Arif Əsgərovun səlahiyyəti əlindən alındı
09:34 06-05-2014
CƏMİYYƏT
Arif Əsgərovun səlahiyyəti əlindən alındı
"Azərbaycan Dəmir Yolları"nın sədri niyə təcrid vəziyyətinə salınıb?
Nəqliyyat Nazirliyinin tabeliyində olan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərov cəmiyyətin maliyyə vəsaitləri üzərində sərəncam vermək hüququnu tamamilə itirib. Məhz bu səbəbdən də onunla bir çox iri şirkətlər arasında ciddi problemlər yaranıb.
Bu barədə verilən məlumata görə (mia.az), yanvar ayından etibarən Arif Əsgərova ən kiçik vəsaitlərin üzərində sərəncam vermək hüququ yasaqlanıb: "Artıq Arif Əsgərov hesabdan hesaba qanuni pul köçürmələrini də həyata keçirmək səlahiyyətində deyil. QSC-nin üzərində çox ciddi nəzarət var. Arif Əsgərov demək olar ki, ciddi proseslərdən təcrid edilib. Bu isə "Azərbaycan Dəmir Yolları" QSC ilə müqaviləsi olan bir sıra şirkətlər arasında çox ciddi problemlərə yol açıb".
Arif Əsgərov yalnız Ziya Məmmədovun razılığı əsasında maliyyə vəsaitlərinin köçürülməsi haqda sənədlərə imza ata bilir: "Buna görə də "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri kimi Arif Əsgərov böyük basqılarla üz-üzə qalıb. Belə ki, cəmiyyətin tenderlərində qalib gəlmiş bəzi şirkətlər üzərlərinə düşən işləri görmələrinə rəğmən, pullarını ala bilmirlər. Ziya Məmmədov həmin şirkətlərin Arif Əsgərov və yaxud QSC-nin digər rəhbər şəxsləri ilə maliyyə fırıldaqlarına yol verdiklərini iddia edərək, pullarının ödənilməsini sanksiyalaşdırıb. Əlbəttə, bu, Ziya Məmmədovun özünüqoruma insktindən də qaynaqlana bilər. Lakin fakt odur ki, əvvəllər milyonların üzərində rahatlıqla sərəncam verən Arif Əsgərov indi 40-50 min manatı sərbəst ödəmək iqtidarında deyil. Bu səbəbdən də bəzi şirkətlər məhkəmələrə də üz tutublar".
Bildirildiyinə görə, yaşanan olaylar səbəbindən Arif Əsgərovun rəhbərlik etdiyi "Azərbaycan Dəmir Yolları"nı məhkəməyə cəlb eləyən şirkətlər arasında "ATEF Şirkətlər Qrupu" MMC-nin adı da var: "Bu şirkət QSC-dən təxminən 306 min dollar vəsaitinin tutularaq hesabına ödənilməsi məqsədiylə məhkəməyə üz tutub. Mənim bildiyimə görə, MMC ilə QSC arasındakı 306 min dollarlıq məhkəmə işinə birinci instansiya məhkəməsində baxılıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsindədir".
O da bildirilir ki, dəmiryolu nəqliyyatında baş verənlər tezliklə Arif Əsgərovun vəzifəsindən azad olunacağı qənaətini gücləndirib: "Arif Əsgərov səlahiyyətsiz bir vəziyyətdə salınıb. Yəqin ki, çox qısa müddətdə onun "vurulması" rəsmiləşəcək".
Məlumatla bağlı QSC-dən münasibət öyrənmək mümkün olmayıb. Amma o məlum olub ki, "Azərbaycan Dəmir Yolları" QSC ilə "ATEF Şirkətlər Qrupu" MMC arasında həqiqətən də məhkəmə mübahisəsi var. 306 min 242 dollarlıq mübahisə hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Kəmalə Abiyevanın sədrliyi ilə araşdırılır. İş üzrə mayın 15-də növbəti proses saatı təyin edilib.
Nəqliyyat nazirinin Arif Əsgərovu təcrid vəziyyətinə salmasına səbəb nə ola bilər? Bu suala bir mənalı cavab vermək çətindir. Amma ortada müəyyən versiyalar var.
Mümkündür ki, bir müddət əvvəl adıçəkilən QSC-də ciddi korrupsiya hallarına yol verilməsi nəqliyyat nazirini belə addım atmağa məcbur edib. Həmin vaxt ölkə KİV-ləri yazırdı ki, həmin mənimsəmə faktları nazirdən xəbərsiz şəkildə həyata keçirilib, bunun üstünün açılması isə Ziya Məmmədovun qəzəblənməsinə yol açıb. Həmin vaxt hətta nəqliyyat nazirinin "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrini görəvdən ala biləcəyi də istisna olunmurdu.
Başqa bir versiya kimi isə bu yaxınlarda paytaxtda sərnişin daşıma xidmətinin nəqliyyat nazirinin nəzarətindən alınıb Bakı şəhər İcra Hakimiyyətinə verilməsindən sonra "Azərbaycan Dəmir Yolları" QSC ilə bağlı da maraqlı bir iddianın ortaya çıxmasını göstərmək olar. Həmin iddiaya görə, Arif Əsgərov rəhbərlik etdiyi qurumun Ziya Məmmədovdan asılılığını azaltmaq və struktur etibari ilə Nəqliyyat Nazirliyinə tabe olan "Azərbaycan Hava Yolları" QSC-nin özünü tamamilə müstəqil aparan sədri Cahangir Əsgərov kimi əhəmiyyətli şəkildə müstəqillik əldə etmək üçün iqtidar daxilində yeni himayədar axtarışına çıxa bilər.
İstisna deyil ki, əgər doğrudan da belə bir ehtimal varsa, nəqliyyat naziri QSC sədrini təcrid vəziyyətinə salmaqla onun belə bir istəyinin reallaşmasını önləmək istəyir.
Hər halda bütün bunlar ehtimallardır. İddiaların nə qədər doğru olub-olmadığını isə yayılan məlumatlara rəsmi şəkildə aydınlıq gətirildikdən sonra demək mümkündür.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54