Sərdar Cəlaloğlunun İsa Qəmbərlə ixtilafı davam edir
21:25 26-04-2014
CƏMİYYƏT
Sərdar Cəlaloğlunun İsa Qəmbərlə ixtilafı davam edir
ADP sədri Müsavat başqanının zəif damarından istifadə edərək onu küncə sıxır
Müsavat Partiyası ilə ADP arasındakı münaqişə səngimək bilmir. Daha doğrusu, ADP sədri Sərdar Cəlaloğlu İsa Qəmbərə qarşı olan hikkəsini davam etdirərək, hər fürsətdə onun əleyhinə kampaniya aparır.
Belə ki, iki gün öncə Sərdar Cəlaloğlu mətbuata müsahibəsində Müsavatı sərt tənqid edib. O bildirib ki, məhz bu partiya xarici diplomatlarla görüşləri zamanı etiket qaydalarını pozaraq ölkədə fəaliyyət göstərən digər siyasi qüvvələr haqda əsassız və həqiqətdən uzaq fikirlər işlədir: "Əgər sən kimdənsə fərqli bir müxalifətçilik ortaya qoyursansa, dərhal satqın olursan. Əksinə, əgər onların dediyinin səhv olduğuna baxmayaraq, bunun doğru olduğunu ifadə edirsənsə, bu zaman sən də olursan müxalifət. Yox, əgər sən onun buraxdığı səhvi düzəltmək istəyirsənsə, artıq satqınsan. Bizdə belə təcrübə var. Bunun nəticəsində də beynəlxalq ictimaiyyətin Azərbaycandakı siyasi qüvvələr haqqında münasibətləri təhrif olunmuş formadadır. Bu səbəbdən də bizlər belə görüşlərdən kənarda qalırıq". Onun sözlərinə görə, Müsavat kimi partiyalar da xarici diplomatlarla görüş zamanı onların əleyhinə donos yazırlar: "Yüzdə yüz belədir. Son parlament seçkilərində bizim qərargahımızda ATƏT-in seçkiləri müşahidə missiyası ilə görüşdük. Bizdən əvvəl missiya AXCP və Müsavat rəhbərliyi ilə görüşmüşdü. Onlar bizimlə görüş zamanı dərhal qeyd etdilər ki, bizdən əvvəl müzakirə apardıqları şəxslər deyiblər ki, siz hökumətin partiyasısınız. Mən də cavab verdim ki, əgər biz də desək ki, onlar hakimiyyətin partiyasıdır, onda sizdə təəssürat yaranacaq ki, Azərbaycanda müxalifət yoxdur. Bu səbəbdən də, onlar nə deyibsə, elə də qəbul edin. Bir sözlə, müşahidə missiyası bizə açıq dedi ki, bizdən əvvəl görüşdükləri müxalifətçi həmkarlarımız bizim hakimiyyətə işlədiyimizi deyiblər. Bu, öz qrup maraqlarını müdafiə etməkdən doğur. Bir var Qərb on partiya ilə əməkdaşlıq edir, biri də var bir partiya ilə. Məsələn, ola bilsin ki, Qərbdən müəyyən qrantlar da alırlar. Bunu da məhdud bir sayda qüvvənin əldə etməsi üçün bu cür iş aparırlar".
