Ramil Usubovun keçirdiyi iclasda nələr müzakirə edildi?
18:42 03-05-2014
CƏMİYYƏT
Ramil Usubovun keçirdiyi iclasda nələr müzakirə edildi?
Daxili İşlər Nazirliyində "Mülkiyyət əleyhinə törədilən cinayətlərin, o cümlədən şəxsi əmlak oğurluqlarının qarşısının alınması və açılması" və «Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi" sahəsində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, fəaliyyətin mühüm istiqamətlərini əhatə etdiyini bildirib.
Daha sonra nazir demişdir ki, mülkiyyət əleyhinə olan hüquqazidd əməllər respublika üzrə qeydə alınan cinayətlərin orta hesabla 30 faizini təşkil etdiyinə, onların qarşısının alınması, açılması, vətəndaşların hüquqlarının bərpası və dəymiş zərərin ödətdirilməsi sahəsində görülən işlər mühüm əhəmiyyət kəsb etdiyinə görə müvafiq sahədə fəaliyyət gündəlik nəzarətdə olmuş, Kollegiya iclaslarının və əməliyyat müşavirələrinin müzakirəsinə çıxarılaraq bir sıra zəruri qərarlar qəbul edilib.
Nazir Ramil Usubov yol hərəkəti təhlükəsizliyinin təminini insanların həyatının, sağlamlığının və mülkiyyətinin qorunması sahəsində çox vacib funksiyalardan biri olmaqla ictimai qaydanın qorunmasında ən mühüm istiqamətlərdən biri adlandıraraq, dövlət yol polisinin qarşıya qoyulmuş vəzifələrin öhdəsindən ümumilikdə məsuliyyətlə gəldiyini, vətəndaşlarla ən çox təmasda olan xidmət kimi onun gündəlik fəaliyyətindən polisin imicinin xeyli dərəcədə asılı olduğunu diqqətə çatdırmış, görülmüş müsbət işlərlə yanaşı, müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edərək onların tezliklə aradan qaldırılmasının vacibliyini vurğulanıb.
Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini, polis polkovniki Cəfər Fərzəlizadə çıxış edib və deyibki, son bir il üç ayda ümumi cinayətlərin strukturunda mülkiyyət əleyhinə olanların xüsusi çəkisi orta hesabla 43 faiz, bağlı qalmışların strukturunda isə 73 faiz təşkil etmişdir. Ərazi polis orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müvafiq cinayətləri törətmiş 1342 nəfərdən ibarət 939, o cümlədən şəxsi əmlak oğurluqları törətmiş 972 nəfərdən ibarət 358 qrup zərərsizləşdirilmiş, axtarışda olan 1020 nəfər tutulmuşdur. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində, eləcə də «102» və «Təhlükəsiz şəhər» xidmətlərinin iştirakı ilə 150 oğurluq və 59 ona cəhd, 21 nəqliyyat vasitəsinin qaçırılması, 2 dələduzluq və s. cinayətlər «isti izlərlə» açılıb.
O da qeyd olunub ki, ümumən, mülkiyyət əleyhinə olan 7482, o cümlədən 3726 şəxsi əmlak, 882 mənzillərdən edilən, 417 mal-qara oğurluğunun, 125 cibgirlik faktının, keçmiş illərdən bağlı qalmış 251 müvafiq cinayətin açılması təmin olunmuş, bu əməllərə görə 3365 nəfər, habelə axtarışda olan 1133 təqsirləndirilən şəxs tutulub.
Cari ilin birinci rübündə Baş İdarənin cibgirlik cinayətlərinə qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatları əsasında ərazi orqanları ilə keçirilmiş birgə tədbirlərlə Binəqədi, Xəzər, Nərimanov, Xətai, Suraxanı, Səbail, Nəsimi, Qaradağ və Abşeron rayonları ərazisində 103 mənzil oğurluğu törətmiş Azərbaycan və Gürcüstan vətəndaşlarından ibarət cinayətkar qrup, Binəqədi rayon polis idarəsi tərəfindən isə paytaxt ərazisində 278 oğurluq faktı törətmiş 125 nəfərdən ibarət 74 cinayətkar qrup zərərsizləşdirilib.
Mühafizə xidmətləri tərəfindən 2013-cü ildə 6177 obyekt, o cümlədən 2227 mənzil qorunmuşdur. İlin əvvəlindən qorunan obyekt və mənzillərin sayı 322 vahid artmış, mühafizə olunan obyektlərdə 130 oğurluğun qarşısı alınıb.
Ötən il mülkiyyət əleyhinə olan cinayətlərin açılması 70,5 faiz təşkil etmiş, cari ilin 3 ayında isə mülkiyyət əleyhinə olan cinayətlərin açılması ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz, soyğunçuluqların açılması 18 faiz, şəxsi əmlak oğurluqlarının açılması 2,5 faiz, mal-qara oğurluqlarının açılması 19,0 faiz, avtomaşınlardan edilən oğurluqların açılması 19,7 faiz yaxşılaşıb.
