"Yol hərəkəti haqqında" qanundakı hansı maddə ittiham hədəfinə çevrildi?
09:49 06-05-2014
CƏMİYYƏT
"Yol hərəkəti haqqında" qanundakı hansı maddə ittiham hədəfinə çevrildi?
Ekspert: "Həmin maddə dəyişilməlidir, ağıllarına gələni ora əlavə ediblər"
Milli Məclisin deputatı deputat Fuad Muradovun istər diplomatik nümayəndəliklərə, istərsə də böyük şirkətlərə məxsus avtomobillərin Azərbaycanın yol hərəkəti qanunlarına riayət etməməsi ilə bağlı qaldırdığı məsələ ciddi reaksiyaya səbəb olub.
Ekspert Ərşad Hüseynov modern.az-a deyib ki, qüvvədə olan Azərbaycan qanunvericiliyi heç bir güzəşt etmədən həmin insanları cəzalandırmağa imkan verir: "Yol hərəkəti haqqında" qanundakı 85-ci maddəni dəyişmək lazımdır. Ağıllarına gələni ora əlavə ediblər. O maddədə göstərilir ki, diplomatlar, deputatlar, hakimlər və digərləri toxunulmazlıq hüququna malikdir. Vəssalam. Düşünürəm ki, toxunulmazlıq hüququ mütləq deyil. Toxunulmazlıq o deməkdir ki, həmin şəxsləri adi vətəndaş kimi məsuliyyətə cəlb etmək olmaz. Bu o demək deyil ki, onlar məsuliyyətə cəlb edilməməlidir. Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik missiyalarla bağlı konvensiyalar var. Orada həmin diplomatların, ailə üzvlərinin toxunulmazlığı öz əksini tapır. Onlar Xarici İşlər Nazirliyində xüsusi qeydiyyatda olurlar. Belə insanların nəqliyyat vasitələrini duracağa aparmaq, axtarış aparmaq olmaz. Lakin qanunvericiliyə əsasən onlar qayda pozduqları halda mütləq saxlanılmalı, protokol tərtib edilməli, cərimə olunmalıdırlar. Protokol Xarici İşlər Nazirliyinə göndərilməlidir. Bu dünyanın hər yerində belədir. Həmin avtomobilləri bizim vətəndaşlar idarə edir, sürücülər bizimkilərdir. Avtomobilin şüşələrini plyonkalayıb istədiklərini edirlər, bunların qarşısını almaq lazımdır".
Fazil Mustafa da deputat həmkarının təklifini müsbət qiymətləndirib: "Hər bir vətəndaş kimi diplomat da qanuna tabe olmalıdır. Diplomat tabe olmursa, istədiyi sürətlə gedib insanları öz maşını ilə əzməlidir?
Qanunda onlara xüsusi toxunulmazlıq imtiyazı verən bir maddə yoxdur. İnzibati Xətalar Məcəlləsinə görə hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Onlara xüsusi imtiyazların tətbiqi düzgün deyil, yol hamı üçündür, hamı yol hərəkəti zamanı səhvə yol verə bilər. Bu məsələdə vətəndaşlığa yox, təhlükə prinsipinə üstünlük verilməlidir ki, bütün kateqoriyaya daxil olan insanlar təhlükəyə səbəb olacaq addımlar atmasınlar. Hər halda müsbət təklifdir".
Deputat bildirib ki, qanunda kimliyindən asılı olmayaraq hər kəsə cəza tədbiri görülməsi nəzərdə tutulur, yəni diplomatlar istisna deyil: "Bir sözlə, demək olar ki, "Yol hərəkəti haqqında" qanunda bu deyilənlər var, lakin tətbiq olunmur".
Qeyd edək ki, Milli Məclisin mayın 2-də keçirilən iclasında "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliyin müzakirəsi zamanı deputatlar bir sıra təkliflərlə çıxış ediblər.
Fuad Muradov bildirib ki, Avropa ölkələrində diplomatik rütbəsindən asılı olmayaraq yol hərəkəti qaydalarını pozan şəxslər cərimələnir. Onun fikrincə, bütün Avropa ölkələrində olan təcrübəni burada da tətbiq etməliyik.
Deputat qeyd edib ki, istənilən nəqliyyat vasitəsini idarə edən şəxs Azərbaycanın yol hərəkəti qanunlarına riayət etməlidir.
Gülşən Raufqızı
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54