Xəzərin hüquqi statusunun müəyyənləşməsi zaman tələb edir
11:33 25-04-2014
CƏMİYYƏT
Xəzərin hüquqi statusunun müəyyənləşməsi zaman tələb edir
Geosiyasi maraqlar və zəngin karbohidrogen ehtiyatları tərəflərin bir-birinə güzəştə getmələrini çətinləşdirir
Məlum olduğu kimi, aprelin 22-də Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdən sonra mətbuata açıqlamalarında nazirlər Xəzərlə bağlı bir sıra məsələlər üzrə uğurlu nəticələrin əldə edildiyini bildiriblər.
Görüşə ev sahibliyi edən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Xəzəryanı dövlətlərin XİN rəhbərləri Xəzərin hüquqi statusunun əsasını təşkil edəcək xeyli sayda prinsipləri razılaşdırıblar.
Onun bildirdiyinə görə, bu ilin payızında Həştərxanda sammitin keçiriləcəyi gözlənilsə də, bu sammitə kimi yekun konvensiya üzərində işləri başa çatdırmaq planı yoxdur. Lakin sammitə kimi bir sıra sənədlər, o cümlədən Xəzərin hüquqi statusuna dair Konvensiyada əks olunması nəzərdə tutulan sənəd hazırlanacaq. O əlavə edib ki, həmin konvensiyanın müvafiq maddələrinin əsasının təşkil edəcək xeyli sayda prinsipləri isə son görüşdə razılaşdırmaq mümkün olub. Bunlara "dəniz sahələrinin ayrılması, yox olmaq təhlükəsi altında olan nərə balıqlarının çoxalmasının saxlanılması üzrə tədbirlər" daxildir.
Digər Xəzəryanı ölkələrin nazirləri, o cümlədən Azərbaycanın XİN rəhbəri E.Məmmədyarov da S.Lavrovun dediklərini təsdiqləyib və hazırda prosesin uğurla davam etdiyini, bir sıra mühüm irəliləyişlərin əldə olunduğunu xüsusi vurğulayıblar.
Qarşıdurmadan
anlaşmaya
Xarici işlər nazirlərinin verdiyi bəyanatlardan göründüyü kimi, Xəzər ətrafında tərəflər arasında qarşılıqlı anlaşma və müəyyən razılıq mühiti formalaşmaqdadır. Bu isə ciddi uğurdur. Belə ki, əgər əvvəlki dövrlərə nəzər salsaq görərik ki, Xəzərlə bağlı müəyyən ikitərəfli razılaşmalar əldə olunsa da, çoxtərəfli formatda anlaşmadan söhbət gedə bilməzdi. Hətta tərəflər arasında müəyyən mərhələlərdə ciddi gərginliklərin yaşandığı da sirr deyil. Məsələn, bir neçə il öncə Aşqabadda keçirilmiş dövlət başçılarının zirvə toplantısında o vaxtkı türkmən prezidenti Niyazov (Türkmənbaşı) Xəzərdən "qan iyi gəlir" deməklə müharibə ehtimallarını istisna etməmişdi. Bu mənada nazirlərin son nikbinliyi mühüm əhəmiyyətə malikdir.
Bundan başqa, Azərbaycan prezidentinin İrana baş tutan son səfəri və səfər zamanı tərəflərin mövcud problemləri qarşılıqlı anlaşma şəraitində həll etməklə bağlı nümayiş etdirdiyi iradə, həmçinin Türkmənistan prezidentinin ölkəmizə gözlənilən səfəri Xəzərin statusu ilə bağlı irəliləyiş tendensiyasının davam edəcəyinə işarədir.
Lakin prosesin qısa müddətdə və bütün tərəfləri razı salacaq formada yekunlaşması da müəyyən mənada sual altındadır.
Xəzər: göl, yoxsa dəniz?
Xəzərin hüquqi statusu məsələsi hələ sovetlər birliyinin dağıldığı ilk gündən ortaya çıxıb. Əgər əvvəllər Xəzər ətrafında iki dövlət vardısa və bu su hövzəsindən istifadə onlar arasında bağlanmış müvafiq sənədlərə uyğun olaraq həyata keçirilirdisə, SSRİ-nin dağılmasından sonra yeni situasiya yarandı. Artıq Xəzər ətrafında təkcə SSRİ-nin hegemonluğu deyil, İran da daxil olmaqla 5 dövlətin bərabərhüquqlu iştirakı iddiası ortadadır. Lakin bu beş dövlət, hələ ki, Xəzərdən istifadə, onun bölünməsi ilə bağlı razılıq nümayiş etdirə bilmirlər.
