Qüdrət Həsənquliyevlə Sərdar Cəlaloğlu arasında yeni savaş
11:57 02-05-2014
CƏMİYYƏT
Qüdrət Həsənquliyevlə Sərdar Cəlaloğlu arasında yeni savaş
ADP sədri millət vəkilini xəyanətdə ittiham etdi, BAXCP-dən sərt cavab aldı
Müxalifət düşərgəsində yeni qarşıdurmanın təməli qoyulur. İndi də ADP ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) arasında gərginlik yaranıb.
Belə ki, ADP sədri Sərdar Cəlaloğlu BAXCP rəhbəri, deputat Qüdrət Həsənquliyevin Azərbaycanda rus qoşunlarının yerləşdirilməsi ilə bağlı təklifinə münasibət bildirərkən sərt fikirlər səsələndirib. Onun fikrincə, Q.Həsənquliyevin açıqlaması Azərbaycanın müstəqilliyinə və suverenliyinə zidd bir mövqedir. ADP sədri bildirib ki, Milli Məclisdə oturan millət vəkilinin belə çıxışı məsuliyyətsizlikdir. S. Cəlaloğlu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Q. Həsənquliyevin heç bir mövqeyi ilə razılaşmadığını vurğulayıb. "O, bir dəfə də bəyanat vermişdi ki, Azərbaycan Gömrük İttifaqına üzv olarsa, o zaman Rusiya Qarabağı bizə qaytarar. Son zamanlar Rusiyanın agentura şəbəkəsinə məxsus olan "Beşinci kolon" məsələsi gündəmə gəlib. Qüdrət bəyin də belə açıqlamaları həmin "Beşinci kolon"un mövqeyidir".
ADP lideri hesab edir ki, Q. Həsənquliyevin bəyanatları mərhum eks prezident Əbülfəz Elçibəyin ruhuna hörmətsizlikdir. S.Cəlaloğlu bildirib ki, Ə. Elçibəyin rus qoşunlarını Azərbaycandan çıxarması xalqa ən böyük xidmətlərindən biridir. "Millət vəkilinin isə Azərbaycan Konstitusiyasına zidd mövqe nümayiş etdirməsi mənim dostum Qüdrət Həsənquliyev haqqında başqa fikirlərə yol açır. Onun belə açıqlama verməsi məni çox narahat edir. Qüdrət Həsənquliyevin Rusiya ilə bağlı eyni tipdə ardıcıl mesajlar verməsi məndə şübhə yaradır ki, sanki bu adam Rusiya ilə bağlıdır",- deyə S. Cəlaloğlu ittiham edib.
Məsələylə bağlı "Unikal"a açıqlama verən BAXCP sədrinin müavini Elçin Mirzəbəyli S.Cəlaloğunun fikirlərinə sərt təpki göstərib. O bildirib ki, Qüdrət Həsənquliyevin müsahibəsində yer alan fikirlərə bəzi şəxslərin tələsik, düşünülməmiş və aqressiv reaksiyası təəssüf doğurur. BAXCP yetkilisi qeyd edib ki, peşəkar siyasətçi kontekstindən çıxarılmış istiqamətləndirici suallara konkret tərəfin maraqlarına uyğun cavab verməklə kifayətlənməməli, məsələnin mahiyyəti üzrə danışmalıdır: "Qüdrət Həsənquliyev öz müsahibəsində postsovet məkanında və bütövlükdə dünyada yaranmış real vəziyyəti təhlil edərək dəyərləndirib, ölkəmiz üçün yarana biləcək təhlükələrdən mümkün çıxış yollarını göstərib. BAXCP üçün Azərbaycanın ərazi bütövlüyü hər zaman prioritet məsələ olub və bundan sonra da bu mövqe dəyişilməyəcək. Bizim üçün əsas şərt Qarabağdır! Azərbaycan torpaqları Rusiyanın hərbi-siyasi müttəfiqi olan Ermənistanın işğalı altındadır. Beynəlxalq birlik nə işğalçıya, nə də işğalın zəmanətçisi olan Rusiyaya qarşı nəinki sanksiya və güc tətbiq etmək, hətta tənqid söyləmək iqtidarında belə deyil. Aparıcı güclər və onların nüfuz müvəkkilləri Azərbaycan xalqını nəyin bahasına olursa olsun təslimçi sülhə sövq etmək istəyirlər. Gürcüstan və Ukrayna ərazilərinin ilhaqına qarşı kəskin reaksiya verən Qərb tarixi və hüquqi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını illərdir ki, sükutla izləyir, işğalçıya dolayısıyla və birbaşa dəstək verir. Hazırda Gürcüstanın 2, Ukraynanın isə 1 inzibati ərazi subyekti faktiki olaraq itirilib və ortalıqda yalnız cəsarətsiz bəyanatlar və ehtiyatlı, qorxaq sanksiyalar var. Belə bir zamanda siyasətlə məşğul olan istənilən şəxs reallıqları göz önünə almalı və ən kəskin ehtimallar barədə danışmağı bacarmalıdır. Əgər kimsə Qarabağın azad edilməsinin yolunu fəlsəfi traktatlarda, "ağ atlı" "qara oğlan"ın qorxaq siyasətində görürsə, buyursun öz ehtimallarını açıqlasın. BAXCP sədrinin müsahibəsində bütün ehtimallar yer alıb. Hətta müharibə ehtimalı da".
Elçin Mirzəbəylinin qənaətinə görə, Azərbaycanda bəzi siyasətçilərin beynini bilgisayarın hard diski kimi format etmək və yaddaşını artırmaq lazımdır: "Kimsə 526 meqabaytlıq və virus düşmüş beyni ilə göz önündə olan reallıqları qafasına sığışdıra bilmirsə, bu artıq bizim problemimiz deyil kimin neçənci kolonun təmsilçisi olduğunu və yaxud neçənci kolonda olacağını isə zaman göstərəcək".
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27