Azərbaycanın beynəlxalq münasibətlər sistemi və Heydər Əliyev şəxsiyyəti
21:28 26-04-2014
CƏMİYYƏT
Azərbaycanın beynəlxalq münasibətlər sistemi və Heydər Əliyev şəxsiyyəti
Bu sətrlərin müəllifi olaraq illər öncə nəsib olmuşdu ki, mən də ümumilli lider Heydər Əliyevin Fransa səfərində jurnalist kimi iştirak edim. Qos-qoca Avropa və iki nəhəngin - Azərbaycan respublikasının prezidenti Heydər Əliyevlə, Fransa respublikasının prezidenti Şak Şirakın görüş anı. Yelisey sarayı qarşısında fəxri qarovul düzülüb. Şak Şirak artıq sarayın giriş qapısında gözləyir. Prezident Heydər Əliyevin içində olduğu, üzərində Azərbaycan bayrağı olan maşın karvanı sarayın həyətinə daxil olur.
Maşından düşən və aramla Yelisey sarayının qarşısında yuxarı pilləkəndə onu gözləyən Şak Şiraka tərəf addımlayır. Birinci pilləyə ayaq qoyanda artıq Jak Şirak yuxarı pilləkəndə dayanaraq əlini Heydər Əliyevə tərəf uzatmışdı. Ümumilli lider isə qarşısında uzanan əli tutmadan gülümsünə- gülümsünə Jak Şirakın dayandığı pilləkənə çatdı və bundan sonra onunla yanaşı duraraq əlini sıxdı. Bilmirəm bunu başqa kimlərsə müşahdə etmişdimi onda. Amma həmin an bir azərbaycanlı olaraq sadəcə qürur duydum. Avropanın ən böyük ölkəsi olan Fransanın prerzidenti , yeni müstəqilliyə sahib olmuş Azərbaycanın müdrik prezidentinə yuxarıdan aşağı salam vermişdi. Prezident isə müdrik şərqli və peşəkar dövlət xadimi kimi o salamı eyni həddə, eyni səviyyədə, eyni pilləkəndə duraraq qəbul etdi. Bu əslində Heydər Əliyevin xarici siyasətindəki, əsas prioritet idi. "Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu səviyyədə münasibətlər quracaq və balanslaşdırılmış siyasət xarici siyasətimizin priroriteti olacaq"-deyən Heydər Əliyev hətta bu prinsipi salamlaşmada da qorumağı bacarmışdı. 1993-cü ilin oktyabrında prezident seçilən Heydər Əliyevin qarşısında çox dəhşətli və xaosla dolu bir mənzərə dayanmışdı. Ölkə vətəndaş müharibəsinin astanasında, Ermənistan Azərbaycan torpaqlarını işğal etməkdə və qonşu İran və Rusiya ilə münasibətlər acınacaqlı durumda, ölkə vətəndaşları isə Dostoyevskinin "Cinayət və cəza" romanının baş qəhramanı Raslinkov kimi bir qorxu içində çabalayırdı. Bu səhnəni təsəvvür etmək sadəcə o zaman mümkünsüz görünürdü. Təsəvvür edin ki, toplu bir aqressiya və özünəinamsızlıq içində milyonlarla insan, vətəndaş əvəzindən Heydər Əliyevin addım atmasını gözləyirdi. Peşəkar idarəetmə qabiliyyətinə malik Heydər Əliyev isə eyni vaxtda böyük çevikliklə həm daxildə, həm də ölkə xaricində aktiv fəaliyyətə başladı.
Ölkənin xarici siyasətinin bərbad durumu öz yerində, o biri tərəfdən isə Avropa və ABŞ kimi yeganə güvənc yerimiz olan ölkələrin erməni lobbisinin təsiri ilə hərəkət etməsi ümummilli liderimizin daha düşünülmüş, əvvəlcədən ölçülmüş addımlar atmağa, vəziyyəti öz xeyrimizə dəyişməyə vadar edirdi. Mənzərə Salvador Dalinin "Yaranış" rəsm əsərinə bənzəyirdi. Heydər Əliyev isə müdriklərdən birinin dediyi kimi bu əsərin düyününü "Dünyanın yaranış yeri- sivilizasiya harda yaranıb, dünyanın xilası da ordadır"- prinsipi ilə çözməyə başladı. Qısa zaman ərzində dünyanın diqqətini Azərbaycana yönəltdi. İstər Rusiya, istər İran, istər Avropa, istərsə də ABŞ-la eyni hədli əməkdaşlıq yarada bildi və illər boyu Azərbaycanı küncə sıxışdıran erməni lobbisinə zərbələr endirməyə başladı. Xarici siyasətdə ilk belə həmlə və Ermənistanı naktaun vəziyyətinə salan zərbə ATƏT-in Lissabon Zirvə toplantısında oldu. Prezidenti Heydər Əliyev 3 dekabr 1996-cı ildə ATƏT-in Lissabon Zirvə görüşünün yekun iclasında Ermənistanı demək olar ki, çıxılmaz duruma saldı.