Problemli məqam isə tərəflərdən hər birinin öz mənafelərindən çıxış etməklə yanaşma nümayiş etdirməsindədir. Baxmayaraq ki, bütün mübahisəli tərəflər beynəlxalq hüquqa istinad edir. Məsələn, İran Xəzərə göl kimi yanaşaraq onun 20%-lik prinsiplə bölünməsini, digər 4 ölkə isə dəniz kimi yanaşmaqla orta xətt prinsipi ilə bölünməsini təklif edirlər. Qeyd edim ki, orta xətt prinsipində də tərəflər arasında (Azərbaycan və Türkmənistan arasında) mövqe haçalanması var.
Lakin məlum olduğu kimi, üç Xəzəryanı dövlət – Azərbaycan, Rusiya və Qazaxıstan öz aralarında razılığa gələrək müvafiq sazişlər imzalaya biliblər. Demək olar ki, bu üç ölkə arasında hüquqi problem yoxdur.
Enerji faktoru statusun həllinə əngəl törədir
Əslində Xəzərlə bağlı problemin 20 ildən artıq bir müddətdə öz həllini tapmamasının bir sıra geosiyasi amilləri də var. Məlumdur ki, Xəzər zəngin karbohidrogen ehtiyatlarına və əhəmiyyətli tranzit imkanlarına malikdir. Xəzərin enerji resurslarının işlənməsində aparıcı kompaniyaların Qərbi təmsil etməsi və məhsulların birbaşa Qərbə istiqamətlənməsi bölgənin iri dövlətlərinin - Qərblə konfrantasiya şəraitində olan Rusiya və İranın maraqlarına xidmət etmir. Belə ki, neft-qaz hasilatı ilə məşğul olan kompaniyaları vasitəsilə Qərbin regionda möhkəmlənməsi, eyni zamanda da öz enerji təminatı üçün alternativ variant əldə etməsi xüsusilə Rusiyanı ciddi narahat edir. Həmçinin sirr deyil ki, Qərb Qazaxıstan və Türkmənistan qazı və neftinin Rusiya ərazisi ilə deyil, məhz Xəzər vasitəsilə tranzitini də təşkil etməyə cəhdlər göstərir.
Bir sıra sahilyanı dövlətlərə Xəzərdə müdafiə qabiliyyətinin artırılması istiqamətində Qərbin yardımlarının artması da regionun hegemon dövlətlərinin diqqətindən yayınmır. Bunun nəticəsidir ki, xüsusilə Rusiya və İran Xəzərdə hərbi mövcudluqlarını son illər xeyli gücləndiriblər. Tez-tez Xəzərdə Rusiya və İranın hərbi təlimlər keçirməsi, yeni hərbi gəmilər yerləşdirməsi kimi informasiyalar yayılmaqdadır.
Bu baxımdan Xəzər bölgəsi Qərb və Rusiyanın, həmçinin İranın maraqlarının kəsişdiyi mühüm nöqtələrdən biridir. Belə bir şəraitdə isə status məsələsinin qısa müddətdə həllini tapması və bölgə ölkələrinin öz enerji resurslarını sərbəst şəkildə ixracına Rusiya və İran tərəfdən imkan yaradılacağına inanmaq çətindir. Bu barədə Xəzər üzrə ekspert Rüstəm Məmmədovun fikirləri də maraq kəsb edir: "Hazırda real bir irəliləyiş baş verdiyini düşünmək olmaz. Çünki Xəzər neftinin, qazının Rusiyasız və İransız istismar edilməsi onların maraqlarına uyğun deyil. Bu səbəbdən də Xəzər dənizinin statusunun formalaşmasına tələsmirlər".
Lakin status məsələsində aktivləşmə, bölgə ölkələrinin mövqelərinin yaxınlaşdırılmasının Rusiyanın marağında olduğu göz önündədir. Çünki son dövrlər Qərbdən ciddi təzyiqlər görən Rusiya Xəzər bölgəsi ölkələri ilə münasibətləri yaxşılaşdırmasına çalışmaqla Qərbin bu bölgədə aktivləşməsinin qarşısının alınması üçün preventiv addımlar ata bilər.
Fuad
Digər Xəbərlər
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47