Bizdə oxuyan azdı, ona görə kitablar gözümüzə çox görünür
Hair Zahir Əzəmətdən dərləmələr
Dünən çağdaş şeirimizin iistedadlı imzalarından Zahir Əzəmətin doğum günü idi. 1975-ci il iyunun 18-də Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olaq Zahir bəy, burada kənd orta məktəbını bıtırdikdən sonra Mingəçevir Politexnik İnstitutunun iqtisadiyyat fakültəsində təhsil alıb. Hələlik yeganə şeir kitabı olan "Divar yazıları" 8 il öncə çap olunub. Ad günü ərəfəsində publisistik yazılardan ibarət "Balaca adam" kitabı işıq üzü görüb.
Zahir bəyi doğum günü münasibəti ilə qutlayır, yeni yaradıcılıq muğurları arzulayırıq.
- Zahir bəy, xeyli vaxtdır imzanıza rast gəlmirəm. Elə bil, ədəbiyyatdan bir az uzaq düşübsünüz. Yaradıcılıqda nə yenilik var?
- Mən heç vaxt məhsuldar, yaradıcılıqda aktiv yazar olmamışam. Bu, həmişə belə olub. İlk kitabım 2006-cı ildə nəşr olunub. Həmin kitabdakı şeirlər iyirmi il müddətində yazdıqlarım idi. Yəqin ikinci kitabım da yaxın vaxtlarda işıq üzü görməyəcək. Təbii ki, 20 il çəkməyəcək, amma bir-iki il gözləməli olacağam. Əsas odur, ümumi əhvalım yaxşıdır, xarakter etibarı ilə nikbin adamam. Bir problem görəndə depressiyaya düşməyə yox, ona qarşı mübarizə aparmağa çalışıram.
- Cəmi bir şeir kitabınız var.
- Şeirlər kitabım çıxanda 31 yaşım var idi. Bu o demək deyil ki, mən 31 yaşına qədər cəmi bir kitablıq şeir yazmışdım. Mən o qədər məhsuldar deyildim, amma o kitaba qədər mən bəlkə də on kitablıq şeir yazmışdım. Bir az qəddaram, yazdıqlarımı bəyənmirəm, yazıram, sonra silirəm. O kitabı mən yenidən buraxsaydım, yəqin, onun beş faizini saxlayardım. Bu gün beş kitablıq şeirim var. Yəni buraxa bilərəm. Amma hesab edirəm ki, bu indiki ortam şeir havası deyil. Bir az nəsr havası var. Azərbaycan bu gün belə poetik desək nəsranədir və bu mənada yazdıqlarımı dəmə qoymuşam, vaxtı yetişəndə çap edəcəm. Mən ədəbiyyata menecerlik tərəfdən də baxıram. Bu gün bir şeir kitabı çıxarmaq, onu səssiz quyuya atmaq kimi bir şeydir. Özümü az çap edirəm. Kitab dükanlarında nəsr daha çox satılır, nəinki şeir.
- Onda roman niyə yazmırsınız?
- Mən özümü romana hazır hiss etmirəm. Hər şeir yazan mütləq həm də roman yazmalı deyil. Səmimi deyim ki, öz dil potensialımı da roman yazmağa hazır etmirəm. Mənim təfəkkürüm nəsr təfəkkürünə bəlkə də yaxındır, amma dil potensialım buna imkan vermir. Özümü hazır saymıram buna.
- Zahir bəy, hal-hazırda xeyli məşhur olan istedadlı gənc yazıçıların, şairlərin yayımlanmasına, tanınmasına kömək etmisiniz, mənəvi dəstək olmusunuz. İndi həmin gənclərdən, onların öz üzərlərində işləmələrindən razısınızmı?
