Nazirlə TQDK sədri toqquşa bilər
09:33 06-05-2014
CƏMİYYƏT
Nazirlə TQDK sədri toqquşa bilər
Mikayıl Cabbarov Məleykə Abbaszadənin istəyinin reallaşmasına imkan verəcəkmi?
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasında ciddi islahatlar aparılacaq. Bu haqda Dövlət Komissiyasına yaxın mənbələr bildirib.
Verilən xəbərə görə, hazırda 140 nəfərə yaxın personalı olan və yalnız bir idarədə fəaliyyət göstərən komissiya fəaliyyətini genişləndirmək haqda düşünür.
İlkin plana əsasən, komissiya Təhsil Nazirliyinin rayon şöbələri kimi hər rayonda öz şöbələrini yaratmaq niyyətindədir. Ən maraqlı məqam odur ki, komissiyanın yerli şöbələri rayonlarda inzibati binalarda deyil, orta məktəblərdə yerləşəcək.
Hətta iddia olunur ki, artıq Dövlət Komissiyasının bəzi əməkdaşlarına rayonlara gedib vəziyyətlə tanış olmaq tapşırığı verilib.
Qeyd edək ki, bu cür islahatlar aparılacaqsa, bunun üçün Dövlət Komissiyasının əsasnaməsində dəyişikliklər edilməlidir. Ancaq mənbə qeyd edir ki, bu məsələ ilə bağlı hökumətdə məsləhətləşmə aparılıb və hətta ola bilsin ki, Milli Məclisə hansısa layihədə təqdim olunsun.
O da maraqlıdır ki, bu yöndə yayılan informasiya hələlik Dövlət Komissiyası tərəfindən təkzib edilməyib. Bu isə səslənən iddiada gerçək payının çox olduğunu düşünmək üçün əsaslar verir.
Təhsil sektoruna yaxın bəzi ekspertlər isə TQDK rəhbəri Məleykə Abbaszadə belə bir istəyini açıq şəkildə dilə gətirərsə, bunun Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən müsbət qarşılanmayacağını düşünürlər. Nazir Mikayıl Cabbarov bu vəzifəyə gətirildikdən sonra onun TQDK-nın rəhbəri olduğu quruma birləşdirilməsini arzuladığına diqqət çəkən ekspertlər elə bu səbəbdən Abbaszadənin səlahiyyət artımı arzusunun reallaşmasını xeyli dərəcədə çətin hesab edirlər.
Hələ ötən ilin payızında KİV-lərdə belə iddialar yer alırdı ki, TQDK-nın Təhsil Nazirliyinə birləşdirilməsinə də ideya olaraq baxılır. Buna səbəb isə artıq hökumət daxilində TQDK - Təhsil Nazirliyi qarşıdurmalarından bezilməsi göstərilirdi.
Müşahidələr belə deməyə əsas verir ki, iki qurum arasında uzun illər əvvəldən başlanan soyuqluq keçmiş təhsil naziri Misir Mərdanovun işdən çıxarılmasından sonra da aradan qalxmayıb. Baxmayaraq ki, Mikayıl Cabbarovun təhsil naziri təyinatından sonra sözügedən nazirliklə TQDK arasında münasibətlərin normallaşacağına, narazılıqların həll ediləcəyinə və qarşılıqlı anlaşma mühitinin yaranacağına dair gözləntilər vardı. Həmin gözləntilərin doğrulmaması belə fərziyyələrin yaranmasına gətirib çıxarıb ki, adları çəkilən bu qurumların birləşdirilməsi məsələsi gündəmə gəlib.
Düzdür, bəzi ekspertlərin rəyinə görə, TQDK-nın Təhsil Nazirliyinə birləşdirilməsi ideyasının reallaşma faizi yüksək deyil. Çünki TQDK Təhsil Nazirliyinə birləşərsə, təhsilin keyfiyyətinin daha da aşağı düşəcəyi ilə bağlı narahatlıqlar var. "Nazirlik həm tələbə qəbuluna, həm də təhsilə cavabdeh olsa, onda məsuliyyət hissi azalacaq ki, bu, orta məktəblərdə tədrisin vəziyyətinin daha da pisləşməsinə səbəb olacaq" deyə düşünənlər istər hökumət içində, istərsə də cəmiyyətdə kifayət qədər çoxdur.
Ona görə də elə hesab etmək olar ki, bu variantın reallaşma şansı hələlik bir o qədər də yüksək deyil. Başqa bir varianta görə isə TQDK-ya yeni şəxsin rəhbərlik etməsi variantı gündəmə gələ bilər ki, bununla da adıçəkilən qurumla Təhsil Nazirliyi arasındakı ənənəvi münaqişələrin səngiməsi ehtimalı yüksəkdir. Amma Məleykə Abbaszadənin iqtidardaxili çevrələrdə yüksək nüfuza sahib olması onun postundan kənarlaşdırılması ehtimalının ciddiliyini azaldır.
TQDK-nın rayonlarda şöbələrinin yaradılması isə bu qurum rəhbərinin təkcə səlahiyyətlərini genişlətməyəcək,həm də onun nüfuz dairəsini böyüdəcək. Bu isə təhsil naziri Mikayıl Cabbarov üçün arzuolunmaz sayılır.
Beləliklə, hər bir halda Məleykə Abbaszadə haqqında danışılan təşəbbüsün gerçəkləşməsi istiqamətində rəsmən addımlar atmağa başlayarsa, bunun TQDK sədri ilə təhsil naziri arasında yeni mübahisə və ixtilaf mövzusu olacağı real görünür. İki qurum arasında yeni soyuqluğun, polemikanın ortaya çıxması isə artıq bezdirici dərəcəyə çatacaq bu qarşıdurmanın birdəfəlik, həm də kökündən həlli üçün başqa və kəskin addımların atılması zərurətini ortaya çıxara bilər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 12:19:21
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47