Müxalifətin mitinq təklifinə əks-zərbə
07:25 30-04-2014
CƏMİYYƏT
Müxalifətin mitinq təklifinə əks-zərbə
Əksəriyyət İsa Qəmbərin kütləvi aksiya keçirmək niyyətinə qarşı çıxdı
Məlum olduğu kimi, Müsavat Partiyasının başqanı İsa Qəmbər Müsavatın qərargahında keçirilən ölkədəki ictimai-siyasi vəziyyətin və Rusiyanın son aylar apardığı siyasətin müzakirəsinə həsr olunmuş toplantıda mitinq təklifi ilə çıxış edib.
İ.Qəmbər deyib ki, ölkədəki ictimai-siyasi vəziyyətlə və "nidaçılar"ın həbsdə saxlanılması ilə bağlı mitinq təşkil edilməlidir. O, müxalifətin mitinqə yer ayırması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməsi təklifini səsləndirib: "Əgər "Məhsul" stadionunda yer ayrılsa, mitinqi rahat keçirə bilərik. Çalışaq, mitinqi bu həftənin sonunda təşkil edək". Ancaq əksəriyyət Müsavat başqanının bu təklifinə sıcaq yanaşmır.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Milli Məclisin deputatı Zahid Oruc Müsavatın mitinq keçirmək istəyinə qarşı çıxmasa da, indiki məqamda düşünülməmiş addımların atılmasının tərəfdarı olmadığını bildirib: "Düşünürəm ki, hazırkı dövrdə bütün regional və beynəlxalq proseslərin bəlli bir məcrada cərəyan elədiyi zamanlarda Azərbaycanın siyasi qüvvələrindən daha artıq dərəcədə diqqətlilik və həssaslıq tələb olunur. Ən önəmli məsələ odur ki, indiki situasiya dövlətçilik mövqeyindən daha çox çıxış etməyi tələb edir, vahid mövqenin vacibliyini önə çəkir. Bu mənada,xaraktercə ictimai, humanitar, yaxud da ki, bəlli müxalifət yanaşmasından, dövlətin siyasətinə etirazın formasını dəyişdirmək gərəkdir. Onsuz da bəllidir ki, müxalifətin böyük xalq dəstəyi yoxdur, meydana yüz minləri də çıxara bilmir. Amma hamımız yaxşı bilməliyik ki, bəzən daha böyük proseslər fonunda müxtəlif daxili problemlərin həlli yolunu, metodlarını dəyişməliyik. Hazırda bu, müxalifət qüvvələrindən daha çox tələb olunur. Hakimiyyət bütün hallarda regional və beynəlxalq proseslərin məntiqini, onun necə cərəyan etməsini, həm də müxtəlif kəşfiyyat məlumatları əsasında bilir. Ona görə də çox böyük demokratiya bayraqları bəzən kimlərinsə, başqa qüvvələrin maraqlarına işləyə bilir. O mitinqlərə çıxan 40-50 nəfər, uzağı 200 nəfər görər ki, əllərində tutduqları bayraq başqa qüvvələrin xüsusi niyyətləri üçün yemə çevrilir. Bu da daha pis nəticələr doğurar".
Millət vəkili onu da qeyd edib ki, Müsavat, eləcə də digər müxalifət qüvvələri hazırkı həssas dövrü nəzərə alaraq, ictimai toqquşma yaradacaq hadisələrin yaşanmasına rəvac verməməlidirlər: "Siyasi məhbus, yaxud digər problemlərlə bağlı etirazlarını bildirmək istəyirlərsə, şəxsi maraqlarını kənara qoyub, milli, dövlətçilik maraqları barədə düşünsünlər. Onsuz da nəzarətlərində olan mediada hansı münasibətdə olduqlarını orta qoyurlar. Heç kim söyləmir ki, bütün müxalifət qüvvələri hansısa beynəlxalq problemlərin səngiməsini gözləsinlər. Amma düşünürəm ki, ictimai toqquşma doğuracaq məsələlərdən qaçılmalıdır".
