Nehrəmdən şikayət var
09:35 01-05-2014
CƏMİYYƏT
Nehrəmdən şikayət var
Kənddəki imkansız ailələr əkin sahələrini suvara bilmədiklərini deyirlər
Naxçıvanın Babək rayonunun Nehrəm kəndində əkin sahələrinin bir hissəsi susuz qalıb. Bu kəndin əkin sahələrinin suya olan tələbatını əsasən Araz çayı ödəyir.
Kənd sakinlərinin sözlərinə görə, sahələrin bir qismi Araz çayının Nehrəm kəndindən, digər qismi isə qonşu Tumbul kəndində quraşdırılan nasoslar vasitəsi ilə suvarılır. Onlar deyir ki, Tumbuldakı nasoslar işləmədiyindən 50 hektardan çox əkin sahəsi susuzluqdan qurumaq üzrədir.
Kənd sakini Əhməd Sadiqov bildirir ki, susuzluqla bağlı Nehrəm icra nümayəndəliyinə dəfələrlə müraciət etsələr də nəticəsi olmayıb: "Hektar yarım yer əkmişik, kaş əkməyəydik. Su tapa bilmirik ki, suvaraq. Nasosu çəkib bağlayıblar, deyirlər su yoxdur. Nehrəmin nasosları bizim tərəfi tutmur deyə, qalmışıq Tumbulun ümidinə. Arazdan su Tumbul kəndindən Nehrəmdəki "Quşçuluq" adlanan əraziyə vurulur, ordan da bizim zəmilərə verilir. Cəmi 2-3 gün su oldu, o da 1-2 saat. 40 gündən artıqdır əkmişik, indiyə kimi bircə dəfə də suvara bilməmişik. Deyirlər, Tumbuldan su gəlmir. Kimə şikayət edirik, xeyri yoxdur. Verməsələr, Ali Məclisə kimi şikayətə gedəcəyik. Bura ancaq kasıb kəndlilərindi deyə, baxan yoxdur. Biz bostan bitkiləri əkmişik. Bostan da elədir ki, gərək 10 gündə bir suvarasan. Tağların bəzisi quruyub. Yağışın hesabına qalıb. Heç olmazsa bir dəfə suvarsaq bir müddət ötüşərik".
Digər kənd sakini Kamil Həsənov da deyir ki, su qıtlığı əkinçilərdən artıq pul almaq üçün qəsdən yaradılır: "Öz yerlərini necə lazımdır suvarırlar. Qıtlığı qəsdən yaratdılar. Hektara 25-30 manat istəyirlər. Əslində bu qiymət 2 manat 40 qəpikdir. Mən haradan alım o qədər pulu? Pulu verən suvara bilir, bizim kimi kasıblar da qalırıq. Təpələrdə canımız çıxıb. Hər gün piyada bir neçə dəfə 6-7 km yol gedirik nasosun yanına, suyu vururlar, gəlib yerimizə çatıb görürük ki, su kəsilib. Başlı-başınalıqdır. Bənəniyar gölü aşıb-daşır, bizə vermirlər. Cəmi 6 hektar əkmişəm. Bunun 2 hektardan artığı yoncadır. Yonca elə də tələsmir. Yerdə qalanı bostandır. Tağlar yanır. Quru torpağa əkmişik, istiyə dözmür. Bizə sahib duran yoxdur".
Nehrəm kənd icra nümayəndəsi Təvəkkül Ələkbərov isə əkinçilərin narazılığı ilə razılaşmır: "Kəndin hər yerində su var. Yalan deyirlər. Hər yerdə su var".
Babək rayon Su Təsərrüfatı İdarəsinin rəhbəri Yəhya Quliyev də Nehrəm kəndində əkin sahələrinin suvarılmasında yaranan problemdən xəbərsiz olduğunu bildirdi. O, suvarma suyunun dəyərindən yüksək qiymətə satılması ilə bağlı deyilənləri də yalanlayır: "Orada su ilə bağlı hər şey qaydasındadır. Çünki, problem olsa idi mənim xəbərim olardı. Kim deyirsə su baha satılır, yalandır. Biz suyu pulsuz veririk. Ancaq yerlərdə birliklər var ki, onlar bəzi xərcləri tənzimləmək üçün pul alırlar. Bu qiymət sərbəstdir. Ancaq kimsə özbaşına artıq qiymət qoya bilməz. Suyun çatdırılması üçün əmək sərf olunur. Buna görə çəkilən xərcə görə qiymət qoyulur. Heç kim bundan artıq ala bilməz".
Ötən il də Nehrəm kənd sakinləri su qıtlığı ilə bağlı "Azadlıq" radiosuna müraciət etmişdilər. Həmin vaxt min hektara yaxın əkin sahəsinin susuz qaldığı bildirilirdi.
Yafəz Əkrəmoğlu
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27