Toplantının bütün iştirakçıları Azərbaycanın tutduğu mövqe ilə razılaşdı və tarixində ilk dəfə Dağlıq Qarabağ məsələsində Heydər Əliyev Ermənistanı təklədi. Hətta buna görə ATƏT-in sədri Flavio Kotti çıxış edərək bildirdi ki, mən Azərbaycan nümayəndələrinə onların məsələyə çox ciddi yanaşdığına görə minnətdarlığımı bildirmək istərdim:-"Bildiyiniz kimi Minsk qrupunun həmsədrləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını təşkil edəcək üç prinsip tövsiyə edilibdir. Həmin prinsiplər Minsk qrupunun üzvü olan bütün dövlətlər tərəfindən dəstəklənir. Onlar aşağıdakılardır. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü, Azərbaycan tərkibində Dağlıq Qarabağa ən yüksək dərəcəli özünüidarəetmə hüququ verən öz müqəddəratını təyin etmək əsasında Dağlıq Qarabağın sazişlə müəyyən edilmiş hüquqi statusu, tənzimləmə müddəalarına bütün tərəflərin əməl etməsini təmin edən qarşılıqlı öhdəliklər daxil olmaqla Dağlıq Qarabağın və onun bütün əhalisinin təminatlı təhlükəsizliyi. Təəssüf edirəm ki, Ermənistan bunu qəbul edə bilmədi. Bu prinsiplər bütün digər iştirakçı dövlətlər tərəfindən dəstəklənir".
Qeyd edək ki, bu bəyanat Lissabon Zirvə toplantısının sənədlərinə daxil edildi. Amma Lissabon sammitində bu uğura nail olmaq üçün Heydər Əliyev bundan əvvəl də bir neçə uğurlu siyasi gedişlər də etmişdi. İlk olaraq 30 sentyabr 1994 - cü ildə BMT Baş Məclisinin iclasında fəal iştirak edərək dünya dövlətlərinə müraciət ünvanlamış, bundan sonra isə 22 oktyabr 1995 - ci ildə BMT - nin 50 illiyi münasibətilə keçirilən Baş Məclisin iclasında və 1996-cı ildə BMT Baş Assambleyasında yüksək tribunasından çıxış edərək BMT-in ATƏT-lə əməkdaşlığa dair qətnaməsində bu beynəlxalq təşkilatın Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiyini bir daha təsdiqlətmişdi. Heydər Əliyev o illərdə Ermənistanın təcrid olunması üçün yürütdüyü xarici siyasətdə
-Azərbaycan - Amerika Birləşmiş Ştatları siyasətini
-Azərbaycan - Asiya siyasətini
-Azərbaycan - Avropa siyasətini
-Azərbaycan - Beynəlxalq təşkilatlar siyasətini
-Azərbaycan - Ərəb dünyası xarici siyasətini
-Azərbaycan - MDB xarici siyasətini
-Azərbaycan - Türk dünyası siyasətini
-Azərbaycan - Rusiya Federasiyası siyasətini eyni zamanda, eyni həddə inkişaf etdirərək dünya gücləri qarşısında böyük siyasətçi, müdrik dövlət başçısı olmasını bir daha sübut etmişdi. Xarici siyasətdə məhz belə bir katoloqlaşdırma yaratmaqla Heydər Əliyev həm də belə bir həssas məqamda mümkün olmayan balanslaşdırma siyasətini həyata keçirə bilmişdi. Heydər Əliyevin xarici siyasətdəki, bəlkə də ən böyük sirlərindən biri də məhz bu oldu. Filosof Russonun dediyi "Azadlıq istədiyini etmək deyil, azadlıq istəmədiyini zorla etməməkdir"- tezisini reallıqda nümayiş etdirən Heydər Əliyev sübut etdi ki, Azərbaycan gənc dövlət olsa da, müdrik Heydər Əliyev Azərbaycanın istəmədiyini etməyəcək.