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev "Unikal"a Müsavat Partiyasının siyasi məhbuslarla bağlı mitinq keçirmək istəməsi ilə əlaqədar partiyalarında müzakirə aparmadıqlarını bildirib. "Başqa partiyanın qərarıdır. Yəqin ki, qatılmaq deyil, sərbəst iştirak rejimi tətbiq ediləcək", - deyə VİP sədri vurğulayıb. Ə.Əliyevin sözlərinə görə, hazırda kütləvi tədbirlərin keçirilməsinə zəmin var: "Ancaq təbliğatı düzgün qurmaq lazımdır. Cəmiyyətdə tansion yüksəlir. Düzgün istifadə etməyi bacarmaq lazımdır. Mitinq xatirinə tədbir keçirmək olmaz. Təşkilati və ideoloji işlər qurulmalıdır. Bir qurumun deyil, heç müxalif düşərgənin də deyil, narazıların etirazını təşkil etmək lazımdır. Yaxud şimal təhlükəsinə qarşı platforma formalaşdırmaq məqsədli mitinq effekt verə bilər".
Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov "Unikal"a bildirib ki, hazırda kütləvi aksiyaların keçirilməsi üçün münasib zaman deyil. Onun fikrincə, mitinq keçirmək təkcə təşkilatın gücündən, təcrübəsindən deyil, həm də situasiyadan asılıdır: "Seçki dövründə fəallıq artdığı üçün kütləvi aksiyalar keçirmək daha asandır, nəinki qeyri-seçki dövründə. İndi isə elə bir dövrdür ki, seçkilər yoxdur. Gözlənilən bələdiyyə seçkiləri isə payızda olacaq. Ona görə də seçici aktivliyi yoxdur. Buna görə də əvvəl ictimai rəyi öyrənmək lazımdır, sonra isə qərara gəlmək olar ki, yüksək mütəşəkkilli aksiya alınar, yoxsa yox". H.Rüstəmov Müsavatın son dövrlər keçirdiyi aksiyalar və tədbirlərlə bağlı məlumatı olmadığını deyib: "Bu partiyanın indiki dövrdə hansı səviyyədə və aksiya təşkil eləməkləri ilə bağlı bir təsəvvürüm yoxdur. Mitinqi keçirmək üçün böyük maliyyə vəsaiti lazımdır. Əgər Müsavat iddia edirsə, buyursun belə bir aksiya keçirsin".
Müasir Müsavat Partiyasının sədri (MMP) Hafiz Hacıyev "Unikal"a bildirib ki, Müsavat Partiyası hər zamankı kimi bacarmadığı işin qulpundan yapışıb: "İsa Qəmbər 5-6 adamı başına yığıb hansısa beynəlxalq məsələni müzakirə edirlər. İndi də mitinq keçirməyi təklif edir. Görünür, xaricdəki havadarları sifariş verib ki, yenidən ayağa qalxsınlar. Ona görə mitinq keçirmək barədə təklif verir. Siyasi məhbus məsələsindən danışırlar, mən başa düşə bilmirəm. Tutulanların 90 faizi müxtəlif maddələrlə həbs olunublar, amma bunlar bir sıra beynəlxalq təşkilatlarla birləşib siyasi məhbus ediliblər. İndi də onların azadlığa buraxılmasını tələb ediblər".
Partiya sədri onu da nəzərə çatdırıb ki, hər hansı bir narahatlığa əsas yoxdur. Onun sözlərinə görə, Müsavat başqanının çağırışına heç kim səs verməyəcək: "Onsuz da xalq bunların hansı yuvanın quşları olduqlarını bilirlər. Əgər mitinq keçiriləsi olsa, İsa Qəmbər 4-5 adamıyla ortada tək qalacaq. Ona yaxın partiyanın, 20-dən çox QHT-nin toplaşdığı Milli Şuranın mitinqinə 200-300 adam gəlirdisə, İsa Qəmbərin başına 5-6 adam ancaq toplaşacaq. Ona görə də yaxşı olar ki, özlərini biabır eləməsinlər".
Z.QƏRİB
Digər Xəbərlər
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00