Əkbər Hacıyevi çətin günlər gözləyir
07:42 29-04-2014
CƏMİYYƏT
Əkbər Hacıyevi çətin günlər gözləyir
"Azəriqaz" rəhbərinə daha bir ağır zərbə dəydi
"Azəriqaz" İstehsalat Birliyinin tərkibindəki layihə konstruktur bürosu ləğv olunub. Qaz çəkilişlərinin layihələndirilməsi işinə baxan büroda çalışan 250-yə yaxın işçinin aqibəti isə hazırda sual altındadır.
Qeyd edək ki, Layihə konstruktur bürosu əvvəllər "Azəriqaz" QSC-nin tərkibində institut kimi fəaliyyət göstərib. "Azəriqaz" Azərbaycan Dövlət Neft Şirkətinin daxilinə istehsalat birliyi kimi daxil edildikdən sonra Layihə İnstitutu büroya çevrilib. Bununla da fəaliyyəti məhdudlaşdırılan büronun önəmi də aşağı düşmüş oldu. Bu, özünü həmçinin işçilərin əməkhaqlarında da göstərməyə başladı.
3 ay əvvəl isə Layihə konstruktor bürosunda attestasiya keçirilib və büronun 50-dək əməkdaşı attestasiyadan keçə bilmədiyi üçün ixtisara salınıb. Artıq bir həftədir ki, ümumiyyətlə büro ləğv edilib və orda çalışan 250 işçinin taleyi bilinmir.
Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev xəbəri təsdiqləyib. O, "axar.az"a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin müvafiq əmri ilə "Azəriqaz" İstehsalat Birliyinin layihə konstruktor bürosunun ləğv olunduğunu bildirib.
Ağayevin sözlərinə görə, məqsəd "Azəriqaz" İstehsalat Birliyinin idarəetmə mexanizminin təkmilləşdirilməsi və struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılmasıdır: "Azəriqaz"ın idarəetmə aparatında layihə konstruktur bürosunun funksiyalarını yerinə yetirən başqa bir struktur bölmə yaradılır".
A.Ağayevin sözlərinə görə, işçilərin ixtisara salınması barədə deyilənlər yanlış məlumatdır: "Həmin işçilərin yenidən yerləşdirilməsi məsələlərinə baxılacaq. Sərbəstləşən işçilər də Dövlət Neft Şirkətinin müvafiq proqramına qoşula bilərlər".
Layihə konstruktur bürosunun funksiyalarını yerinə yetirən struktur bölmədə çalışanların maaşlarının nə qədər olacağı isə məlum deyil: "Bu barədə isə bir söz deyə bilmərəm. Bunlar idarəetmə aparatında yaradılacaq və bir çox məsələlər kimi buna da baxılacaq".
Xatırladaq ki, "Azəriqaz" İstehsalat Birliyində hazırda Hesablama Palatası yoxlamalar aparır və külli miqdarda qaz itkisi narahatlığı yaşanır. "Azəriqaz"ın ümumiyyətlə taleyinin necə olacağı bilinmir.
SOCAR-dakı mənbələrdən bildirildiyinə görə, hər şey Hesablama Palatasının apardığı yoxlamanın yekun nəticəsindən asılıdır.
Hesablama Palatasının yoxlamaları ilə bərabər, istehsalat birliyinin strukturlarının ləğvi prosesinin start götürməsi isə "Azəriqaz" rəisi Əkbər Hacıyevi narahat etməyə bilməz. Son vaxtlar xeyli sayda məmurun görəvdən alınaraq barələrində başqa sərt cəza addımlarının atılması fonunda Hacıyevin belə bir narahatlığını anlamaq çətin deyil. Çünki həqiqətən də "Azəriqaz"ın taleyi ilə bağlı kifayət qədər ciddi suallar yaranıb. Bu isə qarşıda adıçəkilən istehsalat birliyinin rəhbərliyini çətin günlərin gözlədiyi barədə düşünmək üçün əsas verir.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-27 12:40:21
2024-12-27 12:40:12
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35