Müsavat Partiyası mitinq qərarından vaz keçdi
09:23 01-05-2014
CƏMİYYƏT
Müsavat Partiyası mitinq qərarından vaz keçdi
Sərdar Cəlaloğlu: "Onların mitinqi onsuz da, effektli olmayacaqdı"
Müsavat Partiyasının "Nida"çıların həbsinə etiraz məqsədilə mayın 4-nə təyin etdiyi mitinq təxirə salınıb.
Bu barədə məlumat verən Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, mitinqin təxirə salınmasına səbəb siyasi təşkilatların müraciəti olub: "Biz mayın 4-də keçiriləcək mitinqlə bağlı bir sıra siyasi təşkilatlara, QHT-lərə çağırış etmişdik. Lakin onlar bizə cavablarında mitinqin vaxtının dəyişdirilməsini, təxirə salınmasını təklif etdilər. Biz də bunu nəzərə aldıq". G.Aslanlı qeyd edib ki, mitinq bütün hallarda keçiriləcək, hələlik konkret vaxt müəyyənləşməyib.
"Unikal"ın əldə etdiyi məlumata görə, mitinqin təxirə salınmasının səbəbi başqadır. Bu barədə qəzetmizə məlumat verən Müsavat fəalının sözlərinə görə, Divanın toplantısında mitinq məsələsi müzakirə olunub və əksəriyyət aksiyanın təxirə salınmasının daha məqsədəuyğun olduğunu vurğulayıb: "Məlum olduğu kimi, bu qərar birdən-birə ortaya çıxdı və İsa Qəmbərin təşəbbüsü oldu. Amma bu gün Müsavat aksiya keçirməyə hazır deyil. Yerli təşkilatlar da, fəallar da bu aksiyanın keçirilməsi üçün hazırlıq işlərini həyata keçirməkdə maraqlı deyillər. Digər tərəfdən, İsa Qəmbər elə bilirdi ki, siyasi məhbus deyəndə müxalifətdəkilər onun bu təşəbbüsünə dəstək verəcəklər. Ancaq göründüyü kimi, heç bir müxalifət partiyası dəstək vermədi. Bu səbəbdən də 5-6 nəfərlə aksiya keçirib biabır olmamaq üçün mitinq təxirə salınıb".
ADP sədri Sərdar Cəlaloğlu "Unikal"a açıqlamasında deyib ki, Müsavatın indiki məqamda mitinq keçirməsi məqbul deyildi. Onun sözlərinə görə, mitinqin təxirə salınması daha yaxşıdır: "Öncə onu deyim ki, Müsavat Partiyasının bizə mitinqlə bağlı hər hansı müraciəti olmayıb ki, ona cavab vermədiyimizə görə, mitinqlərini təxirə salırlar. Məlum olduğu kimi, həmin mitinqin məqsədi həbsdə olan "Nida"çıları qorumağa xidmət edir. Ancaq bunun üçün də düzgün vaxt müəyyən olunmayıb. Artıq iş məhkəmədədir. Bu baxımdan, hansısa aksiyanın keçirilməsi məhz, məhkəmənin nəticəsinə təsir kimi dəyərləndirilə bilər".
S.Cəlaloğlunun sözlərinə görə, bu gün ətrafımızda elə hadisələr baş verir ki, özümüzün tam nəzarət edə bilmədiyimiz şəraitdə hər hansı siyasi aktivlik göstərmək faktiki olaraq, öz əleyhimizə yönələn proseslərə gətirib çıxara bilər. "Rusiya bir tərəfdən camaata pasport paylayır, o biri tərəfdən dünayaya meydan oxuyur. Azərbaycanda rus agenturasının kifayət qədər aktiv işlədiyini hamı bilir. Belə bir vəziyyətdə Azərbaycan müxalifətinin mitinq keçirməsi yersizdir. Yaxşı ki, Müsavat Partiyası müəyyən problemlərə görə mitinqi təxirə salmalı oldu. Düşünürəm ki, Müsavatın mitinqinin onsuz da effekti olmayacaqdı. Mitinq istəyi gərək xalqdan gəlsin, yoxsa funksionerləri toplayıb mitinq keçirmək əslinə qalanda, mitinqin əsl mahiyyətini təhrif eləmək deməkdir. Bir sözlə, Azərbaycanda mitinqlə bağlı sosial tələbat yoxdur. Görünür, Müsavat da bunu başa düşüb", - deyə ADP sədri fikrini tamamlayıb.
Z.QƏRİB
Digər Xəbərlər
2024-12-25 18:50:09
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00