Cəsarətli yox, səmimiyəm
Utopistəm, mənim xəyallarımdakı dünyada qan, ölüm, düşmənçiliklər, ehtiyac, nifrət yoxdu
Sevinc El Sevərdən (Pərvanə) dərləmələr
Çağdaş Azərbaycan şeirinin ən tanınmış, cəsarətli və qalmaqallı xanım imzalarından olan Sevinc El Sevər (Pərvanə) 6 may 1983-cü ildə doğulub. 2000-ci ildə Slavyan Universitetinin "Turan" liseyini bitirib.
ADMİU-nə daxil olub. İxtisasca magistr kinoşünasdır. Bir neçə şei rvə nəsr kitabının müəllifidir.
- Sənin şeirlərin bir zamanlar çox tənqidlərə məruz qalırdı. Açıq-saçıqlığına, erotizminə görə...
- Mənim şeirlərimdə erotizm olmayıb heç vaxt. Sadəcə hisslərin açıq təsviri var idi. Bəzi şeirlərimdə sujet xətti var. Həmin şeirlərdə ola bilər ki, açıq-saçıqlıq olsun. O da qəhrəmanın hisslərini göstərmək üçündür. Sırf erotika, açıq-saçıqlıq olsun, populyarlaşsın deyə bir məqsədim olmayıb.
- Sən AYO-çular arasında ən çox tənqid olunan yazarlardan biri olmusan. O vaxt depressiyaya düşmürdün ki?
- Əvvəllər bir az təsir edirdi. Onda uşaq idim. Tənqid o vaxt adamı narahat edər ki, sənə yaxşı qonorar verərlər və qonorarın kəsilməyindən qorxarsan. Ya da Yazıçılar Birliyindən qovulmaqdan narahat olarsan. Məndə bu halların heç biri olmadığına görə həmişə rahat olmuşam.
- Bir nəsil olaraq bütləri qıra bildinizmi? Yazdıqlarınızın xeyri oldumu?
- Məncə, xeyri oldu. İndi gənclik daha sərbəstdir. Biz sadəcə yazırdıq. Öz həyatımızda bunları tətbiq edə bilmədik. Ənənələrə məğlub olduq. Bizdən sonra gələn nəsli başqa cür görürəm. Bir dəfə Elnur Astanbəyliyə müsahibədə sual vermişdilər ki, səncə, böyük ədəbiyyatı yarada biləcəyikmi, "Nobel" alacağıqmı? Elnur çox yaxşı cavab verərək demişdi ki, biz böyük ədəbiyyatı yarada bilmədik, yarımçıq qaldı. "Bir çox səbəblərdən alınmadı bu. Amma biz böyük ədəbiyyat üçün körpü atdıq. Göstərdik ki, biz də belə yaza bilərik. Dünya ədəbiyyatı ilə ayaqlaşa bilərik. Sindromları qırdıq. Böyük ədəbiyyatı isə bizdən sonrakı nəsil yaradacaq. Bəlkə də yanılıram".
- Yazılarından daha çox müsahibələrində kövrəkliyiniz nəzərə çarpır. Yaradıcı insanların tez-tez depressiyaya düşməsi nə ilə bağlıdır? Səni nə xoşbəxt eliyə bilir?
- Mən ümumiyyətlə, müsahibə verməyi sevmirəm, nə də yaxşı müsahibə verməyi bacarmıram. Bədbəxtlikdən müsahibələri dostlarım götürür məndən, onlara yox deyə bilmirəm. Mən çox xoşbəxt qadınam, sevən bir ərim var, uşaqlarım var... Baxanda hər şey normaldı. Amma depressiyalar yaxamdan əl çəkmir. Yəqin ki, daha yaxşı yazmaq istəyi, özündən narazılıq, bir də... xəyallarımda görmək istədiklərimi gerçək dünyada görə bilməməyim... Mənim xəyallarımdakı dünyada qan, ölüm, düşmənçiliklər, ehtiyac, nifrət yoxdu. Mən utopistəm... Amma gerçəkliklə xəyallarının arasında qalan biriyəm həm də.
