Mikayıl Cabbarovun müavini qınaq hədəfində
07:44 29-04-2014
CƏMİYYƏT
Mikayıl Cabbarovun müavini qınaq hədəfində
İslahatlar olmadan orta məktəblərin universitetə birləşdirilməsinin nə mənası var?
Bir neçə gün əvvəl təhsil nazirinin müavini Ceyhun Bayramovun orta ümumtəhsil peşə və orta ixtisas məktəblərinin ali məktəblərlə birləşdirilməsinə dair fikirlər səsləndirmişdi. Həmin fikirlər bir çox ekspertlər tərəfindən tənqidlə qarşılanmışdı.
Mikayıl Cabbarovun müavininin dedikləri hələ də müzakirə olunmaqdadır. Maraqlıdır ki, bu müzakirələrdə yenə də daha çox təhsil naziri müavininin səsləndirdiyi fikirlərə irad və qınaq daha üstünlük təşkil edir.
"Səsləndirilən fikirlər yeni deyil və əvvəllər də bu barədə açıqlamalar verirdilər. Lakin bu cür proses kütləvi ola bilməz. Ona görə ki, Azərbaycandakı orta məktəblərlə ali təhsil ocaqlarının sayı arasında ciddi şəkildə fərq var. Hətta adi MDB ölkələri ilə müqayisədə belə, göstərici həddən artıq aşağıdır". Bunu tanınmış alim və ictimai xadim, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı Ceyhun Bayramovun dediklərinə münasibət bildirərkən söyləyib.
Ekspertin sözlərinə görə, bütün bunlarla yanaşı təhsilimizin köklü islahatlara ehtiyacı var: "Çox təəssüf ki, yeni nazir və nazirlikdəki səlahiyyətlilərin heç biri bu barədə danışmaq istəmirlər. Baş tutacaq islahatların ən mühüm faktoru budur ki, ilk öncə müəllimlərin maaşları artırılmalıdır. İslahat olmadan orta məktəblərin universitetə birləşdirilməsinin nə mənası var? Bu bir növ köhnə maşına yeni sürücünün gətirilməsi kimidir."
Məhərrəm Zülfüqarlı onu da bildirib ki, son illər orta məktəblərdə əldə edilən irəliləyişlər əslində orta təhsil ocaqlarının fəaliyyətinin nəticəsi yox, valideynlərin repetitora xərclədiyi pulların nəticəsidir: " Ona görə də elə etmək lazımdır ki, orta təhsil məktəbini qurtaran tələbələr hər hansı bir müəllim yanına getmədən ali məktəbə getsin. Bu cür problemlərin həllinə çalışmaqdansa, təhsil ocaqlarının bir-birilərinə birləşdirilməsini qabardırlar."
Göründüyü kimi, əksəriyyət Təhsil Nazirliyinin artıq bir ildir quruma rəhbərlik edən başbilənlərindən təhsil sahəsində köklü islahatlar aparmasını, yalnız bundan sonra hansısa proqressiv təşəbbüslərlə çıxış etməsini gözləyir. Çünki hamıya gün kimi aydındır ki, təhsildə hazırkı problemlər olduğu kimi qalacağı təqdirdə hətta faydalı təklif və təşəbbüslər belə, iflas olmağa məhkumdur.
Odur ki, Təhsil Nazirliyinin rəhbərliyi əvvəlcə cəmiyyətin gözləntisində olduğu islahatları həyata keçirmək üçün hərəkətə gəlməli, sonra müxtəlif ideyalar irəli sürməklə onların reallaşması barədə fikirləşməlidir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27