Dünya güclərinin Azərbaycan marağı
09:35 06-05-2014
SİYASƏT
Dünya güclərinin Azərbaycan marağı
Dini tolerantlığın zədələnməsi siyasi kataklizmalara yol açır
Azərbaycanda dini-milli tolerantlığın mövcudluğu və hazırkı durumu ciddi dartışılmaqda və beyin mərkəzləri tərəfindən ciddi tədqiq edilməkdədir. Bunun isə başlıca səbəbi istər Şərqdə, istərsə də Avropada dini dözümsüzlüyün günbə-gün artması ciddi münaqişələrin yaranmasına yol açmaqdadır.
Ən təhlükəli məqamlardan biri isə budur ki, artıq bir sıra beynəlxalq beyin mərkəzləri, siyasi təşkilatlarda dini dəyərlərə əsaslanaraq qərarlar çıxarırlar. Məsələn, bu gün Avropa ittifaqı strateji bir təşkilat kimi qəbul olunsada, Fransa kimi dövlətlər AB-nə əslində xristian klubu kimi baxırlar və bu səbəbdən inkişafda olan və əhalisinin əksəriyyətini müsəlman təşkil edən ölkələri birlikdən uzaqda tutmağa çalışırlar. Bundan başqa bu gün Dağlıq Qarabağ problemi ilə bağlı üzləşdiyimiz ikili mövqedə bunun şahidi oluruq. Şərq dünyasına gəldikdə isə bir sıra obyektiv və subyektiv səbəblərdən radikallaşma kifayət qədər artıb və artıq bu radikallaşma dünya xəritəsinin az qala yenidən formalaşması həddinə çatıb. İstər Suriyada baş verənlər, istər Misirdə hələ də siyasi stabilliyin yaranmaması bunun əlamətidir. Və çox maraqlı məqamlardan biri də budur ki, əslində şərq dünyasında radikallığın artmasında bəzi Qərb dairələrinin maraqlı olması detallarıda müşahidə olunur. Əslinə qaldıqda isə radikal dini qruplaşmalar elə ABŞ-in bir zamanlar həyata keçirtdiyi siyasət nəticəsində ortaya çıxıb. Belə ki, Əfqanıstanda ABŞ və SSRİ üz-üzə gələndə məhz ABŞ Əl-Kaida kimi dini təşkilat yaratdı və dünyaca məhşur terrorist Bin Ladeni Mərkəzi Kəşfiyyat İdarəsi formalaşdırdı. Amma kapitalist və kommunist bucaqlarının sıradan çıxmasından sonra bu qruplaşmalar gündəmdən çıxarıldı və bu gündə nəzarətsiz qruplaşmalar kimi real təhlükəyə çevrilməkdədir. Məhz belə bir məqamda strateji mövqedə yerləşən və şərqlə qərb mədəniyyətini özündə birləşdirən Azərbaycanda dini tolerantlığın pozulması sözsüz ki, ciddi fəsadlar yarada bilər. Bunu da qeyd edək ki, sovetlər zamanına qədər Azərbaycanda əsasən İslamın sünni və şiə təriqətləri, xristianlığın isə provoslav qanadı mövcud idi. Həmçinin yəhüdilərdə öz dini inanclarını qoruyub saxlayırdılar. Amma sovetlərin süqutundan sonra onlarla xristian və İslam təriqətləri Azərbaycana axın etdilər, nəticədə düzənin pozulması əksəriyyəti narahat etməyə başladı. Bu günün özündə də real təhlükə qalmaqdadır və bir sıra təriqətlər zaman-zaman Azərbaycanı terror hədələri ilə belə hədəfə alırlar. Bundan başqa Azərbaycanın əhatə olunduğu dövlətlərin dini müstəvidə ki, maraqlarıda bəzi hallarda real təhlükələr yaradır, hansısa təriqətlərin aktivləşməsinə səbəb olur. Bu isə təkrar edirik beyin mərkəzləri tərəfindən ciddi şəkildə təhlil edilməkdədir. Gəlin müəyyən qüvvələrin Azərbaycanda güddükləri dini maraqların əhatəsinə baxaq. Bunun üçün isə sadəcə olaraq satışı, yayımı qadağa olunmuş dini kitabları nəzərdən keçirək. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, son illər respublikada təhlükəli dini cərəyanlara qarşı mütəmadi əməliyyatlar həyata keçirilib. Bu əməliyyatlar zamanı müxtəlif dini təriqətləri və cərəyanları təbliğ edən xeyli sayda dini ədəbiyyat müsadirə olunub.
Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, əməliyyatlar zamanı müsadirə olunan dini ədəbiyyatların hamısı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qadağan elan olunmuş kitablardır, həmin nəşrlərin Azərbaycana gətirilməsi də yasaqlanıb. Buna baxmayaraq, müxtəlif dini cərəyanları təbliğ edən şəxslər gizli yollarla bu kitabları ölkəyə gətirərək yayırlar.
Respublikada yayılması və istifadəsi qadağan olunmuş ən radikal və təhlükəli dini nəşrlərin siyahısı hüquq-mühafizə orqanları tərəfindən təqdim edilib.
Onlar aşağıdakılardır:
"Bağdad alimlərinin bəhsi" (müəllif: Məqafil-İbə Ətiyyə)
"Bir yəhudi fitnəsinin nəticələri"
"Doğru olanlarla birgə" (müəllif: Məhəmməd Ticani Səmavi)
"Pişəvəri gecələri" (müəllif: Seyid Məhəmməd Musəvi-Şirazi)
"Sünnilik" (müəllif: Əbdürrəhman)
"Vəhhabiliyin ayinlər" (müəllif: Cəfər Sübhani)
"Yehova müasir xalqı"
"Müqəddəs kitab – Əhdi-Ətik"
"Gözətçi gülləsi"
"Yehova Allahın padşahlığını bəyan edir"
"Risaleyi Nur"
"Vəhhabiyyət iki yol arasında" (müəllif: Şeyx Nasir Məkarin Şirazi)
"Vəhhabi Firqəsi" (müəllif: Seyid Məhəmməd Həsən Qəzvini)
"Peyğəmbərin haqq canişini kimdir?" (müəllif: Əhməd Əssədnajat)
"Qərb dinində - Aşurayadək" (müəllif: Seyid Kazım Pərpənci)
"Cəməl müharibəsi" (müəllif: Cəsar Sübhani)
"Günahın acısı" (müəllif: Haşim Rasuli)
"Zühur əsri" (müəllif: Əli Kuranu)
"Böyük dini rəhbərin həyat və fəaliyyəti"
"İlahi ədalət"
"Sülid din"
"Seyid Mürtəza Müctəhidi"
"Ali İmran"
"Bir dəstə gül"
"İmam əsgərin həyatı"
"Musa Kaziminin həyatı"
"İmam Rzanın həyatı"
"Şiə və əsassız ittihamlar" (müəllif: Seyid Sadiq Şirazi)
Bu kitabların siyahısına baxdıqda isə diqqəti cəlb edən əsas məqam bu olur ki, adı çəkilən kitablar konkret hansısa təriqətlərin təbliğinə yönəlib və oxucu auditoriyası dəqiqi hesablanıb. Məsələn, adı çəkilən kitabların bir hissəsi kiril əlifbası ilə yazılıb və yalnız Azərbaycan üçün yayımlanması nəzərdə tutulub. Bu isə o deməkdir ki, bunu yayanların məqsədi dini təbliğatla məşğul olmaq yox, süni şəkildə qarşıdurma yaratmaqdır. Ən qəribəsi isə budur ki, hətta xaricdən gətirilən bu kitabların bəziləri həmin ölkələrdə belə çap edilməyib. Çünki xüsusi institutlar tərəfindən hazırlanıb və təyinatı dağıdıcılıqdır. Bunlarla paralel olaraq son bir neçə il ərzində müşahidə olunan başqa bir məqam isə Azərbaycanla İsrail arasındakı münasibətləri laxlatmağa olan cəhdlər və Azərbaycanda yaşayan yəhüdilərin incidilməsi ilə bağlı rəylərin yaradılmasıdır. Bunun isə bir sıra ciddi səbəbləri var. İlk növbədə bunu qeyd etmək lazımdır ki, İsrail və ABŞ-dakı yəhüdi lobbisi Azərbaycana ciddi dəstək vermişdilər və hazırda da bu proses davam etdirilir. Bundan başqa Dağlıq Qarabağ problemində də İsrail Azərbaycanın maraqlarını qoruyacaq