Dünyanın ən dəhşətli görüntüləri və milli "mırt"ın özəllikləri
09:32 01-05-2014
CƏMİYYƏT
Dünyanın ən dəhşətli görüntüləri və milli "mırt"ın özəllikləri
İndi biz o durumdayıq ki, yazılarımızın taleyi bir başlıqdan asılı qalıb
Nə yaxşı düşdünüz tələyə... Nətərsiniz?... Nə axtarırsınız?... Özünüzü yormayın, yoxdu yazının içində belə söhbət... İndicə bizi söyüb, çıxacaqsınız yazıdan? Nolsun ki, oxunma sayı bir ədəd də artıb, artıq gecdir. İndi istəyirsiniz, yazını oxuyun, istəyirsiniz yox.
...Bəs sizinlə nətəhər eliyək? Nətər davranaq ki, Allaha xoş getsin, bizi də millət eləsin. Nətər yazaq, nə ad qoyaq ki, bizim də yazılarımızı oxuyasınız? Bax, Mirzə Cəlili oxumursunuz, Haqverdiyevi oxumursunuz, Hüqonu oxumursunuz, Mopassanı oxumursunuz, bizdən qat-qat yaxşı yazan müasirlərimizi oxumursunuz, bizi də oxumursunuz. Bəs nətəhər olsun?
Oxumursunuz, amma söyürsünüz. "Bu mətbuat lap korlanıb" deyirsiniz. Deyirsiniz ki, oxucu yığmaq üçün saytlar hər mənasız xəbərə "şok" başlığı qoyur. Amma xəbəriniz yoxdur ki, bu məsələdən ən çox ağrıyan elə mətbuatdır, onun biz yetimçələriyik. Siz, bəlkə də, təsəvvür etmirsiniz ki, yazılarının oxunması bir yazar üçün nə deməkdir? Biz yazarlar üçün ən bahalı şey beynimizin məhsulu olan yazılarımızdır. Onu heç kimə güzəşt etmərik, heç kimə hədiyyə vermərik. İndi biz o durumdayıq ki, yazılarımızın taleyi bir başlıqdan asılı qalıb. Başlığın da oxucunu cəlb etməsi bəxtəxudadır. Bir də görürsən, özünü oda-közə vurub hazırladığın yazı o qədər az oxunur ki, istəyirsən, qələmi yerə qoyub, əl çəkəsən bu peşədən.
Yox, Allah eləməsin, mən sizi özümdən ayırmıram. Siz, ya biz, fərqi yoxdur, elə dərd burasındadır ki, biz də, bu peşənin sahibləri də bir-birimizin yazısını oxumuruq. Yazını hazırlayanda imanımı yandırmayım deyə sorğu da keçirtdim. Məlum oldu ki, vəziyyət elə mən deyən kimidir. Az adam var ki, öz həmkarının yazısını oxuyur.
Əvvəllər Facebook-da yazımı paylaşırdım, dostlardan xeyli "bəyəndim" alırdım. Sonra bir gün şeytan məni yoldan çıxartdı. Status yazdım ki, bəs, mənim yazımı oxumamış "like" etməyin. İndi yazı paylaşıram, quqqulu kimi qalır səhifədə. Ən yaxşı halda bir, ya iki nəfər "like" eləyir.
...Di gəl ki, bir gülməli status paylaşırsan, baa, gəl sən "like"lara, şərhlərə bax. Əlbəttə, zarafat etməyi bacarmaq özü də ağlın göstəricisidir, amma, ağlı itiləşdirmək üçün də oxumaq, mütaliə etmək lazımdır. Əks təqdirdə zarafatlarımız da getdikcə bayağılaşacaq, lağlağı səviyyəsinə düşəcək. İndi dəbdə olan bir söz var ey, "mırtlaşmaq", bax elə.
Yeri gəlmişkən, get-gedə daha çox əmin oluram ki, hər bir xalqın leksikonunda yaranan yeni sözlər və ya hansısa sözün yeni məna kəsb etməsi, həmin xalqın inkişaf səviyyəsi, yaşam tərzi və mentalitetinə daxil olmaqda olan xüsusiyyətləri ilə birbaşa əlaqəlidir. Məsələn, müstəqilliyimizin ilk illərində, bazar iqtisadiyyatının yeni inkişaf etdiyi vaxtlarda "atmaq" sözü birbaşa pula aid olub aldatmaq, kələk gəlmək anlamını verməyə başladı. Bir az sonra əyalətlərdən şəhərə axın başlayanda "qatıqlamaq" sözü moda mindi. "Qatıqlamaq" - yəni ki, yersiz və səviyyəsiz danışmaq. Yuxarıda qeyd etdiyim fraza isə xalqımın beyninin son illərki məhsuludur. "Mırtlaşmaq, mırt tutmaq" - yəni kimisə, nəyisə lağa qoyub gülmək, boş yerə gülmək, vaxtını öldürmək.
...Mənim sevimlilərim, gözəl oxucular. Səbr edib, yazının bu yerinə qədər gələnlər. Hirslənib, küsməyin. Düzünə qalsa, elə mən də tək-tük hallarda başqalarının yazılarını oxuyuram. Zəmanə pisdir, qaçhaqaç, qovhaqovdur. Amma axı təhsilsiz, mütaliəsiz xaqlın gələcəyi yoxdur? Öz xatirimizə, bu cəmiyyətdə ömür sürəcək balalarımızın xatirinə, gəlin özümüzdə güc tapıb, dəyişməyə çalışaq. Gəlin bir-birimizə "atmayaq", yersiz "qatıqlamayaq", vaxtımızı "mırtdaşmağa" sərf etməyək... "Gəlin bir-birimizin kitabını oxuyaq". Vallah, inanın mənə, bu gəlişi gözəl sözlər deyil, həqiqətdir: oxumayan xalq rəzil olar...
Qızılgül Abdinova
Digər Xəbərlər
2024-12-27 12:19:21
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47