Heydər Əliyev xarici siyasətdə düzən yaratmamışdan öncə çox maraqlı başqa bir riskli addıma da imza atdı ki, bu imza nəinki Azərbaycanın, həm də regionun gələcək siyasi həyatını həll etdi. Hər zaman siyasi-iqtisadi gedişlərə üstünlük verən dünya, bu dəfə Heydər Əliyevin simasında iqtisadi siyasətin önəmini açıq şəkildə gördü. Heydər Əliyev dünyanın qəbul etmədiyi Azərbaycanı qəbul etdirmək üçün dünya güclərinə Azərbaycanın regional gücünü, qərbin enerji təhlükəsizliyində oynayacağı rolu nümayiş etdirdi. Bu həmən zamanlar idi ki, soyuq müharibənin hələ konturları qalmışdı və Azərbaycanda Rusiya ilə İranın kifayət qədər nüfuz gücü var idi, hətta hakimiyyət dairələrində də təmsil olunmaqla ciddi problemlər yaradırdılar. Heydər Əliyev isə hətta həyatını belə riskə ataraq "Əsrin müqaviləsi"nə doğru addımlayırdı. Nəhayətində isə buna nail oldu. 20 sentyabr 1994-cü ildə Bakıda neft hasilatı üzrə ixtisaslaşmış, dünyanın 8 ölkəsini təmsil edən yüksək nüfuza malik 12 iri neft şirkəti arasında Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən üç neft yatağının - "Azəri", "Çıraq" və "Günəşli" - birgə işlənilməsini nəzərdə tutan irimiqyaslı beynəlxalq müqavilə imzalandı. Bu müqavilə 150 illik tarixi olan Azərbaycan neft sənayesinin dönüş nöqtəsi və yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikasında neft strategiyasının həyata keçirilməsinin başlanğıcı hesab edilir. "Əsrin müqaviləsi" adı ilə tarixə düşən bu beynəlxalq neft layihəsinin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna əhəmiyyəti oldu. Heydər Əliyev həmçinin bu müqaviləni reallaşdırmaqla Azərbaycanın mükəmməl xarici siyasətini müəyyənləşdirdi. Bunun konturları isə aşağıdakılardır.
1. Azərbaycan qərbə inteqrasiyada qərarlıdır
2. Rusiya ilə iqtisadi-siyasi əlaqələr daha da gücləndirilməlidir
3. İranın timsalında şərq bağları qorunub saxlanılmalıdır
Heydər Əliyev həm də elə bir xarici siyasət kursu müəyyənləşdirdi ki, Azərbaycanın azad iqtisadi siyasət həyata keçirtməyə imkanları artsın. Və bu gün mövcud durum bu siyasətin nə qədər doğru olduğunu sübut etdi.
Qos-qoca Fransa və üzərində Azərbaycan bayrağı olan maşın karvanı Yelisey sarayına daxil olur. Fransanın prezidenti Şak Şirak yenicə prezident seçilmiş İlham Əliyevi pilləkənin üzərində gözləyir. Bu sətirlərin müəllifi olan mən yenə jurnalist olaraq növbəti səhnəni müşahidə edirəm. Yadıma ümumilli lider Heydər Əliyevin Yelisey sarayındakı görüşü düşdü və İlham Əliyevin salamlaşma səhnəsini səbrsizlik gözləməyə başladım. Artıq dünya dövlətləri sırasında söz sahibinə çevrilən Azərbaycanın prezidenti qürurla Yelisey sarayının pilləkənlərinə yaxınlaşırdı. Jak Şirak isə artıq pillkənin hələ ilk pilləsindən qalxan İlham Əliyevə əlini uzatdı. Eyni səhnə təkrarlanırdı. İlham Əliyev isə gülümsəyə-gülümsəyə pilləkənləri qalxıb Jak Şirakla yanaşı dayandı və Fransa prezidentinin uzanan əlini sıxdı. "Mən Heydər Əliyevin siyasi kursunu davam etdirəcəyəm"-deyən İlham Əliyev bir salamlaşma ilə bunu sübut etdi. Və səfərinin ikinci günü Fransanın beyin mərkəzlərindən birində görüş keçirən İlham Əliyev bəyan etdi-"Mən Azərbaycanda yaşayan azərbaycanlıların deyil, həm də dünyada yaşayan azərbaycanlıların prezidentiyəm". Bu isə artıq Azərbaycanın beynəlxalq aləmdəki, gücünü , xarici siyasətdə ki, uğrunun nəticəsi idi. Dünənə qədər Azərbaycanın və Azərbaycanda yaşayan azərbaycanlıların taleyi haqqında düşünən İlham Əliyev indi dünya azərbaycanlılarının taleyi haqqında düşünür. Bu düşüncə isə xarici siyasətimizdə yeni səhifə açdı. İlham Əliyev yeni səhifənin konturunu belə bəyan etdi:-"Azərbaycan diplomatiyası artıq müdafiə diplomatiyasından imtina edərək hücum diplomatiyasına keçməlidir".
Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47