Dini tolerantlığa zərbə vuran kitablar
11:25 24-04-2014
SİYASƏT
Dini tolerantlığa zərbə vuran kitablar
Son zamanlar dini tolerantlığa zərbə vura biləcək proseslərin qarşısı ciddi şəkildə alınmaqda və əlavə tədbirlər həyata keçirilməkdədir. Bu sırada qeyri-ənənəvi dini təriqətlərin fəaliyyətinin məhdudlaşdırılması , Suriyaya azərbaycanlıların aparılmasının qarşısının alınması kimi məsələlərlə yanaşı, həm də qanunsuz dini ədəbiyyatların yığışdırılması istiqamətində də tədbirlərə start verilib.
Belə ki, Qazax rayon Polis Şöbəsi tərəfindən rayon sakini, hazırda Rusiya Federasiyasında yaşayan Qasımov Mahmud Hümbət oğluna məxsus evdə "nurçuluq" cərəyanına bağlı dini dərslərin tədris olunması, ədəbiyyatın aşkar edilməsi ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ekspertiza keçirəcək.Komitənin mətbuat xidmətindən bildirilib ki, aşkar edilmiş dini ədəbiyyatlar Dövlət Komitəsində müvafiq dinşünaslıq ekspertizasından keçiriləcək, ekspertizanın nəticələrinə əsasən, bu ədəbiyyatın əldə olunması, istehsalı (və ya idxalı), həmçinin istifadəsinin qanunauyğunluğu barədə rəy veriləcək. Dövlət Komitəsindən o da bildirilib ki, "Dini etiqad azadlığı haqqında" qanunun 22-ci maddəsinə əsasən vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər.Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər.Hazırda bu istiqamətdə Dövlət Komitəsi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.Yaxın vaxtlarda yeni qaydalar tətbiq edildikdən sonra bütün dini kitablara müvafiq nəzarət markası vurulacaq, yalnız həmin dini ədəbiyyatların yayılması qanunvericiliklə məqsədəuyğun hesab ediləcək. Bunu da qeyd edək ki, qadağa olunmuş dini kitabların əksəriyyəti elə fəaliyyəti qeyri-qanuni olan dini qruplaşmalar tərəfindən ölkəyə gətirilir. Söhbət o qruplaşmalardan gedir ki, zamanında hansısa yolla ölkəyə daxil olan və sonradan qeydiyyatları ləğv olunsada fəaliyyətlərini davam etdiriblər. "Unikal"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri də bu faktı təsdiqlədilər və bildirdilər ki, bunlara qarşı sistemli fəaliyyət davam etdirilir. Komitənin şöbə müdiri Gündüz İsmayılov bildirdi ki, hazırda Azərbaycanda 534 dini icma dövlət qeydiyyatına alınıb. Şöbə müdiri bu icmalardan 32-nin qeyri-islam, 502-nin isə islam təmayüllü olduğunu bildirib. G. İsmayılov ümumilikdə Azərbaycanda 1750 məscidin olduğunu, onlardan 800-ə yaxınının fəaliyyət göstərdiyini diqqətə çatdırıb: "Təxminən 300 dini icma qeydiyyatsız fəaliyyət göstərir. Bəzi məscidlərə gələnlərin sayı heç beş nəfər olmur. Yəni beş nəfərin bir yerə yığışmasını da icma saymaq düz deyil".
G. İsmayılovun sözlərinə görə, bu gün istənilən adam ətrafına ən azı 11 nəfər toplayaraq, dini icma yarada və onu qeydiyyatdan keçirmək üçün müraciət edə bilər: "Lakin Azərbaycanda onlarla, yüzlərlə məscid var ki, orada bir icma yaradılacaq qədər adam belə ibadət etmir".