mövqe sərgiləyir və nəticədə iki ölkə arasındakı münasibətlər strateji müttəfiqlik həddinə çatmaqdadır. Elə bu səbəbdən də hazırda belə ehtimal var ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinin aktivləşdirilməsi üçün İsraildə həmsədr ölkəyə çevrilsin. Baş verən bu proseslər isə sözsüz ki, bir sıra dövlətləri, o cümlədən Ermənistan və İranı ciddi narahat edir və buna görə də Azərbaycan-İsrail münasibətlərinə zərər gətirəcək informasiya savaşı təşkil edilir. Bununla paralel olaraq İsrail-Türkiyə münasibətlərinin gərginləşməsindən də istifadə edərək Azərbaycanı da oyuna qatmağa çalışdılar. Çünki Azərbaycan İsraillə nə qədər müttəfiqdirsə, ondan bir neçə qat həddə də Türkiyə ilə sıx bağlılığı var və belə durum yaradıldı ki, Azərbaycan seçim etmək məqamı ilə üz-üzə qalsın. Amma İlham Əliyevin tutduğu mövqe daha çox barışdırıcı mövqe oldu və İran, Ermənistan kimi dövlətlərin apardığı informasiya savaşında təhlükəli duruma düşmədik. Hazırda isə istər dünyada fəaliyyət göstərən yəhüdi təşkilatları, istərsə də rəsmi İsrail Azərbaycanın tutduğu mövqeni yüksək dəyərləndirir və bildirilir ki, Azərbaycan dünyada yəhüdilərin dinc yaşadığı tək-tük ölkələrdən biridir. Elə bu açıqlamanı bir neçə gün öncə Azərbaycanda olan İsrailin xarici işlər naziri də təsdiqlədi. "Azərbaycan İsrailin yaxın dostudur və ölkəniz tolerantlığın unikal nümunəsidir.Yəhudilər Azərbaycanda uzun illərdir güvənli şəraitdə və çox rahat yaşayırlar, burada özlərini evlərindəki kimi hiss edirlər.Bu məqamı qeyd etməmək mümkün deyil".Bu barədə Azərbaycanda rəsmi səfərdə olan İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Liberman mətbuat konfransında deyib.O bildirib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir.A.Liberman Bakıda ikitərəfli münasibətlərin müzakirə olunduğunu vurğulayıb.Onun sözlərinə görə, energetika, kənd təsərrüfatı sahələri əməkdaşlıq üçün prioritet sahələrdir.Azərbaycanın İsraildə səfirliyinin açılması məsələsinə gəlincə XİN rəhbəri deyib ki, buna çox şad olardılar:"Bizim səfirliyimiz Bakıda çoxdan fəaliyyət göstərir. Azərbaycan səfirliyi olmasa da əməkdaşlığımız yüksək səviyyədədir. Ancaq Azərbaycan belə bir qərar versə, buna yalnız şad olardıq". Beləliklə gördüyünüz kimi bu gün Azərbaycandakı dini və milli tolerantlığı zədələmək üçün kifayət qədər böyük qüvvələr aktivlik göstərir və belə prosesdən yeganə çıxış yolu cəmiyyətin hazırlığıdır. Çünki Azərbaycana ixrac edilən müəyyən dini təriqətlər hələ heç bir ölkəyə əmin-amanlıq gətirməyib. Bunu da vurğulayaq ki, müasir dünyada milli və dini tolerantlığın pozulduğu cəmiyyətlərdə avtomatik olaraq siyasi gündəm də dəyişir və hazırda Ukraynada bunu müşahidə edirik.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53