28 Aprelə qayıtmamaq
Xalq onda var olur ki, o, fəlakətindən güc almağı bacarır, sarsılmır
Millət, dövlət kimi əbədi var olmaq istəyiriksə, istəyimizə bərabər də xəlqi əməlimiz olmalıdır. Var olmaq - xəlqi, dövləti özümlüyə yetməklə bağlıdır.
28 Aprel faciəsi baş verməyə bilərdimi? Görəsən, fəlakətin baş verməsini yaradan nədənləri niyə vaxtında görə və qarşısını ala bilmədik? Xalq niyə Demokratik Cümhuriyyəti sözün əsl mənasında müdafiə etmək qüdrətində olmadı? Qərb bir tərəfdən Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan kimi dövlətlərin yaranmasını alqışlayır, başqa yandan da Rusiya imperiyasının caynağından qurtulmuş dövlətlərin müstəqilliyini tərəddüdlə qarşılayırdı.
23 ayda Cümhuriyyətin içində müxtəlif güclər tərəfindən çoxlu iğtişaşlar törədildi. Bu, hökumətin qüvvəsinin parçalanmasına, bir neçə tərəfli mübarizə aparmasına səbəb olurdu. Müsavatçılar müxtəlif siyasi qüvvələrlə əməkdaşlığa getdilər. Bir neçə dəfə kabinet dəyişikliyi baş verdi. Belə bir durumda ölkədə bolşevizm təhlükəsi gündən-günə artırdı. Bolşeviklərin uydurduğu ehtişamlı ideyalar fəhlə və kəndliləri şirnikləndirirdi. "Fabrik-zavod fəhlələrə, torpaq kəndlilərə" şüarı cəlbedici səsləndiyi dərəcədə milli dövlətimizi yıxacaq güc halına gəlirdi. Azərbaycanın daxilindəki müxtəlif əqidəli bəzi şəxslər son məqamda satqınlıq etdilər.
Ölkəmiz Sovet imperiyası dövründə saysız mənəvi basqılara, qətl-qarətlərə məruz qaldı. Milli düşüncəmizin mümkün qədər inkişaf etməməsi üçün imperiya bütün yollara əl atdı.
***
Azərbaycan Xalq Cümhuriyyətinin taleyinin faciəli şəkildə başa çatmasının bir nədəni də o çağlar Azərbaycanda müxtəlif təşkilatlar, partiyalarda təmsil olunan soydaşlarımız arasında mövcud olan ciddi fikir ayrılıqları idi. 94 il qabaq Azərbaycanda hakimiyyətin bolşeviklərə təslim edilib-edilməməsilə bağlı parlamentdəki gərgin dartışmalar zamanı Səmədağa Ağamalıoğlu heç nə olmayıbmış kimi "O olmasın, bu olsun" demişdi. Moskva o zaman içimizdəki qüvvələri bir-birinə qarşı qoymaqla məqsədinə çatdı. Birinci Dünya Müharibəsindən məğlubiyyətlə çıxan, ötən yüzilin əvvəllərindən bəri dəfələrlə inqilab edərək əldən düşən, vətəndaş müharibəsinin birtəhər səngiməyə başladığı Rusiya Bakı neftinə, ümumiyyətlə, Azərbaycan kimi zəngin bir ölkəyə yiyələnməyin önəmini gözəl başa düşürdü. Bu baxımdan da Moskva Azərbaycanda ötən illərdə tərəfdarlarını yarada bilmişdi. Bu şəxslər o dönəmin inqilab havasının təsiri ilə fanatlıq dərəcəsinə gəlmişdilər. Çox az sonra, 1930-cu illərdə bu şəxslərin demək olar, hamısını sovet ideologiyası məhv etdi. Fəlakət yeni faciəli hallar yaratdı: 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdilər, 1937-ci ildə isə repressiyalar törədildi. Xalqımızın ruhu ardıcıl olaraq sarsıdıldı. Onun məhv edilməsi üçün bəşər tarixində misli görünməyən yırtıcı üsullara əl atıldı. Təəssüf ki, hələ də soydaşlarımız 28 Aprel fəlakətinin yaratdığı fəsadları, Demokratik Cümhuriyyətin çöküşünü tam anlamayıblar.
