Müsavat qurultayını rəsmən təxirə salır
11:59 02-05-2014
CƏMİYYƏT
Müsavat qurultayını rəsmən təxirə salır
"Unikal"ın yazdıqları təsdiqini tapdı, İsa Qəmbərin planı gerçəkləşdi
Qəzetimizin ötən saylarında Müsavat başqanının qurultayın təxirə salınması ilə bağlı planı olduğunu yazmışdıq. Bu barədə "Unikal"a məlumat verən Müsavat fəallarından biri qısa müddətdə qurultayın təxirə salınacağının elan ediləcəyini də vurğulamışdı.
Artıq yazdıqlarımız təsdiqini tapdı. Dünən Müsavat rəhbərliyi qurultayın təxirə salınmasının mümkün olduğunu etiraf ediblər. Belə ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı öncə meriyanın yerlə bağlı mövqeyini bəhanə gətirib. O deyib ki, Bakı Şəhər İcra Hakimiyyəti partiyanın qurultaya yer ayrılması ilə bağlı müraciətinə hələ də cavab verməyib. A.Hacılı qurultayın təxirə salınacağını istisna etməyib: "Hətta indi bizə yer ayrılsa, mayın 24-də qurultay keçirə bilmərik. Çünki qurultayın keçirilməsi üçün təxminən bir neçə həftə vaxt lazımdır. Müsavat strukturlarında seçkilər keçirilməzdən əvvəl namizədlər irəli sürülür, təbliğat kampaniyası aparılması üçün şərait yaradılır. Bu baxımdan Müsavata yer ayrıldıqdan 3-4 həftə sonra biz qurultayımızı keçirə bilərik. Ancaq görünür ki, hökumət yaxın vaxtlarda Müsavata yer ayırmaq niyyətində deyil. Bu səbəbdən, çox güman ki, mayın 24-də qurultayı keçirmək mümkün olmayacaq".
Məsələylə bağlı "Unikal"a açıqlama verən Ümid Partiyasının İcra Aparatının rəhbəri Nəsimi Məmmədli deyib ki, qurultayın ertələnməsində partiyadaxili səbəbələr ola bilər: "Partiyanın rəsmi mövqeyinə istinad edərək deyə bilərəm ki, hakimiyyət orqanları qurultayın keçirilməsinə şərait yaratmadığı üçün bu tədbiri keçirmək indiyədək mümkün olmayıb. Digər tərəfdən ola bilsin ki, hansısa başqa daxili səbəblər də bu qurultayın keçirilməsinə tələsməməyə gətirib çıxarıb. Qurultay partiyaların ən ali tədbiridir və hər bir partiya istəyər ki onu yüksək səviyyədə təşkil etsin. İstənilən halda partiyalara öz tədbirlərini keçirmək üçün şərait yaratmaq hökumətin vəzifəsidir. Ümid edirəm ki, bu il Müsavatın qurultay keçirməsi mümkün olacaq".
ADP sədrinin müavini Taliyyət Əliyev isə "Unikal"a deyib ki, yerlə bağlı bu qədər çək-çevir edilməsi məqbul deyil: "Müsavat Partiyası Qurultayının hər dəfə ertələnməsini hakimiyyət orqanlarının onlara münasib yer ayırmaması ilə əlaqələndirirlər. Yəni, səbəb budur. Düzdür, Müsavatın öz Qurultayını keçirmək bu partiyanın daxili işidir. Amma, mən bu məsələdə məntiq görmürəm. Belə çıxır ki, hakimiyyət yer verməsə Müsavat öz Qurultayını keçirməyəcək? Yəqin ki, ortada biz bilmədiyimiz başqa səbəblər də var. Xüsusən, Müsavat Partiyasına yeni başqanın kim olacağından dolayı. Qurultayda hökmən deyil ki, 700 nəfər iştirak etsin. Əsas odur ki, bu Qurultaydan Müsavat daha güclü, yeni keyfiyyətdə, yeni ideyalarla çıxsın. Yəni, qurultayın keçirilməsinə kəmiyyət baxımından deyil, keyfiyyət baxımından yanaşılmalıdır".
Müsavat Partiyasının Divan üzvü, sabiq deputat İkram İsrafil "Unikal"a açıqlamasında partiyadaşının mövqeyini dəstəkləyib. O da bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti yer verməyəndən sonra qurultayın keçirilməsi mümkün olmayacaq: "Hazırda iş məhkəmədədir. Məhkəmənin necə qərar çıxaracağı isə məlumdur. Odur ki, bu məsələdə bizi suçlamaq doğru deyil. Arif bəyin o fikri ilə də razıyam ki, əgər məhkəmənin qərarı ilə Bakı Şəhər İcra Hakimiyyəti qurultay üçün yer ayırarsa, o zaman qurultayın mayın 24-də keçirilməsi çətin olar. Amma bu o demək deyil ki, biz qurultay keçirməyəcəyik. Yer versinlər, başqa vaxta təyin edərik".
Göründüyü kimi, İkram İsrafil də dolaşıq açıqlamalar verir. Halbuki, Arif Hacılı da, İkram İsrafil də son dövrlərə qədər qurultaya hazırlıqla bağlı bütün işlərin yekunlaşdığını sadəcə olaraq, yer məsələsinin qaldığını bildirirdilər. Yəni, yer məsələsi həll olunsa, qurultayın keçirilməsi üçün 2-3 gün kifayətdir. Buradan da bəlli olur ki, Müsavat rəhbərliyi qurultayın keçirilməsini istəmir, bəhanələrlə vaxt udmağa çalışırlar.
Z.QƏRİB
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27