Əkbər Hacıyevin Gəncədəki işçiləri nə işlə məşğuldur?
18:41 03-05-2014
CƏMİYYƏT
Əkbər Hacıyevin Gəncədəki işçiləri nə işlə məşğuldur?
Ölkənin ikinci böyük şəhərində qaz abunəçilərinə külli miqdarda borc yazılır
Gəncədə hər üç ailədən birinə səbəbi mübahisə doğuran bu borcların yazılmasından sonra abonentlərin bir hissəsi qaz sayğaclarının kartlarına pul yükləyə, və təbii ki, qaz istehlak edə bilmir. Bu barədə ganca.az saytında təfərrüatı ilə bəhs olunub.
Sakinlər kartlarını pul yükləyən terminallara yaxınlaşdıranda kartın bloklaşdırıldığı barədə xəbərdarlıqla üzləşirlər. Gəncə Qaz İstismarı Sahəsinə gələrək kartlarını yoxlatdırarkən burada abonentlərə müxtəlif məbləğlərdə - 100 manatdan 700 manatadək debitor borclarının olmasını deyirlər.
Əkbər Hacıyevin rəhbəri olduğu "Azəriqaz" İstehsalat Birliyinin Gəncə şəhər Qaz İstismarı Sahəsinin Satış şöbəsinin müdiri Hüseyn Şirinov jurnalistlərə açıqlamasında bildirib ki, 2009-cu ildə şəhərdə elektron qaz sayğacları qurulanda 22 minədək artıq abunəçinin mexaniki sayğaclarından 1,6 milyon manatdan çox borcu qalıb. H.Şirinov həmən borcların 5 ildən sonra abunəçilərdən alınması qərarına gəlindiyini bildirib. Müsahib borcla bağlı sakinlərə mütəmadi məlumat verildiyini desə də, şəhər sakinləri bu haqda ilk dəfə indi xəbər tutduqlarını bildirir və Qaz İstismar Sahəsinin borc iddiaları ilə razılaşmırlar. Onlar bildirirlər ki, 2009-2010- cu illərdə elektron qaz sayğacları qurulanda bütün debitor borclar onlara ödədilib və sonra sayğacın kartları verilib.
Elə Gəncə şəhəri Pərviz Səmədov küçəsinin sakini Sədaqət Əliyeva da qəfildən onun sayğacına 246 manat borc yazılmasının səbəbini aydınlaşdırmaq üçün Qaz istismarı Sahəsinə gəlib: "Mənim borcum olsaydı, yeni sayğac qoymazdılar. Mexaniki sayğacı elektron tipli ilə əvəz edərkən köhnə sayğacdakı bütün borcu ödədİk, sonra yeni sayğac qoydular. Bu borc haradan əmələ gəldi? Bizə aydın bir izahat da vermirlər. Mən müəllimə adamam, durduğum yerdə, hardan alım, hansısa süni borc ödəyim?"
Başqa bir Gəncə sakini Sevda Məmmədovaya nə az, nə çox, düz 500 manat borc yazılıb. Orta məktəblərin birində müəllimə işləyən Sevda Məmmədova deyir ki, əgər camaatın borcu var idisə, niyə onlar bundan 5 il sonra xəbər tutmalıdırlar?
Xatırladaq ki, Gəncədə 2009- cü ildən mexaniki qaz sayğacları yeni kartla qabaqcadan yükləmə prinsipi ilə işləyən "Smart" tipli elektron sayğaclarla əvəzlənməyə başladı və bu proses əsasən 2010-cu ilin birinci rübündə başa çatdı. Digər yandan, ölkə başçısı öz sərəncamı ilə 2009-cu ilin oktyabrın 1-dək qaz istehlakına görə əhalidə yaranmış borcları bağışlayıb. Hazırda yerli qaz idarəsinin Gəncədə abonentlərə borc iddiası da həmin vaxtdan, yəni 2009-cu ilin oktyabrın 1-dən elektron sayğaclar quraşdırılanadək olan bir neçə aylıq dövrə görədir. Elə sakinlər də bu qısa zamanda külli miqdarda borc məsələsinin süni yaradıldığını və onların cibini soymaq məqsədi daşıyan ədalətsiz bir iş olduğunu düşünürlər.
Hətta ötən 5 il ərzində vətəndaşların elektron tipli sayğaclarının proqramı və kartları bir dəfə dəyişdirilsə də, onlara hansısa borclar barədə heç bir məlumat verilməyib. Hazırda Gəncə şəhər Qaz İstismarı Sahəsi abunəçilərin borclu olmadıqlarını sübut etmək üçün onlardan 2009-cu ilin oktyabrın 1-dən elektron sayğac quraşdırılan dövrədək olan qəbzlərini tələb edir. Lakin hər bir prosesin elektronlaşdığını düşünən sakinlərin çoxu 5 il bundan qabaqkı qəbzlərini saxlamayıblar.
Onu da deyək ki, sözügedən köhnə qəbzləri saxlayanlar da az deyil. Onlardan biri, şəhərin "Mahrasa bağı" adlandırılan ərazisində yaşayan Eldar Rüstəmov deyir ki, ona qarşı idda edilən 200 manat borcun tamamilə əsassız olduğu topladığı sənədlərdən də aydındır və o, "həmin dərddə" olan bir qrup dost-tanış və qohumu ilə məhkəməyə müraciət hazırlayır.
Abonentlərin digər bir qrupu isə onlara yazılan borcu hissə-hissə ödəməklə razılaşıblar. Şəhər sakini Zivər Məmmədova deyir ki, onlara böyük məbləğdə, 700 manat borc yazılıb və kartla terminala pul yükləyərkən məbləğin yarısı həmin borcun ödənilməsinə yönəlir.
Xatırladaq ki, Gəncədə ümumilkdə mavi yanacaqdan istifadə edən 72 mindən çox abonent var. Qaz idarəsinin hazırkı iddialarına görə, onlardan üçdə biri artıq borclu abonentlər kateqoriyasına düşdülər. Apardığımız müşahidələrə görə, borc yazılanların əksəriyyəti fəal istehlakçılardır, yəni ayda orta hesabla qış dövründə 60-80 manat, yay mövsümündə isə 15-20 manat dəyərində mavi yanacaq işlədən ailələrdir.
O da var ki, onlardan bir qismi borcların haqsız yazıldığını bildirərək, qaz idarəsi ilə müqavilələrini dayandırmaq və qaz istehlakından imtina etmək fikrindədirlər. Bu baş verərsə, Gəncə şəhəri üzrə mavi yanacaq bazarına xələl də gələ bilər.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27