Politoloq: "Ermənistanın Qərbə qaçma planının Sarkisyanla Rusiya ermənilərinin birgə işi olduğu aşkarlandı"
18:43 03-05-2014
CƏMİYYƏT
Politoloq: "Ermənistanın Qərbə qaçma planının Sarkisyanla Rusiya ermənilərinin birgə işi olduğu aşkarlandı"
Ermənistan prezidenti Serj Sarkisyanın Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının 5 illiyinə həsr olunmuş tədbirdə çıxışı həqiqi mənada sensasiyadır.
Bunu açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib: "Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının rolu barədə S.Sarkisyanın çıxışında diqqətimizi iki məsələ çəkdi: Birincisi, S.Sarkisyanın təbirincə, sən demə, Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üçüncü dövlətə qarşı yönəlibmiş. İkincisi isə, S.Sarkisyan Şərq Tərəfdaşlığı proqramının sonrakı gedişini şübhə altına aldı. Prezident S.Sarkisyan Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının İsveç və Polşanın təşəbbüsü olduğunu və bu dövlətlərin, xüsusilə Polşanın Rusiyaya münasibətini çox gözəl bilir".
M.Əhmədoğlu qeyd edib ki, Şərq Tərəfdaşlığı proqramının başladığı 2009-cu ildən üzü bəri Rusiya hər ildə bir neçə dəfə Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının Rusiyanın əleyhinə yönəldiyini rəsmi şəkildə bəyan edib: "S.Sarkisyan Aİ ilə antirusiya mahiyyətli danışıqlar apararkən, Aİ-yə üzv bəzi dövlətlərin rəhbərləri ilə Şimali Qafqazda vəziyyəti müzakirə edərkən və o zamankı baş nazir Tiqran Sarkisyan prezident S.Sarkisyanın tapşırığı ilə Avropa İttifaqının rəhbərləri və avroparlamentarilərlə Rusiya qoşunlarının Ermənistan ərazisindən çıxarılmasının mümkünlüyü barədə danışıqlar apararkən bunların mahiyyətini bilməməsi qeyri-mümkündür. "Ermənistanın Avropa ilə eyni dəyərin daşıyıcısı olduğu, amma arzuolunmadan SSRİ-nin tərkibinə düşməsi" tezisinin də müəllifi S.Sarkisyandır. İndi həmin S.Sarkisyan Avropa İttifaqını Ermənistanı antirusiyaçılığa sürükləməkdə ittiham edir. Avrokomissarları aldatdı, Ermənistanın "demokratikliyinə sənəd aldı", Aİ-dən doyunca yardım dartdı və sonradan geri çəkildi. Amma sakit dayanmır, Aİ-ni şərləyir".
Politoloqun sözlərinə görə, S.Sarkisyanın Aİ-nin Şərq Tərəfdaşlığı proqramında daha vacib dövrü 3 sentyabr 2013-cü ildən sonrakı dövrdür: "Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə girməklə bağlı bəyanat verdikdən sonra Ermənistan prezidenti yenə dəfələrlə Qərbə tərəf qaçmağa cəhdlər etdi. Sentyabrın 3-dən sonrakı vəziyyətin gərginliyi Ermənistanın bu məsələdə əlavə gizli resurslarını aşkarladı. Bəlli oldu ki, Ermənistanın Qərbə doğru qaçmasının əsl səbəbkarı Yerevanda deyil, Moskvada oturan yüksəkçinli ermənilərdir. Ona görə son 5 il ərzində RF Xarici İşlər Nazirliyinin Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının antirusiya xarakteri ilə bağlı bəyanatlarını rəsmi Yerevan nəzərə almayıb. Çünki həmin bəyanatların müəllifi Kalantaryan-Kalantarov S.Sarkisyanı başa salıb ki, bu bəyanatların ermənilərə dəxli yoxdur".
