Ramiz Həsənov Hacıbala Abutalıbova qarşı
09:22 01-05-2014
CƏMİYYƏT
Ramiz Həsənov Hacıbala Abutalıbova qarşı
Dövlət Komitəsi paytaxt meriyasını uşaq bağçaları üzərindən "vurur"
Ötən il Bakıda uşaq bağçalarının Təhsil Nazirliyinin nəzarətindən çıxarılıb paytaxt meriyasının nəzarətinə verilməsi geniş əks-səda doğurdu. Bu məktəbəqədər təlim-tərbiyə müəssisələrinin Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun kurasiyasına keçməsi həm paytaxt merinin hökumət daxilindəki mövqelərini gücləndirməsi, həm də uşaq bağçalarının fəaliyyətindəki nöqsanların aradan qaldırılması istiqamətində ümid işıqlarının yanması kimi dəyərləndirilirdi.
Aradan xeyli müddət keçməsinə rəğmən bağçalardan əksəriyyətində hələ də qayda qanunu pozanlar var. Amma necə? Axı körpə uşaqlara qarşı bunu necə etmək olar? Öz əllərimizlə gələcəyimizin sağlamlığına qarşı necə belə təhlükə yarada bilərik? Bəziləri indi deyəcək ki, bağçada nə təhlükə ola bilər axı. Ola bilər, vaxtı keçmiş qidanı körpələrə verməklə, ərzaq məhsullarını lazımı şəraitdə saxlamamaqla, hələ həşəratlı, çirklənmiş un, yarmadan yeməklər bişirib verməklə.
Bağçalarda məhsulların standartlara uyğun gəlib-gəlməməsi yoxlanılır. Sonuncu belə yoxlama 195 saylı bağçada aparılıb və yoxlamalar zamanı isə vaxtı ötmüş məhsullar aşkar olunub.
Təkcə 195 saylı bağçada deyil, həmçinin yarım il ərzində Ramiz Həsənovun rəhbərlik etdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən aparılan yoxlamalar zamanı 56 uşaq bağçasında qanunsuzluq aşkarlanıb. Təkcə Bakı şəhərində deyil, eyni zamanda regionlarda da aparılan araşdırmaların nəticəsi olaraq bağçalara iradnamələr verilib. Təhsil müəssisələrində təhsil və tərbiyyə alanların qidalanması üzrə dövlət standartının tələbələrinə əməl olunmadığı aşkar olunub.
Yoxlanılmış müəssisələrdə standartın tələblərinə müvafiq qaydada təsdiq olunmuş menyu nümunəsinə rast gəlinməyib. Bundan başqa bağçalarda istismar müddəti bitmiş, mətbəx və məişət avadanlıqlarından hələ də istifadə faktı ortaya çıxıb. Xammal anbarlarında xammalların saxlanılması üçün heç bir şəraitin olmadığı aşkarlanıb. Anbarda havalandırma sistemi yaradılmamış və ət, balıq, süd məhsulları və s. bir yerdə saxlanıldığı müəyyən edilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bağçalarda həmçinin istifadəsinə icazə verilməyən məhsulların olması təsdiqlənib. Pendirli krekerlər, ketçubla suxarı, balıq kürüsü, kolbasa məhsullarına rast gəlinib.
Aparılan araşdırmalar zamanı uşaqlara son istifadə müddəti bitmiş ərzaq məhsullarının, zərərverici həşəratlarla çirklənmiş unun, yarmanın və istehlak müddətini bitirmiş ətin uşaqlara verildiyi faktı aşkara çıxıb. Ətin baytarlıq nəzarətindən keçmədən istifadəsinə də rast gəlinib.
Aparılan yoxlamalar zamanı aşkar olunan qanun pozuntuları barədə bağçaların rəhbərlərinə qanunsuzluqların qarşısının alınmasi üçün tapşırıqlar verilib. Ümid edək ki, körpələrin sağlamlığını təhlükə altında qoyan qanun pozuntusuna Bakı Şəhər İcra Hakimiyyəti də biganə qalmaz və tezliklə tədbir görülər.
Digər tərəfdən isə Ramiz Həsənovun rəhbərlik etdiyi komitənin yoxlamaları ilə bağlı fərqli fikir irəli sürənlər var. Hesab edilir ki, bağçalarda yoxlamaların aramsız şəkildə davam etməsi və ciddi neqativ halların ortaya çıxarılması əslində başqa məqamlarla bağlıdır.
Belə ki, hələ yarım il öncə belə məlumatlar yayılmışdı ki, Azərbaycanda fəaliyyət göstərən uşaq bağcaları yenidən Təhsil Nazirliyinin balansına veriləcək. Qeyd edilirdi ki, artıq müvafiq orqanlar tərəfindən məsələ ilə bağlı məsləhətləşmələr aparılır.
Məlumata görə, təhsil naziri Mikayıl Cabbarov da uşaq bağçalarının rəhbərlik etdiyi qurumun balansına qaytarılması üçün müraciət edib. Buna səbəb kimi, nazirliyin uşaq bağçalarının idarə edilməsində, eləcə də bağçalar və məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkil edilməsində kifayət qədər təcrübəsinin olması göstərilir. Bildirilir ki, əgər uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələri uşaqların orta məktəbə hazırlıq prosesini həyata keçirirsə, nədən həmin müəssisələr Təhsil Nazirliyinin nəzdində olmasın?
Hacıbala Abutalıbov uşaq bağçalarının onun nəzarətinə verildiyi ilk günlərdə populist vədlərlə çıxış etmişdi, problemlərin qısa vaxtda yoluna qoyulacağını bildirmişdi. Bu da müəyyən ümidlər yaratmışdı. Amma son vaxtlar gələn xəbərlər, eləcə də Ramiz Həsənovun rəhbərlik etdiyi komitənin davamlı yoxlamaları nəticəsində ortaya çıxan neqativ hallar həm də belə bir qənaəti formalaşdırmaq üçündür ki, uşaq bağçalarının icra hakimiyyətlərinin nəzarətində olması effekt vermir, onların yenidən Təhsil Nazirliyinin balansına qaytarılması daha doğru və effektiv addım olardı.
Bir sözlə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi artıq bu məsələdə Abutalıbovun "qələmini qırıb" və istisna deyil ki, biz yay aylarında uşaq bağçalarının Bakı merinin əlindən alınaraq yenidən Təhsil Nazirliyinin nəzarətinə qaytarılmasının şahidi olaq.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54