Komitə rəsmisi Azərbaycanda heç bir dini icmanın fəaliyyətinin qadağan edilmədiyini, qeydiyyatsız fəaliyyət göstərən icmalara qarşı isə heç bir təzyiq olmadığını bildirib: "Azərbaycanda heç bir dini icmanın, o cümlədən "Yəhovanın şahidləri" və "Babtist" dini icmalarının fəaliyyəti qadağan olunmayıb. "Yəhovanın şahidləri" dini icması Bakı şəhərində qeydiyyatdan keçib və sərbəst şəkildə fəaliyyət göstərir. Eyni zamanda "Babtist" dini icması da Bakıda, Gəncədə və Sumqayıtda qeydiyyatdan keçib və həmin ərazilərdə fəaliyyət göstərir".
Şöbə müdiri deyib ki, dini icmalar yalnız qeydiyyatdan keçdiyi ərazilərdə fəaliyyət göstərə bilərlər: "Bakı şəhərində qeydiyyatdan keçən "Yəhovanın şahidləri" dini icmasının nizamnaməsində yazılıb ki, bu qurumun fəaliyyət göstərdiyi ərazi ancaq Bakı şəhəridir. Əgər bu icma Bakı şəhərindən kənarda fəaliyyət göstərirsə, bu, pozuntu hesab olunmamalıdır?"
G. İsmayılovun sözlərinə görə, indiyə kimi qanunsuz fəaliyyət göstərən heç bir dini icmanın üzvü həbs edilməyib. Vaxtı ilə həbs edilən Zaur Balayev və Həmid Şabanova gəlincə, G. İsmayılov deyib ki, adıçəkilən şəxslərin həbsi onların "Babtist" dini icmasının üzvü olmaları ilə əlaqədar deyil: "Zaur Balayev dükan adı ilə icazəsiz məbəd tikdirib. Məhkəmə bu məbədin sökülməsi ilə bağlı qərar çıxarıb, o isə məhkəmənin qərarına əməl etməyib. Məhkəmə qərarını icra etmək istəyən aidiyyəti şəxslərə isə müqavimət göstərib və sırf bu səbəbdən həbs edilib. Həmid Şabanov isə evində qanunsuz silah saxladığına görə tutulub".
Şöbə müdiri onu da əlavə edib ki, dini etiqadlarından irəli gələrək əllərinə silah almaq istəməyən "Yəhovanın şahidləri" dini icmasının bir üzvü belə həbsdə deyil: "Hazırda Azərbaycanda dini etiqadına görə hərbi xidmətə getməkdən imtina etdiyi üçün həbs edilən yoxdur. Ermənistanda isə hazırda "Yəhovanın şahidləri" icmasının üzvü olduğu üçün hərbi xidmətdən imtina edən 37 nəfər həbsdədir. Bu çox vacibdir ki, indiyə qədər heç bir beynəlxalq təşkilat Azərbaycanda dini tolerantlığın olmaması ilə bağlı bəyanat verməyib".
Mətbuatda tez-tez ölkəyə gətirilən dini ədəbiyyatların müsadirə olunması, və istifadəsinin qadağan edilməsi ilə bağlı da məlumatlar yayılır. Maraqlıdır ki, ölkəyə gətirilməsi və istifadəsi yasaqlanan dini ədəbiyyatları kim və hansı əsaslarla qadağan edir?
Əvvəlcə qeyd edək ki, Azərbaycanda qadağan olunan dini ədəbiyyatların əsas hissəsi "vəhhabiliyi" təbliğ edən kitablardır. Məhəmməd İbn Əbdül Vahhab və digər müəlliflərə məxsus kitablarda "Kim sənin kimi düşünmürsə, sənin düşmənindir! Onu öz yoluna dəvət et, qəbul etməsə, öldür!" kimi dinlər və təriqətlərarası düşmənçilik təbliğ edən müddəalar yer alıb. Bundan başqa, həmin kitablarda ziyarətgahlara inam bəslənməsi qadağan edilir.