Onun sözlərinə görə, Ermənistanın Gömrük İttifaqına üzvlüklə bağlı sənədləri imzalama günü yaxınlaşdıqca Moskvadakı yüksək çinli ermənilərlə Ermənistan rəhbərlərinin Avrointeqrasiya məsələsində hərəkətlərini koordinasiya etməsi daha aşkar şəkildə üzə çıxdı: "RF xarici İşlər naziri, milliyətcə erməni S.Lavrov Aİ-nin Şərq Tərəfdaşlığı proqramında Ermənistanın adını hallandıran kimi Ermənistan prezidenti o zamankı baş nazir T.Sarkisyanı yenidən Brüsselə göndərdi, assosiativ müqavilənin imzalanmasının mümkünlüyü müzakirə edildi. RF Xarici İşlər Nazirliyindəki ermənilərilə Ermənistan rəhbərliyinin bu məsələdə birgə xəyanət fəaliyyəti aşkarlanan kimi S.Lavrov Ermənistana Avrointeqrasiya prosesini dayandırmağı və bu istiqamətdə məşğul olan şəxsləri vəzifədən uzaqlaşdırmağı tapşırdı. Baş nazir T.Sarkisyan ani sürətdə S.Sarkisyan tərəfindən istefaya göndərildi. Az keçmiş Aİ ilə Ermənistan arasındakı baş danışıqçı, ER xarici işlər nazirinin müavini Z.Mnasakanyan vəzifəsindən azad edilib BMT-yə səfir göndərildi. Moskvadakı yüksəkçinli ermənilərlə Ermənistan rəhbərliyinin koordinasiyalı fəaliyyətinin nəticəsidir ki, SSRİ-nin dağılmasında ermənilərin başlanğıc və davamlı rolunun olmasını Rusiya ictimaiyyəti görmədi. İndi də Rusiya ictimaiyyəti erməniləri özlərinə müttəfiq hesab edir. Ermənilərin əsl gücü də bundadır. Serj Sarkisyan SSRİ-nin dağılmasında ermənilərin iştirak etdiyini etiraf edir, amma Rusiyanın ictimai-siyasi mühiti ermənilərin SSRİ-nin dağılmasındakı rolunu görmək istəmir".
M.Əhmədoğlu bildirib ki, S.Lavrovun Suriya hadisələrinin məsuliyyətli dövründə Putinin mövqeyinin əksinə getməsi, İranın antirusiya faktora çevrilməsi təsadüfi məsələlər deyil. Amma Moskvadakı ermənilər təkcə Xarici İşlər Nazirliyində deyil, digər strukturlarda da kifayət qədər təmsil olunublar.
Politoloqun sözlərinə görə, Ermənistan prezidentinin Praqadakı çıxışının daha iritutumlu nəticəsi var: Moskvadakı ermənilər antirusiya əməllərinin ifşa olunmasından narahat olublar: "Bundan da böyük nəticə RF prezidenti Vladimir Putinin prosesləri tam idarə edə bilməsidir. S.Sarkisyanın Praqa çıxışı Putinin Ermənistanın tam sahibi olduğunu göstərdi. Deməli, Qarabağ probleminin də sahibi Rusiyadır. Ermənistan Qərbə inteqrasiya ilə bağlı Putinin göstərişini yerinə yetirirsə, deməli, Putinin Dağlıq Qarabağ məsələsilə də bağlı göstərişini yerinə yetirəcək".
M.Əhmədoğlu: "Bizə indi təkcə Dağlıq Qarabağ deyil, həm də Zəngəzur lazımdır. Rusiya-Azərbaycan münasibətlərinin qarşılıqlı faydalı rejimdə işləməsi üçün Zəngəzurun Azərbaycana qaytarılması Azərbaycan üçün hədsiz əhəmiyyətlidir. Ümid edirik ki, Moskvadakı ermənilər Kremlin Dağlıq Qarabağ və Zəngəzurla bağlı mövqeyinin reallaşmasına maneçilik edə bilməyəcək. Moskvadakı yüksək çinli ermənilər Rusiya ilə Cənubi Qafqazın digər iki dövləti arasında münasibətin normallaşması istiqamətində fəaliyyət göstərəcəklər. Dünya erməniliyinin maliyyə və geosiyasi mərkəzi Moskvadadır. Rusiyanın indiki geosiyasi qazanclarının gələcəyi V.Putinin mərkəzi Moskvada olan dünya erməniliyini neytrallaşdırmasından asılıdır. Biz Rusiya ilə birlikdə dünya erməniliyinin destruktiv fəaliyyətinin son təmsilçisinədək mübarizə aparmağa hazırıq".
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27