"Biz özümüz bundan əziyyət çəkirik" - İlham Əliyev
07:46 29-04-2014
CƏMİYYƏT
"Biz özümüz bundan əziyyət çəkirik" - İlham Əliyev
"Birincisi, bizə sabitlik lazımdır, çünki sabitlik olmadan bütün bunları həyata keçirmək mümkün deyil. İkincisi, əhalinin əksəriyyətinin dəstəklədiyi çox dəqiq daxili siyasət lazımdır. Və biz nəticələrə nail olmalı, öz vədlərimizi və öhdəliklərimizi yerinə yetirməliyik".
President İlham Əliyev Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında içıxış edərkən deyib: "Biz siyasətçilərin və digər məsul şəxslərin məsuliyyəti kimi vacib elementə də müraciət edə bilərik. Bəzən böyük dəstək və ya daha çox səs əldə etmək üçün bəzi həmkarlarımız populist vədlərə qaçırlar və bu vədlər yerinə yetirilməyəndə, əlbəttə, məyusluq yaşanır. Amma siyasətçilərin məsuliyyəti çox əhəmiyyətlidir, çünki bu, cəmiyyətdə etimad və birliyin səviyyəsini artırır".
İlham Əliyev qeyd edib ki, buna görə də nəticələrə nail olmaq Azərbaycanın başlıca hədəfi olub və bu nəticələr iqtisadi göstəricilərdə əks oluna bilər: "Hazırda yoxsulluğun səviyyəsi beş faizə yaxın təşkil edir, 10 il əvvəl isə 49 faiz idi. Ölkənin aktiv iqtisadi inkişafı Azərbaycan ətrafında çox yaxşı beynəlxalq vəziyyət yaradıb, bir çoxları onu tanıyıb. İndi biz beynəlxalq institutların bir vaxtlar olduğundan daha böyük dəstəyinə malikik. Belə göstəricilərdən biri BMT-də 155 ölkənin timsalında Azərbaycanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi zamanı güclü dəstək idi".
Dövlət başçısının sözlərinə görə, bu o deməkdir ki, beynəlxalq birliyin böyük əksəriyyəti Azərbaycanı dəstəklədi: "Bizimlə ikitərəfli əməkdaşlığa bir o qədər də fəal cəlb olunmayan bəzi ölkələr də Azərbaycanı dəstəklədilər. Və BMT Təhlükəsizlik Şurasının üzvü kimi bizim başlıca vəzifəmiz ondan ibarətdir ki, qanunun aliliyini və ədaləti qoruyaq. Ona görə də məhz bu prinsiplər bügünkü dünyanın iki ən vacib elementidir və onların hər ikisi kobud şəkildə pozulur. Bu pozuntulara heç bir reaksiya yoxdur və biz özümüz bundan əziyyət çəkirik".
İlham Əliyev xatırladıb ki, BMT TŞ-nin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnaməsi mövcuddur və onlardan heç birinə əməl olunmur: "İşğal davam edir, biz etnik təmizləmənin obyekti olmuşuq, ölkəmizin tarixən ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayon 20 ildən artıqdır ki, işğala məruz qalır. ATƏT, Avropa Parlamenti, AŞ PA, BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası kimi beynəlxalq təşkilatlar münaqişənin nizamlanması ilə bağlı qətnamə və qərarlar qəbul ediblər və onlardan heç biri yerinə yetirilmir. Belə bir təəssürat yaranır ki, onların həyata keçirilməsi üçün heç bir mexanizm yoxdur".
Prezidentin sözlərinə görə, Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərindəki hadisələri öz azadlığı və müstəqilliyi uğrunda qurban kimi qiymətləndirir: "Lakin cəmiyyətimizin bütün üzvləri tamamilə əmindirlər ki, belə vəziyyət uzun müddət davam edə bilməz. Biz doğma torpaqlarımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik və Azərbaycan xalqı, 1 milyondan çox məcburi köçkün və qaçqın hazırda işğal altında olan öz doğma torpaqlarında, evlərində yaşamaq hüququnu əldə edəcəklər".