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlər barədə məruzə ilə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsi ilə bağlı həyata keçirilən uğurlu tədbirlərin məntiqi nəticəsi olaraq, təkcə son 5 ildə respublikaya 417 mindən çox avtomobil gətirilmişdir. Hazırda ölkə üzrə orta hesabla hər 8 nəfərə bir avtomobil düşür və qeydiyyatda olan nəqliyyat vasitələrinin ümumi sayı 1.245.000-i ötüb.
Aparılan hərtərəfli islahatlar hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yol hərəkətinə nəzarət funksiyalarını yerinə yetirən dövlət yol polisi xidmətindən də yan keçməmişdir. Yol hərəkəti ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmış, bir sıra inzibati xətalara görə tənbehlərin sərtləşdirilməsi, korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində vətəndaşlarla ünsiyyətin minimuma endirilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Ekoloji təhlükəsizlik məsələlərinə dair standartların qəbulu üçün müvafiq Dövlət Agentliyi ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülmüşdür. Atmosfer havasının avtomobillərin zərərli təsirindən qorunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə hər il "Təmiz hava" aylıqları da keçirilir. Qeyd edimişdir ki, son 5 ildə 40 mindən çox avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olması aşkarlanaraq hüquqi və fiziki şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.
Məruzəçi qeyd etmişdir ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində başlıca amillərdən olan sürücülərin və hərəkətin digər iştirakçılarının intizamının gücləndirilməsi üzrə profilaktik tədbirlərlə təkcə 2013-cü ildə 1.429.781, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı 10.424, sürət həddinin aşılması üzrə 299.368, ötmə qaydalarının pozulması ilə əlaqədar 28.699, sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 4.727 inzibati xəta müəyyən olunmuş, 100 mindən çox piyada barəsində protokol tərtib edilmişdir. Avtoxuliqanlıq etdiyinə görə 703 sürücü, şüşələrinə plyonka və örtüklər çəkilmiş 11.578 avtomobil aşkarlanmış, 2.636 şəxsin sürücülük hüququ məhdudlaşdırılmışdır. Aşkarlanmış qayda pozuntularının sayı əvvəlki illə müqayisədə 408.659 fakt çox olub.
Hadisələrin baş verməsinə bilavasitə təsir göstərən avtomobillərin yüksək sürətlə idarə olunmasına qarşı mübarizənin gücləndirilməsi barədə Kollegiya qərarlarına, DİN-in göstəriş və tapşırıqlarına müvafiq olaraq, analoji xətalar, əvvəlki ilə nisbətən 2013-cü ildə 2,2 dəfə çox aşkarlanmış və nəticədə, bu səbəbdən törənən qəzalar 30 faizədək azalıb.
Müzakirələrdə çıxış edənlər görülmüş işlər, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə danışıblar.
İclasa yekun vuran nazir gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək müvafiq istiqamətlərdə qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb etmiş, konkret tapşırıq və tövsiyələrini verib.
Daxili işlər naziri son illər ölkə həyatının bütün sahələrində qazanılmış uğurların, respublikada sabit və dayanıqlı hüquqi-siyasi sistemin, güclü iqtisadi potensialın yaranmasının, xalqımızın rifah halının yüksəlməsinin əsasında ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının dayandığını vurğulayıb.
Həmçinin, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilən quruculuq proseslərində daxili işlər orqanlarının da yaxından iştirak etdiyi, cinayətkarlıqla uğurlu mübarizədə, insan hüquq və azadlıqlarının, ictimai asayişin, əmin-amanlığın etibarlı şəkildə qorunmasında şəxsi heyətin Vətənə, dövlətə, anda fədakar və sədaqətli xidmətinin dövlətimizin başçısı tərəfindən dəfələrlə yüksək qiymətləndirildiyi xüsusi qeyd olunmuşdur. Nazir demişdir ki, 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqi hər bir əməkdaş üçün proqram xarakterli sənəd olmalıdı.
General-polkovnik Ramil Usubov gələn il ölkəmizdə Birinci Avropa Olimpiya Oyunlarının keçiriləcəyini xatırladaraq bu möhtəşəm beynəlxalq tədbirin təşkilində Daxili İşlər Nazirliyinin də üzərinə mühüm vəzifələr düşdüyünü, həmin vaxt ictimai qaydanın nümunəvi qorunması və ictimai təhlükəsizliyin etibarlı təmini üçün bütün zəruri tədbirlərin görüləcəyini vurğulayıb.
Nazir vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına ciddi riayət olunmasının vacibliyini, yol-nəqliyyat hadisələrinin profilaktikasının səmərəliliyinin artırılmasını, daha çox nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə olunması, ötmə qaydalarını pozma və nəqliyyat vasitələrini yüksək sürətlə idarə etmə kimi inzibati xətaların aşkarlanmasına diqqət yetirilməsini tələb edib.
Nazir hüquq-mühafizə orqanlarının birgə səyləri ilə cari ilin ötən dövründə də cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmini sahəsində uğurlu nəticələrin qazanıldığını, əldə olunmuş müsbət təmayüllərin qorunub-saxlanıldığını vurğulamışdır. O, əmin olduğunu bildirmişdir ki, şəxsi heyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu məsul vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək, ali diqqət və qayğıya cavab olaraq sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək.
Digər Xəbərlər
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04