"Xalq diplomatiyası"na ictimai etiraz
09:24 01-05-2014
CƏMİYYƏT
"Xalq diplomatiyası"na ictimai etiraz
İqtidarla müxalifət bu ad altında ermənilərlə, xarici terror təşkilatları ilə əməkdaşlıq edənlərə qarşı birləşdi
Son günlər Rauf Mirqədirovun, Leyla Yunusun və onun həyat yoldaşının "xalq diplomatiyası" adı altında ermənilərlə təmas qurmaları barədə məlumatların gündəmə gəlməsi polemika mövzusu yaradıb.
Belə ki, artıq bəziləri müstəqil şəxslərin, QHT-lərin bu məsələ ilə bağlı müəyyən görüşlər təşkil etməsini məqbul saymırlar. Məsələn, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Rauf Mirqədirovun, Leyla Yunusun və onun həyat yoldaşının "xalq diplomatiyası" adı altında ermənilərlə, xarici terror təşkilatları ilə əməkdaşlığına münasibət bildirərkən kəskin mövqe bildirib. Onun sözlərinə görə, bu, xalq diplomatiyası deyil, bilavasitə casusluqdur. YAP rəsmisi deyib ki, xalq diplomatiyası ondan ibarətdir ki, vaxtilə bir qrup Azərbaycan ziyalısı Dağlıq Qarabağa, Ermənistana səfər etdi və oranın prezidenti ilə görüşdü: "Təbii ki, bu, mətbuatda da geniş işıqlandırıldı. Eləcə də bir qrup erməni ziyalıları yəni, ölkəmizlə əlaqələri olanlar qarşılıqlı olaraq Azərbaycana səfər etdi. Bundan əlavə Cənubi Qafqaz parlament təşəbbüsü var idi ki, hər üç ölkədən 10 nəfər millət vəkili və qeyri-hökumət təşkilatlarının nümayəndələri ildə iki dəfə görüşüb fikir mübadiləsi aparırdılar. Məsələn, müxtəlif sahələrlə bağlı (Nəqliyyat, bank, ekologiya sektoru üzrə) bu müharibənin üç ölkəyə vurduğu ziyan müzakirə edilirdi. Hətta ermənilər bunu görəndə belə çox dəhşətə gəlirdilər. Çünki biri var bu ümumi qaydada, biri də var ki, xüsusi ekspertlər və Avropa İttifaqının layihəsi çərçivəsində müzakirə edilsin. Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə onlar gördülər ki, tək nəqliyyat sektorunda müharibənin nəticəsi Ermənistana milyardlarla dollar dəyərində ziyan vurub. Buna, o cümlədən ekologiya və bank sektorunu da şamil etmək olar. Bundan sonra isə qanunların təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması çərçivəsində bizim dəfələrlə debatlarımız olub. Bax bu, xalq diplomatiyası adlandırılır. Yoxsa, iki nəfər casus buradan başqa bir dövlətə gedir. Onlar nə saxlanılır, nə də ki barələrində heç bir məlumat verilmir. Birincisi, sən kimsən Xalq diplomatiyası adını dilinə gətirirsən? Sənin xalqı təmsil etmək hüququn yoxdur. Əgər bu gün yazıçı Anar Ermənistana gedirsə, işğalçı ölkənin 60 faizi yəni, köhnə nəsil bu insanı tanıyır. Eləcə də digərlərini buna misal olaraq göstərə bilərik. Rauf Mirqədirovun Suriyaya gedənlərlə heç bir fərqi yoxdur. Hesab edirəm ki, bu məsələlərin aydınlaşdırılması hüquq-mühafizə orqanlarının üzərinə düşür".
Maraqlısı odur ki, YAP-çı deputatın fikirləri müxalifət düşərgəsindən də dəstəklənir. Belə ki, mövzu ilə bağlı "Unikal"a açıqlama verən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə "xalq diplomatiyası" adı altında xarici qüvvələrin maraqlarına xidmət edənləri tənqid edib: "Ümumiyyətlə, mən, "xalq diplomatiyası"nı məğlub ölkənin nümayəndələrinin həyata keçirməsinin əleyhinəyəm. "Xalq diplomatiyası" ilə o ölkələrin nümayəndələri məşğul olmalıdır ki, məğlub olanlara başa salsınlar ki, bir yerdə normal yaşamaq mümkündür. Amma xarici qüvvələrdən pul alıb və bu pulun qarşılığında "xalq diplomatiyası" ilə məşğul olanları bir növ Azərbaycan xalqına xəyanət etmiş insanlar hesab edirəm. Burada dövlətə xəyanət olmasa da, xalqına xəyanət var. Rauf Mirqədirov, Leyla Yunus və onun həyat yoldaşının "xalq diplomatiyası" adı altında ermənilərlə təmaslarına mənfi yanaşıram və onları bir-birindən ayırmıram".
Məsələylə bağlı "Unikal"a mövqeyini bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucov da "xalq diplomatiyası" variantını məqbul saymır. Onun sözlərinə görə, buna cəhd göstərənlər də ölkənin maraqlarına xidmət etməmiş olurlar: "Xalq diplomatiyası əslində, bir oyundur və bu, ermənilərin xeyrinə işləyir. Çünki ermənilər çalışırlar ki, işğal etdiyi Azərbaycan ərazilərini qanuniləşdirsinlər və işğalçı və terrorçu siyasətlərini ört-basdır etsinlər. Eyni zamanda, əsas məsələdən diqqəti yayındırsınlar və özlərinə sülhsevər bir imic qazansınlar".
Ə.Orucov onu da vurğulayıb ki, ermənilərlə o halda danışıqlara getmək olar ki, işğal faktını etiraf eləsinlər: "Mən, Ermənistanla hər hansı ad altında əlaqələrin qurulmasının tam əleyhinəyəm. Əgər Ermənistan həqiqətən xoş məram ortaya qoymaq istəyirsə, ilk addım olaraq keçmiş Dağlıq Qarabağa bitişik işğal altında olan ərazilərimizi boşaltsınlar. Sonra hər hansı əlaqələrdən danışmaq məsələsinə baxmaq olar".
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27