- Ədəbiyyat üçün çalışmaq, ehtiyaclara, sıxıntılara dözüb yazmaq asandır, yoxsa ailə qadını olub övlad böyütmək?
- Ailə qadını olub övlad böyütmək daha çətindir. Sən özünü ailəyə həsr edirsən, bütün əzablarınla, məhrumiyyətlərinlə, qurban verdiklərinlə kişinin kölgəsində qalırsan, sənin əzəmətindən, qüdrətindən xəbərsiz qalırlar. Amma bütün ailə uğurlarını sənə borcludu, çox vaxt buna görə qadına nəinki təşəkkür etmirlər, hətta aşağılayırlar təəssüf ki...
- Nə vaxtsa yazdıqlarından imtina edib, yeni manevrlər etməyi düşünmüsənmi? Cəsarətli olmaq yorucu deyil ki?
- Çox istərdim, yazdıqlarımdan daha yaxşılarını ortaya qoyub hamısının üstündən gözüyumulu xətt çəkməyi. Bundan böyük səadət olmaz ki...Qaranlıqdan və siçovuldan qorxan qadın özünə cəsarətli deyəndə gülməyim gəlir. Xalam məndən cəsarətlidir, qadın həyətin ortasında yekə bir ilanı murdar elədi, mən qorxumdan divara dırmaşırdım. Onda bildim ki, elə də cəsarətli deyiləm. Cəsarətli yox, səmimiyəm, belə deyək... Sadəcə bilirsən pis nədir, bizim ölkədə səmimi olmaq özü cəsarət tələb edir, burda bir az haqlısan... Nə düşünürəmsə, nə hiss edirəmsə, bacardığım kimi oxucuma çatdırmışam, gördüklərimi yazmışam. Şeir qəhrəmanlarımın içində sevən, nifrət eləyən, güclü, zəif, əxlaqlı, əxlaqsız qadın obrazları var...Yoruculuğa gələndə, məni yoran dönüb -durub eyni şeyləri görməyimizdir. Azərbaycan balaca ölkədir, paytaxtdan başqa ölkəmizin üç-dörd rayonunda olmuşam, xaricdə bir dəfə də olmamışam. Hara fırlanıramsa, labirintdəymişəm kimi gəlib eyni yerə çıxmaqdan bezirəm. Kitablardan oxuyub, filmlərdən, internetdən başqa şəhərləri, başqa ölkələri öyrənib yazmaq olar, amma o səmimi olmayacaq, mən başqalarının gördükərini görüb yazmalı olacam. Məsələn, mən Rusiyada olsam, bir yazar kimi çox yəqin ki, elə şeylər müşahidə eləyib yaza bilərəm, onu başqası görə bilməz. Ama maddi imkan, qadın olmağım ilk növbədə dünyanı gəzmək, görmək və yazmaq imkanı vermir. Çox gəzən çox bilər deyimi doğrudu. Dünya şöhrətli yazıçılar uzun müddətli səyahətlərdən sonra ən yaxşı əsərlərini yaza biliblər. Kişi yazarlarımız belə bu baxımdan qadınlardan çox şanslıdırlar. Onlar istədikləri vaxt, gecənin bir aləmində belə küçəyə çıxıb istədikləri müşahidələri apara bilərlər. Müasir yazıçı yaxşı müşahidə qabiliyyətinə malik olmalıdır. Mənim uğurum o idi ki, yaxşı müşahidə eləyə bilirdim..
Amma bir yazımda da dediyim kimi, azərbaycanlılar çox koloritli adamlardı, burda köhnəlməyən, bitib-tükənməyən mövzular boldu, hələ var, olacaq... zamanla.
Dərləyib-topladı:
"Qələmdan"
Digər Xəbərlər
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05