Azərbaycan məmurlarının villaları ilə bağlı gizlinlər
18:40 03-05-2014
CƏMİYYƏT
Azərbaycan məmurlarının villaları ilə bağlı gizlinlər
Dəyəri milyon manatlarla ölçülən mülklər necə ərsəyə gəlir?
Azərbaycanın indi elə dilbər guşəsi yoxdur ki, orada bir çox məmurların dəbdəbəli iqamətlərinə rastlanmasın. Bu villaların əksəriyyətinin qiyməti milyon manatlarla ölçülür. Onlar ayrı-ayrı rayonların ən səfalı yerlərində inşa edilir, orijinallıqları ilə fərqlənirlər.
Məsələn, Xızı ərazisindəki dağların həndəvəri tikanlı məftillərlə mühasirəyə alınıb. Səbəb də budur ki, Qızılqazma kəndi ərazisində bəzi iri ranqlı məmurların villaları yerləşir. Burada taxtadan tikilən çoxsaylı orijinal villalar da var. Kənddə bu cür malikanələrin tikilməsinə görə bütün meşələr məhv, yaşıllıqlar isə qəsb edilib.
Və yaxud Şamaxıdakı Çuxuryurd qəsəbəsi demək olar ki, Bakının milyonerlər məhəlləsini xatırladır. Burada salınmış qəsr-qalaların, hətta Bakıdakılardan zəngin olduğu diqqət çəkir. Qəsəbədə boş ərazi tapmaq müşkül məsələdir. Yay boyu Çuxuryurd toy-bayram məkanına çevrilir ki, ayrı-ayrı məmurların dəvət etdikləri populyar müğənnilərin onları şənləndirməyindən qəsəbənin digər sakinlərinə də "pay" düşür.Yay boyu qəssabların bazarı da "xod" gedir. Hər gün kəsilən 300-400 qoyunun əti qonaqları birtəhər ötüşdürə bilir. Qəsəbədə unversitet rektorlarının bir çoxunun unversitet binalarından geri qalmayan villalarının olduğu sirr deyil. Hətta Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin də Çuxuryurdda istirahət məkanına malik olduğu söylənilir.
Ümumiyyətlə, əsas istirahət güşələrimiz Şamaxı, Qəbələ, İsmayıllı, Quba, Qusar, Zaqatala, Nabran, Lənkəran, Masallı yay boyu məmurların istirahət məkanına çevrilir. Onlar ümumi istirahət məkanlarında deyil, özlərinə məxsus villalarda ""yorğunluq"larını çıxarmağı daha üstün tuturlar.
Bir sözlə, yay boyu hər hansı probleminiz olsa, adları sadalanan məkanlara üz tutun, ilboyu qəbullarına düşə bilmədiyiniz dövlət məmurlarını orada tapmaq sizin üçün bir o qədər müşkül məsələ olmayacaq.
Bakıətrafı kəndlər də məmurlarımızın sevdikləri istirahət zonalarıdır. Xüsusilə Şüvəlan, Mərdəkan, Zaqulba, Nardaran, Buzovna, Bilgəhdə məmur villalarının tünlüyü və əzəməti diqqət çəkir. Bu ərazilərdə az qala kəndin yerli sakinlərindən daha çox məmur məskunlaşıb. Yerli sakinlərin kiçik evlərinin fonunda 3-4 mərtəbəli və hətta beşmərtəbəli villalar göz oxşayır. Villaları əhatə edən hasarların hündürlüyü 4-5 metr olsa da, hətta bu belə, məmur saraylarının əzəmətli, göz qamaşdıran görünüşünü gizlədə bilmir.
Belə iddialar var ki, bir çox məmurlar hətta öz villalarını xaricdən dəvət etdikləri memarların məsləhət və layihələri əsasında inşa edirlər. Onlar öz mülklərinin həm görünüşcə, həm daxili quruluşca başqalarınkından fərqli olmasına xüsusi əhəmiyyət verir və bunun yolunu əcnəbi memar və ustaların xidmətindən yararlanmaqda görürlər. Bu, hər nə qədər xərcləri artırsa da, dərd eləməyə dəyməz - məşhur ifadə ilə desək, pul bir bizim məmurlardadır, bir də ingilislərdə!
Məmur villaları ilə bağlı başqa bir özəllik onu inşa edən vəzifə sahibinin hobbilərinin də inşa edilən mülkdə əks edilməsidir. Elə vəzifəli şəxs var ki, mülkünün qarajının ən azı villanın özü qədər geniş olmasına əhəmiyyət verir. Axı orada ailə üzvlərinin sayının bir neçə qatı qədər bahalı xarici maşınlarını saxlamalıdır.
At həvəskarı olan məmurlar villalarının tikildiyi geniş ərazidə xüsusi tövlənin inşasına diqqət yetirirlər. Son vaxtlar isə bəzi məmurlar arasında villalarının arasında kiçik qolf meydançasının qurulmasını da "unutmadıqları" deyilir.
Bir sözlə, biz bəzi məmurlarımızın dəbdəbəli mülklərinin sadəcə, kənardan, özü də kiçik bir hissəsini görürük. Bu villaların saya-hesaba gəlməyən özəllikləri var ki, onları görmək bizim imkanlarımız xaricindədir. Lap ayda 1000-1500 manat maaş aldıqları halda dəyəri milyon manatlarla ölçülən belə villaları hansı yollarla inşa etdiklərini bilmək imkanlarımızın olmadığı kimi!
Günel Əkbər
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27