Dövlət başçısı xatırladaq ki, 90-cı illərdə Dağlıq Qarabağda qanunsuz referendum keçirilib: "Buna qədər Qarabağ əhalisinin üçdə birini təşkil edən etnik azərbaycanlılar oradan qovulub. Bu qondarma referendum qanunsuz olub və məhz buna görə də dünyanın heç bir ölkəsi qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımayıb və tanımır".
İlham Əliyev bəyan edib ki, bununla da beynəlxalq hüquq, ədalət və tarix Azərbaycanın tərəfindədir: "Lakin aydın başa düşürük ki, bu, ədaləti bərpa etmək üçün kifayət deyil. Biz daha da güclü olmalıyıq. Təəssüf ki, biz beynəlxalq münasibətlərdə gücün vacib rol oynadığını görürük. Regionumuzun ölkələri nə etməlidirlər - əminəm ki, bu məsələ forumda müzakirə olunacaq. Müxtəlif ssenarilər var, lakin tam aydındır ki, siz öz taleyinizin sahibi olmalısınız. Cəmiyyəti əsas prioritetlər ətrafında birləşdirmək üçün siz daha güclü olmalı, daha çox çalışmalısınız. Bizim üçün belə prioritet ərazi bütövlüyümüzün bərpa edilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi və insanları daha keyfiyyətli həyat standartları ilə təmin etməkdir".
Prezident bildirib ki, bütün bu elementlər bir-biri ilə əlaqəlidir: "İnsanlar hökumətdən nəticə görəndə, gündəlik həyatlarında yaxşılaşmanın şahidi olanda, ölkələri ilə fəxr edərkən cəmiyyət bölünmür və birləşir. Və cəmiyyət müstəqillik, suverenlik kimi əsas məqsədlərin ətrafında birləşir. Əlbəttə ki, digər cəmiyyətlərdə olduğu kimi, bizim cəmiyyətdə də Azərbaycanın necə inkişaf etməsi, hansı çatışmazlıq və uğurların olması barədə müxtəlif fikirlər var. Bu normaldır və biz cəmiyyətimizdə geniş diskussiyanı alqışlayırıq. Lakin biz həyatımızın əsas strateji aspektləri ətrafında birləşmişik".
Azərbaycan Prezidenti deyib ki, bu birlik beynəlxalq arenada Azərbaycanın mövqeyini möhkəmləndirir, ona hazırda dünyanın üzləşdiyi problemlər haqqında açıq danışmağa, öz şəxsi mövqeyini və beynəlxalq hüququ müdafiə etməyə imkan verir: "Bu gün Azərbaycan açıq və aydın formalaşmış, ədalətə və beynəlxalq hüquqa əsaslanan öz şəxsi mövqeyi olan ölkədir. Lakin eyni zamanda biz bir neçə il irəliyə baxmalı və siyasətimizi elə planlaşdırmalıyıq ki, bizim möhkəm inkişafımız davam etsin. Davamlı inkişaf isə hər bir inkişaf üçün əsas prioritetdir. Hətta ən inkişaf etmiş ölkələrin də öz problemləri var. Onların iqtisadi problemləri var, miqrasiya ilə bağlı problemləri var, onların əlavə işçi qüvvəsinə ehtiyacları var və bu, cəmiyyətdə müəyyən gərginliyə gətirib çıxarır. Bizdə də müxtəlif problemlər var ki, lakin fikrimcə, onlar problem deyil, üstünlük kimi qiymətləndirilə bilər - bu, məsələn, artan gənc və dinamik əhalidir".
Dövlət başçısının sözlərinə görə, bu o deməkdir ki, ölkə iqtisadiyyatı əhalinin artım göstəricisindən daha sürətlə inkişaf etməlidir, çünki çətinliklər və işsizlik baş qaldıra bilər: "Ona görə də sürətli iqtisadi artım, yeni iş yerlərinin yaradılması, investisiyaların cəlb edilməsi və enerji layihələrindən əldə olunmuş vəsaitlərin ölkə iqtisadiyyatının mühüm sahələrinə təkrar istiqamətləndirilməsi davamlı inkişafa nail olacağımız yollardır".
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27