Nazir iş yerlərindəki bədbəxt hadisələrdən və ölüm hallarından danışdı
11:39 25-04-2014
CƏMİYYƏT
Nazir iş yerlərindəki bədbəxt
hadisələrdən və ölüm hallarından danışdı
28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi" mövzusunda konfrans keçirilib.
Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən Ümumdünya Əməyin Mühafizəsi gününün təsis olunmasının dünya ictimaiyyətinin diqqətinin əməyin mühafizəsi kimi aktual bir məsələyə cəlb edilməsi olduğunu vurğulayıb: "BƏT-in məlumatına əsasən, dünyada hər il istehsalatda təxminən 339 milyon bədbəxt hadisə baş verir, 160 milyon nəfər xəsarət alır və peşə xəstəliyinə tutulur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində həlak olanların sayı hər il təxminən 2 milyon 340 min nəfər təşkil edir. Digər tərəfdən, bu hadisələr dünya iqtisadiyyatına hər il 2,8 trilyon ABŞ dolları həcmində ziyan dəyməsinə, dünya üzrə ÜDM-in 4 faizinin itirilməsinə səbəb olur".
Respublikamızda da son illərin göstəricilərinə əsasən, istehsalatda hər il 250-yə qədər bədbəxt hadisənin baş verdiyini, bu hadisələr nəticəsində dünyasını dəyişənlərin sayının 80 nəfərə yaxın olduğunu qeyd edən S.Müslümov ölkəmizdə əməyin mühafizəsinin dövlətin sosial siyasətinin əsas məqsədlərindən biri olduğunu bildirib.
Nazir bildirib ki, ölkəmizdə son onillikdə hər 100000 nəfər işləyənə düşən istehsalatla bağlı bədbəxt hadisələrin (o cümlədən, ölümlə nəticələnən) sayında nisbi stabillik müşahidə olunub. 1997-2000-ci illərdə hər 100000 işləyənə düşən istehsalatla bağlı bədbəxt hadisə nəticəsində ölənlərin sayı 4 nəfər, 2009-2012-ci illərdə 4-6 nəfər olub. Eləcə də 1997-2000-ci illərdə hər 100000 işləyənə düşən istehsalatda xəsarət alanların (ölümlə nəticələnməyən) sayı 16 nəfər, 2009-2010-cu illərdə 15-16 nəfər, 2011-2012-ci illərdə isə 4-5 nəfər təşkil edib.
S.Müslümov nəzərə çatdırıb ki, Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiyanın hazırlanması nəzərdə tutulub. Aidiyyəti dövlət orqanlarının və sosial partnyorların iştirakı ilə Strategiyanın layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Layihədə təhlillər əsasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə əsas məqsədlərə çatmaq üçün perspektiv tədbirlər əksini tapıb: "Belə tədbirlərdən biri kimi, respublikada yaxın gələcəkdə Dövlət Əməyin Mühafizəsi Fondunun, Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin, eləcə də əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması nəzərdə tutulur. Strategiya üzrə əməyin mühafizəsi sisteminin təkmilləşdirilməsi, işçilərin sağlamlığının qorunması məqsədilə onların icbari tibbi sığorta olunmalarına dövlət və ictimai nəzarətin gücləndirilməsi işləri də aparılacaq. Bununla yanaşı, əməyin mühafizəsi və gigiyenası sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi kimi tədbirlər də həmin strategiyada qeyd olunub".
Bu konfransın mövzusunun - kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi məsələsinin son dərəcə aktual olduğunu vurğulayan nazir iş yerlərinin əməyin mühafizəsi normalarına uyğunluğunun müasir üsullarla ekspertizası üçün xüsusi laboratoriyaların yaradılmasına başlandığını bildirib. "Bakıda Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Laboratoriyasının tikintisi nəzərdə tutulur. Digər bölgələrdə də belə laboratoriyalar yaradıla bilər. Onlarda olan ən müasir avadanlıqlar istehsal sahələrində işçilərin sağlamlığına mənfi təsir göstərən zərərli fiziki-kimyəvi-bioloji amilləri öyrənməyə imkan verəcək".
S.Müslümov qarşıdakı dövrdə işçi insanların həyat və sağlamlığının qorunması məqsədilə iş yerlərində əməyin mühafizəsi normalarının tətbiqinə dövlət nəzarətinin daim artırılacağını vurğulayıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev dinamik iqtisadi tərəqqi tempinə malik ölkəmizdə özəl sektora dövlət qayğısından söz açaraq, işçilər üçün təhlükəsiz iş şəraitinin yaradılmasının hər bir işəgötürən üçün ilk növbədə mənəvi borc olduğunu bildirib. Əməyin mühafizəsinin eyni zamanda hər bir müəssisənin iqtisadi mənafeyi üçün də vacib olduğunu vurğulayan M.Musayev rəhbəri olduğu təşkilatın bu yöndə gördüyü işləri diqqətə çatdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə konfransın mövzusuna uyğun olaraq, iş yerlərində kimyəvi maddələrdən istifadə halları və belə hallarda işçilərin həyat və sağlamlığına yönələ biləcək mənfi təsirlər, habelə bu təsirlərdən qorunmaq üçün zəruri mühafizə vasitələri barədə geniş təqdimatla çıxış edib. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində görülən işlərdən söz açan F.Əlizadə iş yerlərində yol verilən hüquq pozuntularının bir hissəsinin də əməyin mühafizəsi tələblərinə riayət edilməməsindən irəli gəldiyini qeyd edib: "Bu ilin birinci rübündə əmək qanunvericiliyinin pozulması halları ilə bağlı işəgötürənlərə tətbiq olunmuş cərimələrin 34 faizi dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 21 dəfə, hətta son üç il ərzində ödənilmiş cərimələrin məbləğindən 40 faizədək çoxdur".
F.Əlizadə iqtisadiyyatın sahələri üzrə cərimələrin əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, yaşayışın təşkili və ictimai iaşə, nəqliyyat və rabitə, emal sənayesi və s. sektorlarda tətbiq olunduğunu diqqətə çatdırıb. Xidmət rəisi uşaq əməyinin istismarının və məcburi əməyin qarşısının alınması sahəsində aidiyyəti təşkilatlarla həyata keçirilən əməkdaşlıq barədə də məlumat verib.
Konfransda digər çıxış edənlər əməyin mühafizəsi sahəsində müsbət meyllərin mövcud olduğunu qeyd edərək, bir çox iş yerlərində bu sahəyə hələ də biganə münasibətin qaldığını bildiriblər. Tədbirdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb.
Digər Xəbərlər
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00