- Mən uzağa getmirəm, elə özümü götürürəm. İlk dəfə mən ucqar əyalətdən Bakıya gələndə, gördüm ki, ədəbiyyat heç də uzaqdan göründüyü kimi deyil. Belə olan halda mən və mənim kimi düşünən insanlar istedadlı uşaqları kəşf etməyə, bir yerə toplamağa başladıq. Öz imkanlarımız daxilində başladıq onlarla birlikdə özümüzə yol açmağa. Biz təmənnasız çalışdıq ki, gənclər çap olunsun, üzə çıxsın. Bu baxımdan demək olar ki, bu gündə ədəbiyyatda olan onlarla imzanın ilk dəfə çap olunmasında, yayımlanmasında mən və nəşrində iştirak etdiyim qəzetlər, dərgilər rol oynayıb. Həmin gənclərdən də razıyam. Çünki, yenə də deyirəm, biz bu işi heç bir təmənna güdmədən etmişik. Və o vaxtı biz düşünmürdük ki, bu imzaların hamısı ədəbiyyatda qalacaq. Bilmək olmaz ki, bu gün üzdə olan imza, on ildən sonra nə yazacaq. Amma hər halda qapılar açılmalıdı ki, onlar meydana gəlsin. Onlardan daha dözümlüsü, daha istedadlısı axıra qalsın. İndi baxın görün, il ərzində nə qədər kitab çap olunur. Amma on il bundan əvvəl belə deyildi. Bəzən kitabların çoxluğundan gileylənirlər. Amma biz əslində o qədər kitabsız dönəm yaşamışıq ki, elə bilirik ki, bu kitablaın sayı çoxdur. Əslində isə bizdə oxuyan azdı, ona görə kitablar gözümüzə çox görünür.
- Sizcə, kitab oxuyanların sayı niyə azdı?
- Bu tək ədəbiyyatla bağlı problem deyil. Televiziyada ədəbiyyatla bağlı təbliğat getmir. Təhsil sistemimiz zəifdi. Mən özüm uzaq əyalətin kənd məktəbində oxumuşam. Mənim ədəbiyyat müəllimim bir qədər məni cəmiyyətə hazırlamışdı. Baxmayaraq ki, rəsmi dərsliklərdə Ramiz Rövşənin, Rüstəm Behrudinin, Vaqif Bayatlının şeirləri yox idi. Amma ucqar dağ kəndindəki ədəbiyyat müəllimim onlardan əzbər şeirlər deyirdi. Dərsliklərdə olmasa da, əlavə oxu saatlarında bizə onlardan danışırdı və bizi hazırlayırdı. Amma bugünkü təhsil sistemimizdə bu proseslər getmir. Mən özüm dəfələrlə televiziya verilişlərində, universitetlərdə olan görüşlərdə müəllimlərə sual vermişəm ki, çağdaş Azərbaycan ədəbiyyatından kimləri tanıyırsınız? Onların çəkdikləri adların artıq çoxdan yetmiş beş yaşı olub. O insanlar hələ də elə bilirlər ki, həmin şairlər hələ Azərbaycanın ədəbiyyatının gənclərini təmsil edirlər. Təbliğat çox aşağı səviyyədədi. Heç bir telekanalımızda təzə çıxan kitablarla bağlı heç olmasa, on beş dəqiqəlik veriliş getmir. İş adamlarımız kitaba sərmayə qoymalıdırlar. Yəqin ki, bu proseslər də geçəcək. Dünyanın normal ölkələrinin getdiyi bir yol var. Əvvəl-axır biz də o yola düşməliyik. Çünki, başqa yol yoxdur.
- Dövlət kitaba, ədəbiyyata maliyyə dəstəyi versə, ortaya başqa suallar çıxa bilərmi? Məsələn, ola bilərmi maliyyə ayıran tərəfin maraqları, tapşırığı ümumi işə mənfi təsir etsin?
- Bilirsiniz necədir, belə şeyləri düşünsək, gərək hər şeydən imtina edək. Dövlət kitab bazarının inkişafında maraqlı olmalıdır. Bu gün mən bu istəyi, marağı görmürəm. Şouya, idmana yönəldilən diqqət və kapitalın beş faizi kitaba yönəldisə, Azərbaycan böyük bir sıçrayış edə bilər. Dövlətin diktəsi yalnız texniki proseslərlə bağlı ola bilər.
Dərləyib topladı:
"Qələmdan"
Digər Xəbərlər
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00