***
28 Aprel fəlakətimiz birdən-birə yaranmadı. Bu fəlakət hələ çoxdan əslində türkü sevməyənlərin xəbis niyyətlərində yaşayırdı. Belə bir gərgin zamanda cümhuriyyəti 23 ay yaşatmaq hünər idi. Ancaq Müsavat hökuməti təəssüf ki, gördüyü böyük işin dəyərini kütlələrə istənilən səviyyədə anlada bilmədi. Bu gün ideoloji mübarizə yönü hələ də tərəddüdlə qavranılan Nəriman Nərimanovun milli dövlətçilik məsələsində tutduğu qaranlıq mövqeyi, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Moskvaya aparılaraq yüksək dövlət postunda yerləşdirilməsi, çox keçməmiş zəhərlənərək öldürülməsi türkün öz faciələrini qabaqcadan görə bilməməsi düşüncəsini yaradır. Nərimanov artıq düşdüyü durumun çıxılmazlığını gözəl anlayırdı. Bütün hallarda gedişatdan üstün ola bilməmək, lap yaxını belə görə bilməmək Nərimanovun faciəsini yaratdı. Bolşevik Rusiyası Bakının üzərinə 100 min nəfərlik təpədən-dırnağa qədər silahlanmış ordu ilə gəlirdi. Gerçəkdən milli dövlətimizin belə hərbi qüvvənin qarşısında dayanmağa gücü yox idi.
***
Xalq onda var olur ki, o, fəlakətindən güc almağı bacarır, sarsılmır. Fəlakətindən güc almayan xalq isə özünün yeni-yeni fəlakətlərini yaradır. 28 Aprel fəlakəti bir dərs olaraq bizdən qarşıda gözlənilən yeni-yeni təhlükələri qabaqcadan görməyi, ona qarşı durmağı tələb edir. Müəyyən bir dönəmdə İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağında 28 Aprellə bağlı olaraq "Yas Günü" Mərasimi keçirilib. İnam Ata "Azərbaycanımız-Azərbaycanlığımız" içsəsində 7 böyük milli faciəmiz içərisində Xalq Cümhuriyyətinin - Milli Hökumətin devrilməsini beşinci yerdə sıralayır. Bu gün də ara-sıra 28 Aprelə-SSRİ-çiliyə şirnikənlər, şırnikdirənlər tapılır. Təməldən imperiya kimi düşünülən Rusiya artmayacağı halda azalacağını bilir. Buna görə də dünyanın indiki gərgin geosiyasi durumundan yararlanmağa çalışır. Ancaq bütün hallarda insanlarımız heç bir nostaljiyə qapılmamalı, müstəqilliyin qorunması, inkişafı üçün çaba göstərməlidirlər. Tarixi təkrarlayan adam halıdır-tərəddüdlü, qarışıq əhvallı, zamanın şirnisinə şirniklənən, yerində sayan... Geriyə yolumuz yoxdur, olmamalıdır. Tarixi taleyimizdəki böyük itkilərimizin səbəblərinin dirilməyində qatqımız olmamalıdır. O zaman faciədən ötə olar, varlığımızı qorumuş olarıq. 28 Aprel qayıtmamalıdır. Xalqın ruhani (milli-mənəvi) müqaviməti yaranmalıdır ki, onu gözləyən və içində olduğu təhlükələrdən qurtula bilsin. Bu isə fərdlərdən daxili yetkinliyə çatmaq, vicdançılıq, təmənnasızlıq, fədakarlıq tələb edir.
İşıqlı Atalı
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27