İlk baxışdan burda təəccüblü bir şey olmasa da, son bir neçə ildə S.Cəlaloğlunun məhz İsa Qəmbər və Müsavata qarşı belə bir mövqe tutmasının səbəbləri var. Birincisi, İctimai Palata yaradılanda İsa Qəmbər Sərdar Cəlaloğlunun ora qoşulmasına imkan vermədi və sonrakı dönəmdə qarşılıqlı ittihamlar müşahidə olundu, münasibətlər daha da pisləşdi. Sonuncu dəfə isə şəxsi zəmində olan münasibətlər də pozuldu. Belə ki, İsa Qəmbər oğlunun toyuna ADP sədrini dəvət etməməklə bütün körpüləri yandırdı. O vaxt mətbuata açıqlama verən Sərdar bəy açıq şəkildə İsa Qəmbərin bu hərəkətinə qarşı sərt etirazını bildirmişdi. Bununla da iki lider arasındakı həm siyasi, həm də şəxsi münasibətlər korlandı. Ona görə , Sərdar Cəlaloğlu hər fürsətdə İsa Qəmbər və Müsavatı "vurur". ADP sədrinin son açıqlamasına münasibət bildirən Müsavat Partiyasının başqan müavini Mehman Cavadoğlu onu qeyri-ciddilikdə ittiham etdi. "Sərdar Cəlaloğlu məsələlərə bir qədər ciddi yanaşmır. Xarici təşkilatların, beynəlxalq qurumların bu iki partiyaya fərqli yanaşması onların cəmiyyətdəki nüfuzu, yeri ilə bağlıdır. Onlar həm real müxalifət partiyası olduqlarına görə, həm müxalif elektoratın maraqlarını qoruduqlarına görə bu partiyalarla münasibətlər daha fərqli şəkildə qurulur. Beynəlxalq qurumların münasibəti bu partiyaların cəmiyyətdəki böyük nüfuzu və çəkisinə görədir", – deyərək ADP sədrinə cavab verdi.
Ancaq S.Cəlaloğlu Müsavatın həssas yeri olan qurultay məsələsi ilə bağlı İsa Qəmbərin zəif yerindən vurmağa başladı. Dünən ADP sədri Bakı meriyasının Müsavat Partiyasına qurultay keçirmək üçün yer verməyəcəyi təqdirdə çıxış yolu göstərib. S.Cəlaloğlu Müsavata qurultay üçün ADP-nin konfrans zalını verməyə hazır olduğunu bildirib. "Düzdür, bu vaxta qədər ADP-yə bu barədə müraciət edilməyib. Amma böyük məmnuniyyətlə Müsavat Partiyasına ADP-nin konfrans zalını verərdim. Ancaq Müsavat Partiyası min nəfərlik yer axtarır. ADP-nin zalında isə bu qədər insanı tuta biləcək yer yoxdur. Hər halda müraciət edilsə, tərəfimizdən heç bir problem olmayacaq", – deyə ADP sədri qeyd edib.
Müsavat Partiyasının Divan üzvü İkram İsrafil isə ADP sədrinin bu təklifinin altında yatan səbəbi bildiyindən ona cavabı gecikməyib: "Sərdar Cəlaloğlunun ürəyinin geniş olduğunu bilirəm. Həm də onun nəzərinə çatdırıram ki, Müsavat Partiyasının qurultay keçirmək üçün müraciət edəcəyi ünvan Azərbaycan Demokrat Partiyası deyil". O bildirib ki, Müsavat Partiyası qurultayla bağlı müraciət etdiyi ünvandan müsbət cavab alacağına ümid edir: "Müsavat Partiyası qurultayla bağlı müraciət edəcəyi ünvandan müsbət cavab gözləyir. Biz bu təklifinə görə, Sərdar Cəlaloğluna ancaq təşəkkür edə bilərik".
Təbii ki, Sərdar Cəlaloğlu Müsavatın onun təklifini qəbul etməyəcəyini bilir. Sadəcə olaraq, qurultayı təxirə salmaq istəyən İsa Qəmbəri pis vəziyyətdə qoymaq üçün belə bir təkliflə çıxış edir. Çünki bu dəqiqə İsa Qəmbər qurultay məsələsinin gündəmdən çıxmasını istəyir və hakimiyyətin yer ayırmadığı bəhanəsi ilə başqanlıq müddətini uzatmağa çalışır. Amma S.Cəlaloğlu yer məsələsinin sadəcə, bəhanə olduğunu göstərmək üçün təklif verməklə İsa Qəmbəri küncə sıxır. Hər halda, görünən odur ki, bu daxili savaş hələ çox davam edəcək.
Z.QƏRİB
Digər Xəbərlər
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33