rusiyanın aqressor kimi çıxış etməsinin əsl səbəbi məhz, bu ölkədə diktaturanın hökm sürməsidir. Putin rejimi təkcə ətraf ölkələr və dünya üçün deyil, ilk növbədə öz xalqı üçün təhlükədir. Azərbaycan nə etməlidir? İlk növbədə ölkə daxilində siyasi qüvvələr arasında yaxınlaşma, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün bərpasını siyasi ambisiyalardan önə çıxaran bütün siyasi partiyalar hakimiyyətə münasibətdən asılı olmayaraq birləşməlidir. Rusiyanın son dövrdə atdığı addımlar ciddi təhlil olunmalı və ardıcıl olaraq bu addımlara birmənalı münasibət bildirilməli, xalqın rəyi formalaşdırılmalıdır. Rusiyanın işğalçılıq siyasətini dəstəkləyənlər Vətən xaini elan edilməlidir".
Müsahibimiz hesab edir ki, Azərbaycan xalqı xarici təhlükəyə qarşı birləşməli, vahid mövqedən çıxış etməlidir: "Bunun üçünsə ən böyük yük iqtidarın üzərinə düşür. Nəhayət ki, bu iqtidar Azərbaycan xalqının bu dövlətin əsasında durduğunu, bu dövləti bu xalqın qurduğunu və bu dövləti bu xalqın qorumalı olduğunu dərk etməlidir. Müxalif siyasi düşüncənin düşmən olmadığını qəbul etməlidir. Buna müvafiq olaraq ölkədə vətəndaş sülhünü möhkəmləndirən addımlar atmalı, siyasi qüvvələrin yaxınlaşması üçün lazım olan hər şeyi etməlidir. Ölkədə effektiv idarəçiliyi formalaşdırmağa başlamalı, ciddi iqtisadi, sosial, siyasi, hüquqi islahatlara təcili başlamalıdır. Müxalifətdə olanlar isə fürsətdən istifadə edib, Rusiyanın təhdid və təzyiqlərindən ölkədaxili siyasi mübarizədə istifadə etməyəcəklərini bəyan etməlidirlər".
Müxalifətin məlum toplantısında iştirak edən AXP sədri Pənah Hüseyn bildirib ki, toplantının təşkilatçılığını Müsavat başqanı İsa Qəmbər edib. Təxminən 30-a yaxın şəxs dəvət olunub, 20 nəfər iştirak edib: "İsa Qəmbər toplantı başlayanda belə bir arayış da verib ki, bu tərkibdə tədbir həm İctimai Palatanın fəaliyyətinə xitam verilərkən anonsu verilən düşüncə mərkəzi ideyasının, həm Müsavat Partiyasının digər siyasi qüvvələrlə, o cümlədən EL hərəkatı ilə müzakirələrinin və onun şəxsən bir sıra intellektuallarla apardığı danışıqların nəticəsi kimi də baxıla bilər. Amma bu toplantı hansısa bir təsisatın, formatın yaradılması yox, konkret olaraq müzakirəyə çıxarılmış mövzunun - Rusiya təhlükəsi mövzusunun əsaslı müzakirəsi üçündür. Həqiqətən də təxminən üç saat çəkən toplantı demək olar ki, bütünlüklə həmin konkret mövzunun müzakirəsinə həsr olundu. Yəni burada hansısa bir format, təşkilat yaradılması müzakirə edilməyib. Maraqlı çıxışlar oldu, maraqlı ideyalar səsləndi. Üst-üstə düşməyən fikirlər səsləndi. Amma əsas məsələlərdə əksəriyyətin mövqeyi üst-üstə düşdü. Qərara alındı ki, burada səslənən fikir və ideyalar bir sənəddə cəmləşdirilsin və razılaşdırılıb cəmiyyət üçün açıqlansın. Böyük ehtimalla 28 aprelə qədər, yəni Rusiyanın 1920-ci ildə Azərbaycanı işğal gününün ildönümünə qədər belə bir sənəd razılaşdırılıb təqdim olunacaq. Sənəd açıqlanana qədər müəyyən fərdi fikirlərin səslənməsi doğru olmaz". P.Hüseyn onu da vurğulayıb ki, toplantıda iştirak edənlərin bəziləri üçün bu toplantı həm də düşüncə mərkəzinin formalaşdırılması istiqamətində bir addım kimi qəbul edilə bilər, bəziləri üçün sadəcə olaraq konkret bir mövzunun müzakirəsində iştirakdan ibarətdir.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47