Tağı Əhmədovun əsas adamı "vuruldu"
07:42 29-04-2014
CƏMİYYƏT
Tağı Əhmədovun əsas adamı "vuruldu"
Bakı Metropoliteni keçmiş rəisin kadrlarından təmizlənir
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynov növbəti dəyişiklik barədə müvafiq əmrlər imzalayıb. Metropolitenin baş mühasibi Larisa Xalafli tutduğu vəzifədən çıxarılıb. O, 1988-ci ildən bu vəzifədə çalışırmış.
QSC sədrinin başqa bir əmri ilə Metropolitenin hərbiləşdirilmiş yanğından mühafizə şöbəsinin rəisi Vidadi Tağıyev də vəzifəsindən azad edilib.
V.Tağıyev isə 1999-cu ildən indiyədək şöbə rəisi vəzifəsini tuturdu. Rəis postundan azad edilən V.Tağıyev yanğınsöndürən vəzifəsinə keçirilib.
"Bakı Metropoliteni" QSC-dən verilən açıqlamada hər iki faktı təsdiqləyiblər. Bildirilib ki, sədr Zaur Hüseynovun əmrinə müvafiq olaraq, baş mühasibin səlahiyyətlərinin icrası baş mühasibin müavini Həyat Gülmətovaya həvalə olunub. Digrə əmrlə Rafiq Hüseynqulu oğlu Müvəffəq metropolitenin Hərbiləşdirilmiş yanğından mühafizə şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
"Bakı Metropoliteni"QSC-dən onu da bildiriblər ki, sədr Zaur Hüseynov qurumun rəhbərliyinə daxil olan şəxslərin iştirakı ilə müşavirə keçirib. Müşavirədə xidmət rəislərinin hesabatlarını dinləyən sədr nöqsanları müzakirə etdikdən sonra müvafiq tapşırıqlar verib. Tapşırıqlardan biri də metropoliten işçiləri üçün "Bilgəh" istirahət sahəsinin növbəti mövsümə hazırlığı ilə bağlı olub. Z.Hüseynov oradakı bütün köhnə binaların və avadanlıqların yenilərilə əvəz olunmasının zəruriliyini vurğulayıb.
Xatırladaq ki, bu il fevralın ortalarında ölkə başçısının sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradıldı və bununla da Bakı Metropolitenində Tağı Əhmədov erası faktiki bitmiş oldu. Yeni səhmdar cəmiyyətə isə Zaur Hüseynov təyin edildi.
Bu təyinatdan sonra mətbuatda Tağı Əhmədovun dövründə yol verilən korrupsiya hallarının araşdırılacağı, bir çox yüksək vəzifəli şəxslərin, bəzi məlumatlarda hətta sabiq metropoliten rəisinin özünün belə daha sərt formada cəzalandırılacağı bildirilirdi.
Sonuncu dəfə yola saldığımız həftə bəzi KİV-lər belə məlumat yaydı ki, Bakı Metropolitenində həbslər dalğası gözlənilir. İddia edilirdi ki, metropolitendə aparılan yoxlamalardan sonra həbslərə start veriləcək. "Aparılan yoxlamalar metropolitenin keçmiş rəisi Tağı Əhmədovun fəaliyyəti dövrünü əhatə edir. Artıq bir sıra ciddi korrupsiya əməliyyatları üzə çıxıb. Həmçinin metrodakı ticarətlə bağlı da ciddi faktlar var. Məlumatda deyilir ki, yoxlamalar hələ davam edir. İddialara görə, əsasən Tağı Əhmədovun kadrları və metropolitendə çalışan yaxınlarına həbs təhlükəsi yaranıb. Hətta Tağı Əhmədovun özünün də məsuliyyətə cəlb olunma ehtimalı var" deyə bu qəbildən olan informasiyalarda qeyd edilirdi.
Amma Bakı Metropolitenindən bu cür iddialara münasibət bildirilərkən onların heç bir əsasının olmadığı deyilib. Vurğulanıb ki, qurumda hər hansı yoxlama aparılmır.
İndi isə Tağı Əhmədova yaxınlığı ilə bilinən iki mühüm metropoliten vəzifəlisinin görəvdən alınması maraq doğurur. Xüsusilə Metropolitenin baş mühasibi Larisa Xalaflinın sabiq rəisin əsas adamlarından olduğu, qurumdakı bütün maliyyə əməliyyatlarının bilavasitə onun nəzarəti altında həyata keçirildiyi deyilir.
Metropolitenin Tağı Əhmədovun adamlarından təmizlənməsi prosesinin intensivləşməsi isə onun fəaliyyət dövrü ilə bağlı hazırkı rəisin ciddi narazılıqlarının olduğu anlamına gəlir. Bu kadr dəyişiklikləri həmçinin sabiq "metropoliten şefi"nin fəaliyyət dövrünün araşdırılacağı və bəzi məsul şəxslərin həbs olunacağı yönündə iddiaların təsadüfən ortaya çıxmadığını da göstərir.
Azər Sultan
Digər Xəbərlər
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 08:53:12
2024-11-22 23:33:36