Bütün zamanların ən
unudulmaz ədəbi söhbəti
Dünya nəsrinin iki dahisi - Markeslə Lyosa dərdləşir
Peru yazıçısı Mario Varqas Lyosanın ispandilli digər yazıçı Qabriel Qarsia Markeslə dialoqunun davamı (əvvəli ötən şənbəgünki "Qələmdan"da)
Markes: O mənim babamdır. Sonradan onu romanımda tapdım. Cavan vaxtlarında babam bir nəfəri öldürməyə məcbur olmuşdu, bütün kənd ona haqq qazandırıb tərəfini saxlamışdı, hətta qətlə yetirilənin qardaşlarından biri babamın kandarında gecələmişdi ki, mərhumun ailəsi tərəfdən qisas almaq fikrinə düşən olsa qoymasın. Amma axırda o, daimi qisas təhdidinə dözməyib öz ailəsini də götürüb kənddən getmişdi, özü də qonşu kəndlərdən hansınasa deyil, çox-çox uzaqlara çıxıb getmişdi və həmin yerdə yeni qəsəbə salmışdı.
Lyosa: Necə ki, "Yüz ilin tənhalığı"nda Xose Arkadio adam öldürür, amma vicdan əzabı ona rahatlıq vermədiyindən məcbur olur ki, öz doğma yurdunu tərk edib neçə-neçə dağ aşsın və axırda gəlib mifik Makondo kəndini salsın...
Markes: Elədir. Heç vaxt yadımdan çıxmaz, babam tez-tez deyərdi: sən heç təsəvvür edə bilməzsən ki, ölü necə ağır olur. Heç zaman unutmadığım və bir yazıçı kimi mənə bilavasitə dəxli olan bir məsələ də var. Bir axşam babam məni sirkə apardı və biz orda dromader - birhürgüclü dəvə gördük. Evə qayıdanda babam lüğət kitabını açıb mənə dedi ki, bax, bu dromaderdir; fildən filan cəhətiylə, ikihürgüclü dəvədən isə filan cəhətiylə fərqlənir. Və mənə zoologiya fənnindən bütöv bir dərs keçdi. Lüğətdən istifadə etməyi mən belə öyrəndim.
Lyosa: Bu adamın sənə təsiri böyük olub və sən onun faciəsini hissə-hissə öz kitablarına köçürtmüsən. Bəs hansı anda, hansı məqamda dərk etdin ki, bu xatirələri hekayə və ya romanda istfiadə etmək lazımdır?
Markes: İki-üç kitab yazandan sonra. Düzünə qalsa, mən təkcə babamı yox, onun kənddə tikdiyi evi də xatırladım. Bu, müəmmayla dolu nəhəng bir ev idi. Bu evdə Petra xalanın öldüyü və həmişə boş saxlanılan bir otaq vardı. Boş saxlanılan başqa bir otaqda isə haçansa Lasaro dayı ölmüşdü. Şər qarışandan sonra evdə gəzmək mümkün deyildi, çünki orda diridən çox ölü vardı. Axşam saat altıda məni küncdə oturdub deyirdilər: bax, yerindən tərpənmə ha, yoxsa Petra xala, Lasaro dayı öz otaqlarından çıxıb gələr. Mən də yerimdən tərpənmədən eləcə otururdum. Xatırlayırsansa, mənim ilk kitabm olan "Xəzan yarpaqları"nda bir personaj var - yeddi yaşlı oğlan uşağı. Bütün əsər boyu o uşaq stulda oturub yerindən tərpənmir. İndi başa düşürəm ki, həmin uşaq elə bir az da mən özüməm. O evin ab-havasını daha yaxşı təsəvvür etməyin üçün qoy sənə bir epizod da danışım. Deməli, mənim bir xalam vardı...
Lyosa: Bağışla ki, sözünü kəsirəm, bütün bu danışdıqların sənin doğulduğun Arakataka kəndində baş verənlərdir, eləmi?
Markes: Tamamilə doğrudur, bunlar hamısı Arakatakada - Makondo adı ilə təsvir etdiyim həmin o kənddə baş verir. Deməli, mənim bir xalam vardı, "Yüz ilin tənhalığı"nı oxuyanlar onu dərhal tanıyarlar. Yorulmağın nə olduğunu bilməyən, bütün günü nəsə bir iş görən, ora-bura vurnuxan, elə hey əlləşib-vuruşan bir arvad idi. Bir dəfə gördüm ki, oturub kəfən toxuyur. Soruşdum bunu niyə tikirsən? Dedi ona görə ki, bir azdan öləcəm. Tikib qurtardı, sonra da uzanıb öldü. Onu elə həmin kəfənəcə bürüdülər.
Lyosa: Belə deyirlər ki, bir dəfə Braziliya hökuməti epidemiyanın qarşısını dekretin (fərmanın) köməyilə alıb...
Markes: Deyəsən, biz yenə də eyni işlə məşğuluq - misallar axtarır və belə misallardan yüzünü tapırıq.
Lyosa: Mən onu demək istəyirəm ki, sənin romanındakı fəhlələrin qətlə yetirilməsi təkcə tarixi fakt deyil, həm də...
Markes: Mənim romanımda fəhlələrə atəş açmağa icazə verən dekretin nömrəsi də, onu imzalayan generalın soyadı da, həmçinin katibin adı da göstərilib. Bu məlumatlar hamısı Milli Arxivdən götürülüb, indi isə deyirlər ki, guya mən hadisələri şişirtmişəm.
Lyosa: Maraqlıdır ki, fəhlələrin qətli epizodu heç də süniyə, yamağa-filana oxşamır. Həmin epizod kitabın bir qədər fantasmaqorik ab-havasına çox yaxşı pərçimlənib. Bu sallaqxanadan salamat çıxmış adamın dirilməsi faktı - özü də biz sona qədər bilmirik ki, o dirilibmi, öldürülübmü, yoxsa ölümdən sağmı çıxıb - bütün epizodun məğzini təşkil edən ikilik yaradır ki, bu da çox maraqlıdır.
Markes: Misal üçün deyim ki, Meksikada Emiliano Sapatın ölməsinə heç kim inanmamışdı.
Lyosa: Mənə elə gəlir ki, biz artıq yazıçının işlədiyi materialı təsəvvür edə bilirik: şəxsi təcrübə, mədəni təcrübə, tarixi və sosial faktlar. Problemin ən çətini isə bütün bu xammalı, bu çiy materialı ədəbiyyata necə çevirməkdir...
Markes: Bu, artıq ədəbiyyatın problemidir.
Lyosa: Bir az da qarşında duran dil problemi və ifadəliliyin seçilməsi barədə danış.
Markes: "Yüz ilin tənhalığı"nı mən on yeddi yaşımda yazmağa başladım.
Lyosa: Bəlkə ilk kitabından başlayasan, ən birinci yazmağa başladığın kitabdan?
(ardı şənbəgünki "Qələmdan")
Çevirəni: Mahir Qarayev
Digər Xəbərlər
2024-12-26 13:02:00
2024-12-26 12:47:23
2024-12-26 12:34:30
2024-12-26 12:26:14
2024-12-26 12:09:00
2024-12-26 12:01:54
2024-12-26 11:44:00
2024-12-26 11:26:39
2024-12-26 11:04:45
2024-12-26 10:40:22
2024-12-26 10:33:02
2024-12-26 10:28:25
2024-12-26 10:18:45
2024-12-26 09:46:20
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 09:05:05
2024-12-26 08:58:34