Artıq bir neçə ildir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ziyanlı dini materialların müəyyən edilməsi ilə məşğul olan xüsusi ekspertiza şöbəsi yaradılıb. Sözügedən şöbədən verilən məlumata görə, dini ədəbiyyatların ziyanlı olub-olmadığı bir neçə kriteriya ilə müəyyən olunur. Əsasən konfessiyalararası münasibətlərin qızışdırılması, ayrı-seçkilik və radikallığı təbliğ edən dini ədəbiyyatlar, o cümlədən ali dinin daşıyıcısı olma ideyalarını yayan kitablar qadağandır. Təkcə ötən il Dövlət Komitəsinin sözügedən şöbəsi tərəfindən 1500-dən artıq dini ədəbiyyat ekspertizadan keçirilib. Onlardan 59-nun Azərbaycanda yayımına və istifadəsinə qadağa qoyulub. Bu kitablardan ən çox yayılanları isə
- "Namazı tərk edənin hökmü" - müəllif Əl Albani
- "Gecikmiş etiraflar" - müəllif Məhəmməd İbn Əbdül Əziz Əl Müsnəd
- "İnsanların əhəmiyyət vermədiyi haramlar və onlardan çəkinmək" - müəllif Məhəmməd Saleh Əl Münəccid.
-. "Kim müsəlmandır?" - müəllif Zihəddin Əl Qüdsi
- "Kamana yetiş" - müəllif Şəhid Abdulla Azzam
- "Birinci yəhudi fitnəsinin nəticələri" - müəllif Zahirəddin Əl Mədəni
- "Allah bizdən nə tələb edir?" - (xristianlığa aid)
- "Həyatın mənası nədədir? - (xristianlığa aid)
- "Müqəddəs kitab əslində nə öyrədir?" - (xristianlığa aid)
Bunu da qeyd edək ki, son bir ay ərzində bu siyahıya Fətullah Gülən tərəfdarlarının yaydığı dini ədəbiyyatlarda daxil edilib. Apardığımız araşdırmalar zamanı buda aydın oldu ki, gülənçilər dini ədəbiyyatları daha çox özlərinə yaxın olan dairələrdə təbliğ edirlər deyə bunları ifşa etmək o qədər də asan olmur. Məsələn, gülənçilərin nəzarətində olan "Çağ" öyrətim mərkəzlərində əla qiymətlərlə təhsil ilini başa vuran şagirdlərə müxtəlif hədiyyələr verilir ki, bunların sırasında mütləq satışda olmayan dini ədəbiyyatlarda olur. Əsasən də Fətullah Gülənin müəllifi olduğu kitablar daha çox təbliğ edilir. Amma iş orasındadır ki, bu şagirdlər onlara verilən kitabları kənara çıxartmır və ailə üzvləri arasında bu kitabın oxunması həyata keçirilir. Buna görə də onların hətta hansı ədəbiyyatları yaydıqları da bəzən məlum olmur. Bundan başqa gülənçilər adətən həftənin 4-cü günləri bir araya gəlirlər və hansısa dini ədəbiyyatın müzakirəsinə başlanılır. Yəni kitabdan hansısa fəsl oxunur və sonra bunun izahı verilir. Nəticədə dini ədəbiyyatın kütləvi şəkildə nümayişi olmur və buna görə də bu kitablarla bağlı dövlət səviyyəsində hər hansı addım atılmır. Son illər isə internet resurslarının həddindən artıq yayılmasına görə , artıq lazımı bilikləri kitab şəkilində yox, elə internet vasitəsi ilə əldə edirlər. Amma hələ də İran bu məsələdə axsayır və daha çox qadağan olunmuş ədəbiyyatlar bu ölkədən gətirilir. Öncələr bu kitablar hətta metrolarda belə satılırdı. Amma son zamanlar demək olar ki, bu tip kitablar, özüdə kril əlifbası ilə hazırlanan kitablara hansısa məscidlərin qarşısında rast gəlmək olurdu.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə əsasında. Səhifəni hazırladı Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35